BRICS : Azərbaycan üçün yeni perspektivlər
gundem 26-10-2024, 18:48







Azərbaycanın Respublikası müstəqilliyini yenidən qazandıqdan sonra beynəlxalq arenada sabitlik, əməkdaşlıq, çoxtərəflilik prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməyə başlamışdır. Ölkəmiz beynəlxalq sammitlərdə fəal iştirak edərək regional sülhün qorunması və iqtisadi tərəqqinin təmin edilməsi istiqamətində önəmli işlərə imza atır. Respublikamızın 2019 – 2023 – cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi və digər qlobal forumlarda aktiv iştirakı, onun beynəlxalq arenada etibarlı tərəfdaş və sülhsevər dövlət kimi tanınmasına səbəb olub. Azərbaycan enerji təhlükəsizliyi, multikulturalizm və humanitar əməkdaşlıq sahələrində də dünya ölkələri ilə genişmiqyaslı əlaqələr quraraq nüfuzunu gücləndirir.



24 oktyabr 2024-cü ildə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti qlobal səviyyədə əhəmiyyətli hadisə olaraq diqqət mərkəzindədir. BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) qrupunun “Outreach” və “BRICS+” formatları vasitəsilə genişlənməsi, inkişaf etməkdə olan və iqtisadi baxımdan böyük potensiala malik ölkələr arasında yeni əməkdaşlıq imkanlarını təmin edir. Azərbaycanın bu mötəbər tədbirdə iştirak etməsi və Prezident İlham Əliyevin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı ölkəmizin beynəlxalq aləmdəki fəallığını və yeni iqtisadi tərəfdaşlıq imkanlarını önə çıxarır.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın BRICS ölkələri ilə iqtisadi və strateji əməkdaşlığını inkişaf etdirmək səylərini, qlobal problemlərin həllində daha aktiv rol oynamağa hazır olduğunu nümayiş etdirdi.

Dövlət başçısı çıxışına, Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini əsas tutaraq siyasət yeritdiyini iştirakçılara xatırladaraq başlayıb.


2019-2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəflilik xüsusilə ön plana çıxmış və bu prinsip ölkəmizin xarici siyasətində aydın şəkildə təcəssüm olunmuşdur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkənin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, təşkilatın institusional inkişafına da ciddi töhfələr vermişdir. Hərəkatın fəaliyyətindəki yeniliklər və müasir tələblərə uyğunlaşması Azərbaycanın dördillik sədrliyi dövründə daha da inkişaf etmişdir. Eyni zamanda, regional problemlərin həlli üçün təsirli mexanizmlərin hazırlanmasında Azərbaycanın rolu böyük olmuşdur. Bütün bu uğurlu təcrübə bu gün ölkəmizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində fəaliyyətinə kömək edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal nəqliyyat marşrutlarında oynadığı rolu da vurğuladı. Azərbaycanın coğrafi mövqeyi və infrastruktur potensialı ölkənin Avrasiya bölgəsində əsas tranzit və logistika mərkəzinə çevrilməsinə ideal şərait yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəni beynəlxalq ticarət yollarının kəsişmə nöqtəsinə çevirib. Bu nəqliyyat dəhlizləri ölkəmizin strateji əhəmiyyətini daha da artırır. 2014 – cü ildə yaradılan Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya arasında ticarət əlaqələrinin inkişafını təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirir. Şimal-Cənub dəhlizi isə Azərbaycanın Rusiya və İranla nəqliyyat və iqtisadi əlaqələrini daha da möhkəmləndirir, bu da regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Dövlət başçısı çıxışında gələn ay Azərbaycanda keçirilməsi planlaşdırılan COP29 Beynəlxalq İqlim Dəyişikliyi Konfransından da bəhs etmişdir. 200 - ə yaxın ölkənin COP29 – un Azərbaycandan keçiriməsinə dair yekdil qərarı ölkəmizin qlobal problemlərin həllində apardığı uğurlu siyasətinin və beynəlxalq aləmdə ekoloji mövzularda aktiv iştirakının məntiqi nəticəsidir.

Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verən Azərbaycan eyni zamanda beynəlxalq hüququn qorunması, bir – birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət kimi önəmli prinsipləri yüksək səviyyədə dəstəkləyir. Ölkəmizin bu mövqeyi, Azərbaycanı dünyada daha sülhsevər bir mühitin qurulmasında önəmli bir tərəfdaş kimi tanıdır.

Oktyabrın 24-də 22 dövlət başçısının iştirak etdiyi XVI BRICS sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də baş tutmuşdu. Görüş zamanı sülh gündəliyi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər müzakirə olunmuş, ikitərəfli danışıqların davam etdirilməsi üçün hər iki ölkənin xarici işlər nazirlərinə göstərişlər verilmişdir.

Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı, Azərbaycanın beynəlxalq səviyyədə öz mövqeyini daha da gücləndirmək və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığını genişləndirmək istiqamətində əhəmiyyətli addım oldu. Cənab İlham Əliyevin bu mühüm tədbirdə iştirakı, Azərbaycanın BRICS+ formatında fəaliyyətinin regional və qlobal sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığının göstəricisidir. Belə mühüm tədbirlərdə Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması, ölkəmizin xarici siyasətində yeni bir istiqamətin başlanğıcını ifadə edir və daha geniş əməkdaşlıq perspektivləri yaradır.


Ziyafət Əsgərov

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.