Bakı–Tbilisi istiqamətində səfər etmək istəyən sərnişinlərin qarşılaşdığı problemlər gündəmdən düşmür. Bakı ilə Tbilisi arasında gediş-gəliş etmək istəyən insanlar üçün dəmir yolu nəqliyyatı xeyli müddətdir ki, alternativlərdən biri hesab olunsa da, ölkəmizin xaricə tək quru xəttinin olduğunu, digər ölkələrə quru yolla keçidin də yalnız bu yolla baş tutduğunu, 100 minlərlə soydaşımızın Gürcüstan Respublikası ərazisində yaşadığını, çoxsaylı təhsil və iş adamların olduğunu nəzərə alsaq, xüsusilə hər hansı səbəbdən qəfil və təxirəsalınmaz işi olan sərnişinlər üçün bilet tapmaq heç də asan deyil. Qatara bilet tapmaq çətindir, təyyarə biletlərinin qiymətləri isə bir çox sərnişin üçün əlçatmaz həddə çatıb. Belə olan halda, sadə bir sual ortaya çıxır: Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır, bəs sərnişin neyləsin?
Bir çox sərnişin qatarı həm rahatlığına, həm də qiymət baxımından daha münasib ola biləcəyinə görə seçir. Lakin biletlərin əlçatan olmaması bu seçimdən istifadəni çətinləşdirir. Sərnişin günlərlə bilet axtarır, satış sistemini yoxlayır, amma istədiyi tarixə bilet tapa bilmir.
Xüsusilə bayramlar və ardıcıl istirahət günləri ərəfəsində bu problem daha da aktuallaşır. İnsanlar səfərlərini əvvəlcədən planlaşdırmaq, ailələri ilə birlikdə istirahət etmək və ya şəxsi işlərini həll etmək istəyirlər. Bu bir tərəfə, təhsil, iş və digər məsələlərlə bağlı səfəri mütləq olan sərnişinlərin, təbii ki, səyahətləri təxirəsalınmaz ola bilər. Ancaq nəqliyyat məsələsi bütün bu planların qarşısında ciddi maneəyə çevrilir. Ya bilet tapılmır, ya da gediş bileti var, dönüş yoxdur. Bəs getmək məcburiyyəti olan, ailəsinə, xəstəsinə, xeyir-şərinə qatılmaq tələbatı olanların geri qayıtmaq zərurəti niyə nəzərə alınmır? Adi günlərdə Tbilisiyə getmək üçün qatara 85-100 manata bilet tapan sərnişin dönüşdə baqajsız 293, baqajla 350 manatdan aşağı təyyarə biletini ala bilməyəndə necə qayıtmalıdır? Maraqlıdır ki, Gürcüstana ən yaxın hava limanı olan Trabzondan da təyyarə biletlərinin qiyməti 350-500 manat, bəzən hətta daha artıq həcmdə müəyyənləşdirilir. Nəzərə alsaq ki, sadə Azərbaycan vətəndaşının orta aylıq əmək haqqı ilə müqayisədə bir səfər üçün yalnız yola (qatar və təyyarədən sonrakı taksi xərclərini nəzərə almadan) xərclədiyi vəsait 500 manatı (gediş qatarla, dönüş təyyarə ilə) keçirsə, əlavə gəlir yeri olmayan vətəndaş ay ərzində digər zəruri tələbatlarını necə ödəməlidir? Təbii ki, çoxsaylı bank kreditləri, borclar yarandıqca ailələrin sosial rifahı və ailədaxili münasibətləri də korlanır.
