Türkiyənin nəqliyyat naziri: BTQ dəmir yolu xətti bütün region üçün əhəmiyyətlidir

siyaset
25 may 2024
15:05
Türkiyənin nəqliyyat naziri: BTQ dəmir yolu xətti bütün region üçün əhəmiyyətlidir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə bu günə qədər 1 milyon 470 min ton yük daşınması bu nəqliyyat arteriyasının bütün region üçün əhəmiyyətini vurğulayır.

Bunu şənbə günü, mayın 25-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu BTQ dəmir yolunun modernləşdirilməsindən sonra qatarların hərəkətinin bərpasına münasibət bildirərkən deyib.

Türkiyəli nazirin sözlərinə görə, Azərbaycandan xammal daşıyan ilk qatar 2023-cü ilin may ayından etibarən artıq Türkiyənin Qars şəhərinə gəlib və Adanaya yola salınır.

Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri xatırladıb ki, “Dəmir İpək Yolu” da adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun 757 kilometrlik hissəsinin 79 kilometri Türkiyə ərazisinin payına düşür. “Bu magistral həm də Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və daha sonra Çinə malların çatdırılması üçün istifadə olunur”, - deyə türkiyəli nazir bildirib.

Uraloğlu xatırladıb ki, ötən il Türkiyədə təbii fəlakət zonasının sakinləri üçün 50 min çadır olan 200 konteyner BTQ vasitəsilə ölkəyə gətirilib. “Bu marşrut keçən ilin fevral ayında baş verən zəlzələlərdən sonra bizə böyük fayda verib”, - deyə nazir bildirib.

Nazir Türkiyə hökumətinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı planlarını da açıqlayıb. O qeyd edib: “Ortamüddətli perspektivdə bu marşrut üzrə ildə 200 qatarın, uzunmüddətli perspektivdə isə hər il 1500 qatarın hərəkəti planlaşdırılır. Eyni zamanda, Türkiyə ilə Çin arasında malların çatdırılma müddəti 10 günə endiriləcək”.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Zəngəzur dəhlizinin əhəmiyyətini də vurğulayıb. O deyib: “Həm avtomobil, həm də dəmir yolu ilə birləşdiriləcək Zəngəzur dəhlizi Orta Dəhlizin səmərəliliyini artıracaq ki, bu da London və Pekin arasında yükdaşımalarına müsbət təsir göstərəcək. Nəticədə, Türkiyənin özünün geosiyasi çəkisi artacaq”.