COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

gundem
9 iyul 2024
21:41
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva


Hörmətli Samir müəllim,
Hörmətli xanımlar və cənablar,

İlk olaraq bildirmək istərdim ki, insan və və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu baxımdan sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması hüquqları daim dövlətimizin diqqətində olmuş və ölkəmizin COP 29-a ev sahibliyi etməsi də insan hüquqlarına verilən dəyərin təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli məlum Sərəncamına, bununla bağlı qəbul olunmuş tədbirlər planına və zəruri məsələlərin həlli üçün tədbirlər görülməsi üzrə müvafiq tapşırıqlara uyğun olaraq, tərəfimdən təsdiqlənmiş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 2024-cü il üzrə hüquqi maarifləndirmə sahəsində Tədbirlər Planı”na Ombudsmanın COP29-la əlaqədar Təşkilat Komitəsinə üzvlüyündən irəli gələn aktual mövzulara həsr olunmuş ölkənin regionlarını əhatə edən silsilə tədbirlərin təşkili daxil edilmiş və icra olunmaqdadır (Müvəkkilin 12 fevral 2024-cü il 4 nömrəli Sərəncamı).
Bundan əlavə, Ombudsman Aparatında müvafiq İşçi Qrupu yaradılmışdır ki, bu da məhz COP29-la bağlı bir sıra aidiyyəti məsələlərin icrası məqsədinə xidmət edir (Müvəkkilin 2024-сü il 03 aprel tarixli Sərəncamı).
Qeyd edim ki, fəaliyyət çərçivəsində görülən işlər COP29 Təşkilat Komitəsinin Katibliyi ilə əlaqələndirilmiş, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı ictimaiyyətə ötürüləcək mesajlar üzrə təlimat və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tezisləri əsas götürülmüşdür.
Bildirmək istərdim ki, Ombudsmanın BMT-nin Azərbaycandakı Nümayəndəliyi birgə əməkdaşlığa dair Anlaşma sənədində digər tədbirlərlə yanaşı, “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasına dəstək istiqamətlərində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, burada “Ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə” ayrıca prioritet sahə kimi müəyyən edilmiş, ətraf mühitin mühafizəsi, ekoloji dayanıqlılığın təmini, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə keçirdiyimiz tədbirlərdə geniş yer verilmişdir.
Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və ölkə səviyyəsində geniş qeyd olunur. Ənənəvi olaraq, hər il bu əlamətdar gün ərəfəsində tərəfimdən 18 may - 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir. Bu il aylıq çərçivəsində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un təşkilindən irəli gələn mövzulara üstünlük verilməsi tövsiyə olunmaqla, təşəbbüsə qoşulan yerli və mərkəzi icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə ölkənin bütün ərazisini əhatə edən silsilə tədbirlər keçirilmişdir.
“Sağlam ətraf mühitdə yaşamaq hüququ”, “Ekoloji hüquqların qorunması və sağlam həyat tərzi”, “Ekoloji təhlükəsizlik və yaşıl dünya”, “Ətraf mühitin mühafizəsi və insan hüquqları” mövzuları tərəfimizdən keçirilən, eləcə də iştirak etdiyimiz tədbirlərdə əsas müzakirə mövzusu olub.
Eləcə də tərəfimizdən “Ətraf mühitin qorunması və insan hüquqları” şüarı altında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə, sahilyanı təmizliklə bağlı ekoloji aksiyalar keçirilib. Ekoloji aksiyalar zamanı Aparatın kollektivi ilə yanaşı, media subyektlərinin, ümumilikdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı təmin olunub.
Beynəlxalq əməkdaşlıq istiqamətində davam etdirilən fəaliyyətimiz çərçivəsində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin və ekspertlərin də iştirak etdiyi tədbir çərçivəsində digər cari məsələlərlə yanaşı, prioritet mövzu olaraq iqlim dəyişikliyi və insan hüquqları barədə müzakirələr aparılıb.
İllik olan bu iclasda çıxış edərək, sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi sahəsində milli insan hüquqları təsisatlarının rolu və ölkəmizdə keçiriləcək COP29 barədə məlumatlar diqqətə çatdırılıb, Dayanıqlı İnkişaf Məqsədləri sırasında iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı mövcud təcrübə qeyd edilib.
Səfər çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüşlərdə də COP29 barədə məlumatlar diqqətə çatdırılıb və Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
Albaniya Respublikasında keçirilən İnformasiya Komissarlarının XV Beynəlxalq Konfransında, “Ətraf mühitlə bağlı çətinliklər: dəyişən dünyada insan hüquqlarının gələcəyi, dayanıqlı həll yolları üçün axtarış” mövzusunda keçirilən İnsan Hüquqları üzrə IV Səmərqənd Forumunda, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin Mərakeşdə keçirilən 11-ci iclasında çıxışlarım zamanı qlobal iqlim problemlərinin insan hüquqlarına təsiri, bu sahədə problemlərin qarşısının alınması məqsədilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi, COP29-la bağlı görülən işlər, habelə Azərbaycanın üzləşdiyi mina problemi, torpaqlarımızın işğalı dövründə dağıdılmış infrastrukturun və ekosistemin bərpasının xeyli maliyyə vəsaiti tələb etməsi kimi məsələlər tərəfimdən diqqətə çatdırılb.
Bu kimi beynəlxalq tədbirləri ümumiləşdirərək qeyd etmək istərdim ki, iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə, xarici nümayəndə heyətləri və beynəlxalq ekspertlərlə keçirdiyimiz görüşlərdə COP29 çərçivəsində görülən işlər, ekoloji hüquqların təşviqi ilə əlaqədar məsələlər, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, formalaşmış müsbət ölkə təcrübəsi əsas diqqətə çatdırılan və müzakirə olunan mövzular olmuşdur (Müvafiq məlumatlar hər ay üzrə COP 29 Təşkilat Komitəsinin katibliyinə təqdim olunur).
Eləcə də, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarının, həmçinin iştirak etdiyimiz beynəlxalq platformaların (Asiya Ombudsmanlar Assosiasiyası, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası və s.) imkanlarından istifadə etməklə təbliğat məqsədilə COP29 tədbirlər planına və müəyyən edilmiş prioritetlərə uyğun əməkdaşlıq etməkdəyik.