Məsələnin diqqətçəkən tərəflərindən biri də 8–9 noyabr tarixlərində Bakı–Tbilisi istiqamətində qatar biletlərinin qiymətlərinin təyyarə bileti qiymətinə yaxınlaşmasıdır. Belə ki, rəsmi ADY saytından da göründüyü kimi, bayram günlərində qatar biletlərinin qiyməti 250 manata qalxır. Bu zaman ortaya sual çıxır: qatar biletlərini satmaqda məqsəd sərnişinlərə xidmət göstərməkdir, yoxsa daha çox qazanc əldə etmək? Belə olduğu halda qatar bileti ilə təyyarə bileti arasında qiymət fərqi haradadır? Halbuki sərnişinlərin xeyli qismi məhz daha münasib qiymətə səyahət etmək üçün qatar nəqliyyatına üstünlük verir.
Əgər qatar bileti tapılmırsa, təyyarə bileti isə cəmi bir saatlıq yol üçün üçqat uzaq məsafələrin bilet qiymətindən yüksək qiymətə təklif olunursa, sərnişin hansı alternativdən istifadə etməlidir? İnsanlar səfər etmək üçün büdcələrini də nəzərə almağa məcburdurlar. Təyyarə ilə səyahət hər kəsin cibinə uyğun olmadığı kimi, qiymət baxımından münasib hesab edilən nəqliyyat vasitəsinə bilet tapılmaması da insanları çıxılmaz vəziyyətdə qoyur.
Burada əsas məsələ yalnız biletlərin qiyməti deyil. Söhbət həm də sərnişinlərin nəqliyyat xidmətlərindən vaxtında, rahat və əlçatan şəkildə istifadə edə bilməməsindən gedir. Nəqliyyat vasitələri arasında seçim imkanı formal olaraq mövcud olsa da, həmin seçimlərdən real istifadə etmək mümkün deyilsə, sərnişinlərin üzləşdiyi çətinliklər daha da artır. Maraqlıdır, niyə kassalarda və onlayn sistemdə tapılmayan biletlər xalq dili ilə desək, "qara bazar"da kimlərinsə əlində baha qiymətə satılır? Siyasi cəhətdən sabit, iqtisadi baxımdan inkişaf etmiş ölkəmizdə süni narazılıq yaratmaq istəyənlər kimlərdir axı?
Sərnişin tələbatı əvvəlcədən nəzərə alınmamalıdırmı?
Noyabrın 8–9-u və bu kimi xüsusi tarixlərdə səfərlərə tələbatın artması gözlənilən haldır. İnsanlar istirahət
günlərindən istifadə edərək qonşu ölkələrdən Vətəninə səfər etmək, ikitərəfli şəkildə ailə üzvlərini ziyarət etmək və ya turistik gəzintiyə çıxmaq istəyirlər. Bu baxımdan, sərnişin axınının əvvəlcədən qiymətləndirilməsi və mövcud imkanların tələbatla uzlaşdırılması vacibdir.
Əlbəttə, biletlərin mövcudluğu qatarların hərəkət cədvəli, vaqonların sayı, texniki imkanlar və digər amillərlə bağlı ola bilər. Lakin sərnişin üçün bunlardan daha vacib olan məsələ konkret səfər tarixinə bilet əldə edə bilməkdir.
Deyilə bilər ki, qatarlara əlavə vaqonlar qoşulub. Lakin ortada olan vəziyyət bunların kifayət etmədiyini, başqa təxirəsalınmaz tədbirlərin görülməsinin qaçılmaz olduğunu göstərir. Əgər müəyyən tarixlərdə biletlər qısa müddətdə tükənirsə, sərnişinlərin tələbatının hansı səviyyədə olduğu araşdırılmalı, əlavə reyslərin və ya vaqonların təşkili imkanlarına baxılmalıdır. Bunun mümkün olmadığı hallarda isə biletlərin satış qaydaları, mövcud yerlərin sayı və satışa çıxarılma vaxtı barədə aydın məlumat verilməsi məqsədəuyğundur.
