Bahalaşmanın günahkarı: rəsmilər xaricə işarə edir, qeyri-rəsmilər daxilə - NƏ BAŞ VERİR?

iqtisadiyyat
27 yan 2022
09:04
Bahalaşmanın günahkarı: rəsmilər xaricə işarə edir, qeyri-rəsmilər daxilə - NƏ BAŞ VERİR?

Yanvarın 18-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Orada qiymət artımı ilə mübarizə tədbirləri və digər məsələlər müzakirə olunub.

Əsədov çıxışında ötən ildə də sosial-iqtisadi inkişaf meyllərinin davam etdirildiyini və pandemiyanın respublika iqtisadiyyatına mənfi təsirinin minimuma endirildiyini deyib. İclasda qlobal qiymət artımına səbəb olan amillər, o cümlədən iqlim dəyişikliyi, tələb-təklif balansının pozulması, nəqliyyat və logistika xərclərinin artması və enerji daşıyıcılarının qiymətinin qalxması sadalanıb.

Hökumət inflyasiyanın səbəbi kimi bir daha qlobal qiymət meyllərini göstərib. Rəy belədir: dünyada ərzaq məhsullarının qiymətinin artması nəticəsində Azərbaycanın əsas ticarət tərəfdaşları da daxil olmaqla, əksər ölkələrdə inflyasiya təzyiqi artıb. Bu, əsasən idxal olunan məhsulların qiymətinin bahalaşdığı Azərbaycanda da özünü göstərib.

Maraqlıdır ki, bu fonda Mərkəzi Bankın məlumatına görə, ötən il orta illik inflyasiya cəmi 6,7 faiz təşkil edib. Göstərici tənzimləyicinin hədəf diapazonundan kənara çıxsa da, olduqca az görünür.

Bununla belə, Azərbaycan Təhlil və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı da bir neçə gün əvvəl idxal edilən qiymət artımının mahiyyətini şərh edib: “Biz inflyasiyanı idxal etmişik, yəni yaşadığımız idxal olunan malların qiymətlərinin artması və Azərbaycana xeyli valyuta axını nəticəsində yaranan inflyasiyadır. Azərbaycanın ticarət dövriyyəsinin müsbət saldosu milli valyutanın sabitliyini dəstəkləyir. Qiymət artımının qarşısının alınması dünya iqtisadiyyatının, eləcə də Azərbaycanın aktual vəzifələrindən biridir”.

Hökumətin məlumatına görə, ötən il Azərbaycanda inflyasiyanın təxminən 60%-i ərzaq məhsullarının bahalaşması hesabına formalaşıb. O da bildirilir ki, son bir ildə 2,1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları və ümumilikdə ərzaq məhsulları idxal edilib ki, bu da bütün idxalın 18%-ni təşkil edir.

Müstəqil iqtisadçılar isə inflyasiyanın səbəbləri ilə bağlı fərqli fikirdədirlər. İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində, qlobal qiymət artımının əhəmiyyətini azaltmadan deyib ki, qaz, işıq, su və yanacaq üçün dövlət tariflərinin bahalaşması qiymətləri artırıb: “Bundan başqa, ölkədə dövlət tərəfindən tənzimlənən rüsumlar qalxıb ki, bu da qiymətlərin artmasına səbəb olur. İstehlakçı inflyasiyası ikirəqəmli həddə çatıb və Mərkəzi Bankın müəyyən etdiyi plankadan bir neçə dəfə yüksəkdir”.

Öz növbəsində iqtisadçı ekspert Nemət Əliyev də AYNA-ya ölkədəki bahalaşmanın təkcə xarici amillərlə bağlı olmadığını bildirib: “Mənə maraqlıdır: belə olan halda bizim qeyri-neft ixracımız niyə ötən il cəmi 7,7% bahalaşıb? Hökumət rəsmilərinin dediyinə görə, xarici bazarlarda ərzaq inflyasiyası daha da ağır olub. Bu məntiqlə ixracatçılarımız da məhsullarını 30-40% baha satmalı idilər, amma nədənsə bu, baş vermədi”.

“Bu, o deməkdirmi ki, ixrac qiymətləri düzgün hesablanmır? Bundan əlavə, gömrükdə idxalın qiymətinin 21% bahalaşmasının xarici bazarlarda gedən proseslərlə bağlı olduğu bildirilir. Belə olan halda izah etmək lazım gələcək ki, niyə bizim mallar bundan dəfələrlə ucuz ixrac olunur?”, - deyə mütəxəssis sual edib.

Bunun üçün xüsusi yaradılmış işçi komissiyasının ona işlənib hazırlanması həvalə edilmiş “İnflyasiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” tədbirlər planına gəlincə, N.Əliyevi əvvəllər qeyd olunan istiqamətdə işlərin niyə aparılmadığı sualı da maraqlandırır: “Axı, 7-8 il əvvəl hökumət buğda ilə özümüzü təmin etməyi yüz faizə çatdırmaq planlarını açıqlamışdı”.

Amma iqtisadçı ekspert Eldəniz Əmirov əmindir ki, dövlət tədbirləri süni qiymət artımının qarşısının alınmasına yönəlib. “Son on ildə dünya bazarlarında pik qiymət tendensiyaları müşahidə olunur və bu, vəziyyətdən istifadə edərək öz qiymətlərini əvvəlkindən də yuxarı, hətta inflaysiyaya görə formalaşan qiymətlərdən də yuxarı qaldıran biznesə əlavə imkanlar yaradır”, - deyə o, AYNA-ya şərhində söyləyib.

Əlavə edib ki, idxaldan asılı olduğumuz üçün idxal rüsumlarının aşağı salınması və inzibati tədbirlərlə süni qiymət artımının qarşısının alınması məqsədəuyğun olardı.

AYNA