Kanada parlamentində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram tədbiri təşkil olunub

siyaset
27 may 2024
14:36
Kanada parlamentində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram tədbiri təşkil olunub

Azərbaycanın Müstəqillik Günü münasibətilə Ottavada Kanada parlamentində “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbinin təsisçisi Nigar Əliyevanın birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə tanınmış tenor, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Həsən Enaminin ifasında Azərbaycan və Kanadanın Dövlət himnləri səsləndikdən sonra “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri və Torontodakı Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova çıxış edib. O, qonaqlara və tədbirin ərsəyə gəlməsində xüsusi rola malik olan Kanada parlamentinin deputatı Çandra Aryaya təşəkkürünü bildirib.

Çandra Arya Azərbaycan icmasının Kanadanın ictimai və mədəni həyatındakı fəallığının artdığını və bundan məmnunluğunu ifadə edib. Ötən il Azərbaycanda səfərdə olan Çandra Arya çıxışında diqqəti ölkəmizdə dini tolerantlığın və multikultural dəyərlərin yüksək səviyyədə olduğuna yönəldib. Azərbaycanın müstəqillik tarixini xatırlayaraq, Şərqdə, müsəlman dünyasında ilk demokratik dövlətin yaradılmasını və qadınlara verilən hüquqları qeyd edib.

Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova respublikamızın müstəqillik tarixinə nəzər salıb və diqqəti müasir Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olaraq dünyəvi bir dövlət kimi inkişafına, multikultural dəyərlərə, beynəlxalq hüquqa önəm verməsinə yönəldib.

Tədbirdə Kanada Azərbaycan Evində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin və rəqs qrupunun rəhbəri Orxan İslamovun təqdimatında “Dağlar gözəli”, “Ey əziz anam, Azərbaycan” rəqsləri, məktəbin nağara qrupunun rəhbəri Cəmhur Hüseynov və şagirdlərin ifasında Azərbaycan ritmləri, eləcə də Həsən Enaminin ifasında vətənpərvərlik və xalq mahnıları təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən guşə də maraqla qarşılanıb.

Qeyd edək ki, Toronto Azərbaycan Evi ötən il aprelin 3-dən fəaliyyət göstərir.