Kommersiya qurumlarının 80 faizi dövlət qeydiyyatına elektron qaydada alınıb

gundem
11 iyun 2024
13:52
Kommersiya qurumlarının 80 faizi dövlət qeydiyyatına elektron qaydada alınıb

Cari ilin yanvar-may aylarında 5230 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 4695-i (89,8 faiz) yerli investisiyalı, 535-i (10,2 faiz) xarici investisiyalı qurumlardır.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4172-si (79,8 faizi) elektron qaydada, 1058-i (20,2 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 89,3 faiz təşkil edib. Kommersiya qurumlarının 4172-si elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 3407-si “ASAN İmza”, 756-sı yeni üsul ilə (finkod + mobil nömrə) edilmiş müraciətlər əsasında qeydə alınıb.

Bu il iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37 min 240 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib.

2024-cü il iyun ayının 1-nə dövlət qeydiyyatında olan 116 min 774 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrünə nisbətən aktiv kommersiya qurumlarının sayı 10,8 faiz, xüsusi çəkisi isə 1,5 faiz artıb.