AMEA: Humanitaryönümlü müəssisələr tərəfindən 13 mühüm elmi nəticə əldə edilib
gundem 26-12-2024, 18:20

Bu il AMEA Humanitar Elmlər Bölməsinin (HEB) elmi müəssisələri tərəfindən 9 beynəlxalq, 12 respublika əhəmiyyətli elmi konfrans, 100-ə yaxın tədbir keçirilib. HEB-in nəzdində fəaliyyət göstərən elmi müəssisələr tərəfindən 13 mühüm elmi nəticə əldə edilib.

Bu barədə Humanitar Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinin 2024-cü ilin yekunlarına həsr olunmuş ümumi yığıncağında məlumat verilib.

Qeyd olunub ki, HEB-in elmi müəssisələrində 6 istiqamət üzrə 34 problem, 71 mövzu, 438 iş üzrə elmi-tədqiqat işləri aparılıb, 11 problem üzrə 314 iş tam icra olunub.

Humanitaryönümlü elmi-tədqiqat müəssisələrinin alimləri 136 kitab (7-si xaricdə), 58 monoqrafiya (8-i xaricdə), 1784 məqalə (431-i xaricdə) və 253 tezis (154-ü xaricdə) nəşr etdiriblər. “Web of Science” və “Scopus” bazalarında əməkdaşların 20 məqaləsi (Ədəbiyyat İnstitutu 18, Əlyazmalar İnstitutu 1, Memarlıq və İncəsənət İnstitutu 1) işıq üzü görüb.

HEB-in elmi müəssisələrində 68 fəlsəfə doktoru və 20 elmlər doktoru hazırlığı üzrə təhsil həyata keçirilib. 36 fəlsəfə, 11 elmlər doktoru hazırlığı üzrə dissertasiya işi müdafiə edilib.