sosial

Bu qurumlarda çalışanlar avtobusda ödənişdən boyun qaçırır

Bu qurumlarda çalışanlar avtobusda ödənişdən boyun qaçırır


Bakıda ictimai nəqliyyatda gediş haqqı 30 qəpikdən başlayaraq hesablanır. Şəhər və qəsəbələrarası marşrut xətlərində isə bu qiymət artan tariflə dəyişir. Hazırda Azərbaycanda ictimai nəqliyyatdan istifadədə gediş haqqı digər ölkələrlə müqayisədə kəskin aşağı olsa da, bu sahədə güzəştli kateqoriya müəyyən edilməyib. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən Azərbaycanda yalnız aşağıdakı kateqoriyaya daxil olan şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüquqları var: 5 yaşa qədər uşaqlar, həqiqi hərbi xidmət keçən qulluqçular - yəni, əsgərlər və xidməti vəzifəsini yerinə yetirən polislər.

Lakin bir çox hallarda bu kateqoriyalara aid olmayan insanlar da ictimai nəqliyyatdan pulsuz istifadə etməli olduqlarını bildirirlər. Bəzən bu hallar avtobusların lazımsız gecikməsinə, sürücü ilə münaqişələrə də səbəb olur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Qafqazinfo”ya bildirib ki, dövlət qurumlarında çalışan bir sıra insanların ictimai nəqliyyatdan istifadə edərkən ödənişdən boyun qaçırması hallarına tez-tez rast gəlinir: “Daşıyıcı şirkətlərdən dəfələrlə bildirilib ki, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumların baş idarələrində və alt idarələrində çalışan bəzi şəxslər avtobuslardan istifadə edərkən gediş haqqı ödəmirlər. Bununla bağlı çoxsaylı videogörüntülər də var. Bütün əhali kateqoriyalarına mənsub olan şəxslər gediş haqqını ödəyib ictimai nəqliyyatdan istifadə edirsə, nə üçün nazirliklərdə işləyən, rütbə daşıyan, dövlət tərəfindən hər bir təminatı olanlar bu 30 qəpiyi ödəməməlidir?”

E.Muradlı əlavə edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai nəqliyyatda güzəştli kateqoriyalıinsanların dairəsini genişlətmək mümkündür: “Sosial həssas kəsimə aid olan insanlar, xüsusilə tələbələr, pensiyaçılar nəzərə alınmalıdır, bilet sisteminə keçmək lazımdır. Amma bunun üçün əvvəlcə doğru-dürüst ictimai nəqliyyat sistemi yaratmaq lazımdır. Təəssüf ki, 7-8 ildir yaradılan, böyük ümidlər bəslənən Bakı Nəqliyyat Agentliyi bu illər ərzində buna nail ola bilmədi. Bakı şəhərinin yarısı hələ də gediş haqqını qəpiklə əlbəəl ödəyir. Bu biabırçılıqdır. Hələ BNA-nın balansında olarkən “Bakubus” üçün alınan ən müasir tələblərə cavab verən yüzlərlə Fransa istehsalı avtobusların məhv edilməsini demirəm. Sərnişinlərə güzəştlər edilərkən nəzərə alınmalıdır ki, ictimai nəqliyyatın böyük hissəsini özəl sektor öz üzərinə götürüb və onlara dövlət tərəfindən dəstək verilmir”.

Qeyd edilən məsələ ilə bağlı “Bakubus” MMC-dən bildirilib ki, ictimai nəqliyyatdan yalnız qanunla güzəşt nəzərdə tutulmuş şəxslərin ödəniş etmədən istifadəsinə icazə verilir. Digər şəxslərin isə ödəniş etməsi mütləqdir.

İri daşıyıcılardan olan “Xaliq Faiqoğlu” şirkətindən isə bildirilib ki, avtobuslardan ödənişsiz istifadə etmək istəyən şəxslərlə hər gün qarşılaşırlar: “Xüsusilə xidməti formada olan bəzi insanlar güzəştli kateqoriyaya mənsub olduğunu düşünərək 30 qəpik gediş haqqını ödəməkdən yayınmağa çalışırlar. Biz onlara güzəştli kateqoriyaya daxil olmadıqlarını, yalnız 5 yaşadək uşaqların, əsgərlərin və polis əməkdaşlarının qanunla müəyyən edilmiş formada avtobusa ödəniş etmədən daxil ola biləcəklərini bildiririk. Hətta yüksək xidməti rütbəsi olan şəxslərin də kartla gediş haqqını ödəmədən avtobusa daxil olduğunu, bəzən arxa qapıdan nəqliyyat vasitəsinə daxil olaraq digər sərnişinlər üçün neqativ nümunə olduqlarını görürük”.
15:23 | 12.08.2022
60