Sərnişin bilet tapa bilmədikdə bunun səbəbini bilməlidir. Biletlər satışa nə vaxt çıxarılır? Bütün yerlər qısa müddətdə satılır, yoxsa müəyyən məhdudiyyətlər mövcuddur? Tələbat artdıqda əlavə nəqliyyat imkanlarından istifadə etmək mümkündürmü? Bu sualların cavablandırılması həm sərnişinlərə kömək edər, həm də mövzu ətrafında yaranan narazılıqların aradan qaldırılmasına şərait yaradar.
Nəticədə, problem təkcə bahalı təyyarə biletlərindən ibarət deyil. Məsələ həm də münasib alternativlərin nə dərəcədə əlçatan olmasıdır. Sərnişinlərin müxtəlif qiymət kateqoriyalarına uyğun nəqliyyat vasitələri arasında seçim edə bilməsi vacibdir.
Burada təyyarə biletlərinin qiymətinin hansı səbəblərdən yüksəldiyini də ayrıca araşdırmaq lazımdır. Qiymətlərə mövsümi tələbat, uçuş yerlərinin sayı, biletlərin nə qədər əvvəl alınması və digər amillər təsir edə bilər. Buna görə də konkret tarixlər üzrə qiymətlərin formalaşma səbəbləri barədə məlumat əldə etmək əhəmiyyətlidir.
Təbii ki, aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməlidir.
Ortaya çıxan bir çox suallar cavablandırılmalıdır: Bəs qatar biletlərinin əlçatanlığını artırmaq üçün hansı tədbirlər görülə bilər? Sərnişin tələbatı yüksək olan tarixlərdə əlavə reyslərin təşkili mümkündürmü? Bilet satışı ilə bağlı sərnişinlərə daha ətraflı məlumat verilməsi nəzərdə tutulurmu?
Bu sualların cavablandırılması üçün aidiyyəti qurumların məsələyə münasibət bildirməsi vacibdir. Xüsusilə Azərbaycan Dəmir Yollarının sərnişin tələbatı, biletlərin satışa çıxarılması və mümkün əlavə reyslər barədə açıqlaması sərnişinlər üçün faydalı olardı.
Məqsəd yalnız narazılıqları bildirmək deyil, mövcud problemin səbəblərini müəyyənləşdirmək və mümkün həll yollarını müzakirəyə çıxarmaqdır. Çünki nəqliyyat xidmətinin keyfiyyəti yalnız qatarın və ya təyyarənin vaxtında hərəkət etməsi ilə ölçülmür. Sərnişinin münasib qiymətə bilet əldə edə bilməsi və səfərini əvvəlcədən planlaşdırması da xidmətin mühüm hissəsidir.
Nəzərə alsaq ki, Bakı–Tbilisi marşrutu iki ölkə arasında gediş-gəliş baxımından əhəmiyyətli istiqamətlərdən biridir, bu səbəbdən sərnişinlərin qarşılaşdığı çətinliklərin araşdırılması və nəqliyyat imkanlarının tələbatla uyğunlaşdırılması həm vətəndaşlar, həm də turizm və səfər imkanları baxımından əhəmiyyət daşıyır.
Vətəndaşın tələbi nə qeyri-adidir, nə də əsassız: o, sadəcə səfərini planlaşdırmaq, münasib qiymətə bilet almaq və rahat şəkildə mənzil başına çatmaq istəyir.
Aidiyyəti qurumların bu məsələyə aydınlıq gətirməsi, sərnişin tələbatının nəzərə alınması və biletlərin əlçatanlığının artırılması istiqamətində mümkün tədbirlərin müzakirəsi vacibdir.
Çünki sərnişin üçün nəqliyyat seçimi yalnız kağız üzərində mövcud olmamalıdır. Həmin seçimdən real istifadə etmək də mümkün olmalıdır. Qatar bileti tapılmırsa, təyyarə bileti isə əl yandırırsa, bu sual cavabsız qalır: bəs sərnişin neyləsin?
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti,
ATXQ İctimai Birliyinin həmsədri,
ATA TV-nin direktoru