Azərbaycan kosmosda dayanıqlılıq mövzusunu gündəmdə saxlayır

gundem
11 iyun 2024
12:41
Azərbaycan kosmosda dayanıqlılıq mövzusunu gündəmdə saxlayır

Azərbaycan kosmosda dayanıqlılıq mövzusunu gündəmdə saxlayır. Məqsədimiz qlobal kosmik sənayenin nailiyyətlərini qeyd etmək, eləcə də müxtəlif tərəfdaşların bu sahəyə marağını təmin edib gücləndirməkdir.

Bu sözləri Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarә Heyәtinin sәdri Saməddin Əsədov “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusunda tədbirdə deyib.

"Kosmosda “dayanıqlılıq” termini son vaxtlar kosmik sənayedə diqqət mərkəzindədir. Ümumi qəbul edilmiş tərifi olmasa da, ümumiyyətlə kosmik fəaliyyətlərin nə kosmosa, nə də Yerə mənfi təsir göstərməməsini təmin etmək üçün nəzərdə tutulmuş tədbirləri özündə əhatə edir. Biz də kosmosda dayanıqlılıq mövzusunu gündəmdə saxlayırıq. Misal üçün, peyk idarəetmə fəaliyyətlərimizi koordinasiya edir və toqquşmalardan qaçmaq yolları da daxil olmaqla, kosmik fəaliyyətlərin uzunmüddətli davamlılığı üçün çalışırıq. "Azərkosmos” həmişə kosmik sahədə əməkdaşlığı alqışlayıb. Biz regional əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik", - deyə o qeyd edib.

Kosmik Nəsil Məşvərət Şurası (SGAC) ilə əməkdaşlıqdan danışan S.Əsədov təşkilatın fəaliyyətinin Azərbaycanda Kosmik Agentliklə birgə yerli təhsil müəssisələri ilə davamlı olması üzrə işlərin aparıldığı bildirib: "Bu təşkilat bizim cəmiyyətdə kosmos sahəsində maarifləndirməni artırmağımıza, bu sahəyə marağın yaranmasına və nəticə etibarilə ölkəmizin gənclər səviyyəsində daha bir beynəlxalq müstəvidə tanınması üçün bir platformadır. Təbii ki, regionumuzda kosmosdan daha çox fayda əldə etmək üçün biz əməkdaşlıq etməli və qüvvələrimizi səfərbər etməliyik", - deyə S.Əsədov əlavə edib.

Kosmik Agentliyin sədri bildirib ki, əsas məqsəd Azərbaycanda kosmik sənaye üçün innovativ ekosistemi yaratmaq və dəstəkləmək üçün sabit sənaye və texnoloji mühit qyrmaqdır. Bu, həm özəl kosmik şirkətləri, həm regionun, həm də dünya üzrə startapların, eləcə də aparıcı kosmik şirkətlərlə birgə fəaliyyət göstərən müəssisələri ölkəmizə cəlb edəcək.