İcazənizlə Ombudsman tərəfindən COP29 çərçivəsində planlaşdırılan işlər barədə də məlumat vermək istərdim:
- COP29 çərçivəsində Azərbaycan Ombudsman təsisatı tərəfindən qlobal iqlim problemlərinin insan hüquqlarının təmini baxımından yaratdığı çətinliklərlə bağlı milli və beynəlxalq səviyyədə tətbiq oluna biləcək innovativ yanaşmalar və strategiyaların müzakirə edilməsi məqsədilə 2 oktyabr 2024-cü il tarixdə "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda Ombudsmanların Bakı Beynəlxalq Forumunun keçirilməsi nəzərdə tutulmuşdur.
Bu forumda 60-dan çox xarici ölkənin ombudsman və milli insan hüquqları təsisatından nümayəndənin, habelə aidiyyəti dövlət qurumlarının, çoxsaylı vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların təmsilçiləri və bu sahə üzrə ekspertlərin iştirakı planlaşdırılır.
Eyni zamanda, forum çərçivəsində keçiriləcək panel müzakirələrdə iqlim dəyişikliyi kontekstində informasiya əldə etmək hüququnun müdafiəsi mövzusu da əhatə olunacaqdır. Bu baxımdan, beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən informasiya komissarları da dəvət edilmişdir.
- 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri ilə bağlı məlumatlılığın artırılması ilə bağlı davam etdirilən tədbirlər çərçivəsində, gənclərin bu mövzu ilə bağlı araşdırmalar apararaq öz töhfələrini verməsi, habelə onların komanda işi bacarıqlarının inkişafı üçün 4 iyun tarixində araşdırma yazıları müsabiqəsi elan olunub.
Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda elan olunan bu müsabiqə “İqlim dəyişikliyi və insan hüquqlarına gənclərin baxışı” (Youth Vision for Climate Change and Human Rights) şüarı ilə keçirilir. Gənclər tərəfindən bu müsabiqəyə böyük maraq göstərilir. Müsabiqə üçün qeydiyyatdan keçmiş komandalar üçün araşdırma-yazıların hazırlanmasına texniki dəstək verilməsi məqsədilə UNDP tərəfindən dəvət edilmiş xarici ekspertin iştirakı ilə məlumatlandırıcı təlim sessiyası da keçiriləcəkdir.
Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi işğalçılıq, terrorçuluq, o cümlədən ekoterrorizm siyasəti nəticəsində təbiətimizə, bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə vurulmuş zərərin və törədilmiş ekosid cinayətinin beynəlxalq qurumlar qarşısında növbəti dəfə qaldırılması məqsədilə xarici ölkə universitetlərinin tədqiqatçılarından ibarət tərkibdə daha bir faktaraşdırıcı missiyanın keçirilməsi və hesabatın hazırlanması planlaşdırılır.
İlin sonunda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda rəsm müsabiqəsinin, “İqlim dəyişikliyi və insan hüquqları medianın gözü ilə” mövzusunda jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Təklif olaraq isə bir məsələni vurğulamaq istərdim. Bir neçə müsbət ölkə təcrübəsini də nəzərə alaraq, ölkəmizdə COP29 çərçivəsində keçirilən qlobal tədbirlər çərçivəsində Azərbaycan Respublikasının ev sahibliyində xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını özündə birləşdirən “Yaşıl dünya naminə” Qlobal Şəbəkə adlı platformanın yaradılması təklifinə baxılmasını xahiş edirəm.
14.07.2024
10:24
Bakıda restoran yandı