Braziliya, Rusiya, Hindistan və Çin kimi dünyanın böyük dövlətləri tərəfindən 2006-cı ildə təsis edilmiş BRİC-ə sonradan Cənubi Afrika Respublikası da daxil olaraq BRİCS təşkilatı yaradıldı. Artıq təşkilatın üzvlərinin sayı 9-a çatmışdır.
Bu gün BRİCS dünyada nəhəng iqtisadi təşkilata çevrilmişdir. Təşkilata üzv dövlətlərin əhalisinin sayı təxminən 3.5 milyard nəfərdir ki, bu da dünya əhalisinin 45 faizini təşkil edir. Üzv dövlətlərin birgə iqtisadiyyatları dünya iqtisadiyyatının təxminən 28 faizi olmaqla 30 trilyon dollara yaxındır. Eləcə də dünyada istehsal edilən xam neftin 44 faizə qədəri üzv dövlətlərin payına düşür. Beynəlxalq maliyyə təşkilatlarının hesablamalarına görə yaxın 20-25 ildə təşkilatın iqtisadi gücü inkişaf etmiş ölkələri dəfələrlə üstələyəcək. Bu günə qədər 40 dan çox dövlət BRİCS-ə üzv olmaq üçün müraciət edib.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edildi.
Azərbaycanın BRİCS-ə daxil olmaq arzusu Çin dövləti tərəfindən dəstəklənib. Ümumiyyətlə, ölkəmizin BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığı yüksək səviyyədədir.
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 3.5 milyard dollar olmuşdur. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi dövlətlər arasında Rusiya birinci yerdədir. Digər dövlətlərlə də ticarət dövriyyəsi hər il artmaqdadır. Azərbaycan xarici ticarətinin 25 faizini BRİCS ölkələri ilə həyata keçirir.
Prezident cənab İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Rusiya Federasiyasının Kazan şəhərində XVI BRİCS Sammitinin "Outreach"/"BRICS +" formatının ilk plenar iclasına dəvət olunması ölkəmizə və Prezidentimizə olan böyük inam və etimadın nümunəsidir.
Tədbirdə çıxış edən ölkə başçımız Azərbaycanın beynəlxalq aləmdə mühüm bir ölkə olduğu, eyni zamanda ölkəmizin 4 il ərzində Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın böyük nüfuz qazanması barədə məlumat verdi.
Bu gün Azərbaycan qlobal dünyanın iqtisadiyyatının yüksəldilməsində mühüm rol oynayır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşir və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat-logistika infrastrukturu yaradılmışdır.
Şərqdən Qərbə,
Şimaldan Cənuba Azərbaycan üzərindən yükdaşımaların həcmi hər il artmaqdadır. Bunun sayəsində BRİCS-ə üzv olan dövlətlərin iqtisadiyyatına böyük töhfələr verilir.
Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizlə yanaşı bu təşkilatın ümumi iqtisadiyyatının artmasına müsbət təsir göstərəcək.
BRİCS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycan da hər zaman bu prinsipləri qoruyur.
XVI BRİCS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüş zamanı sülh gündəliyinin irəli aparılması, sülh sazişı, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olundu. İki ölkə xarici işlər nazirlərinə, Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə məlumat verilib.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor