ARDI VAR...
Adı və imzası mətbuatda çoxdan tanınsa da onu puplisistik yazılarının yer aldığı kitablarını oxuyarkən kəşf elədim. İndi unudulmaqda olan bir sıra jurnalistika janrlarında yazmağı və yaratmağı sevən 75 yaşlı müəlliflə üç ay öncə görüşməyi vədələşsək də, görüş bir payız gününə təsadüf etdi. Vəd edilən vaxtda və həmişəki səliqəsində doğma rayonun doğma “Arvan”ında “525-ci” qəzet üçün nəzərdə tutulan müsahibə baş tutdu.
Müsahibimiz tanınmış yazıçı- puplisist, jurnalist, “Ədalət” qəzeti baş redaktorunun regionlar üzrə müavini Məzahir Əhmədoğludur. Dostluqda etibarlı , insan sərrafı, peşəsini sevən və onu ən azı yazılarında qoruyan Məzahir Əhmədoğlu əlli ilə yaxındır ki, Azərbaycan mətbuatında çalışır. Yazıları ilə səmimi oxucu rəğbəti qazanan yazıçı- jurnalist bir neçə puplisitik kitab müəllifidir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.
- Məzahir müəllim, mətbuatda 50 il az müddət deyil.Hazırda gününüz, səhhətiniz necə keçir, səhhətiniz necədir, jurnalist fəaliyyətinizi davam etdirirsinizmi?
- Əlli ilə yaxındır ki, mətbuatdayam. Jurnalistika fakültəsini bitirdikdən sonra Göyçayda nəşr olunan “Yeni Həyat” qəzetində peşə fəaliyyətinə başlamışam. Əvvəl də mərkəzi mətbuatda, televiziyada, radioda və digər yerlərdə təcrübə keçmişdim.“Yeni Həyat” qəzetində isə çalışarkən jurnalistikanın çətin peşə olduğunu anladım. Çünki sovet dövründə jurnalistdən partiyalı olmağı, partiyadan yazmağı əsas şərt kimi tələb edirdilər. Kommunist partiyası qurultaylarından, plenumlarından misallar çəkməli, Leonid İliç Brejnevdən sitatlar gətirməli idin. Mən isə təbiətdən, kənddən yazırdım. Şəhər və kəndlərin gözəlliyindən, problemlərimdən. Məsələn, sağıcıdan, pambıqçıdan yazana qədər əvvəlcə kənd mənzərələrini, insanlarla ünsiyyətin səmimi məqamlarını qələmə alırdım ki, yazı sırf kolxoz təbliğatı xarakterli olmasın. Bu zarisovkalar iş yoldaşlarımın yazılarından fərqlənirdi.
Mənim işim şəhər təsərrüfatı ilə, yəni zəhmətkeş məktubları şöbəsi ilə bağlı idi. Hər yazı qəbul olunmurdu deyə kənd təsərrüfatından da yazmağım plana salınırdı. Qeyd edirdim ki, orta statistik yazı yazmırdım. Öz üslubumda rəğbət oyadan yazılar olmalı idi. Odur ki, qəzetdə çalışmaq mənə əsl cəbr olub, yəni zülüm. Vahid iş rejimi yox idi deyə, bəzən çoxsaylı yazılar səbəbindən səhər açılana qədər masadan qalxa bilmirdim. İki-üç yazı birdən yazılmalı idim. Həftənin əksər günləri kişi əməkdaşlar qəzet çapa gedənə qədər iş başında olurduq. Əsasən də gənclər.Sanki biz həm də mətbəə işçiləri idi...
Etiraf edim ki, mən o qədər də “ipə-sapa yatan” adam deyildim. İlk gənclik illərindən inqilabçı, turançı olmuşam. Tələbəlik ,komsomol illərindən etibarən tanış olduğum hər kəsə bunu təlqin etmişəm. Çoxlarına da bu qəribə gəlirdi, çünki komsomolda işləyəsən, amma danışığın sovet ideologiyasına zidd olsun. Bu baxımdan qəzetdə çalışmaq, ideologiya əsasında fəaliyyət göstərmək mənə çətin, amma maraqlı idi. Bəzən hər nömrəyə yazmırdım, amma qəzeti mənə görə əldə edib oxuyurdular. Hətta bir çox həmyaşıd əməkdaşlar mən gələndən sonra qəzetin daha oxunaqlı olduğunu etiraf edirdilər “Məzahirin yazısı çıxıb “,-deyə yazılarımı axtaranlar da çoxalırdı.
Yazılarım isə puplisistikaya daha çox önəm verdiyim üçün oxucu diqqəti, rəğbəti qazanıb. Əslində əvvəlcədən heç jurnalist olmaq kimi fikrim də yox idi, istəmirdim də. Baxmayaraq, qəzetdə çalışmadan jurnalist təcrübəm var idi. Mərkəzi mətbuatda yazılarım çap olunurdu, radioda çıxışlarım gedirdi.

Səhhətimi həmişə qorumağa çalışmışam.Qidalanmağıma fikir vermişəm, sərt yeməklər yeyən adam deyiləm. Amma içki və siqaret müəyyən müddət olub. Mərkəzi mətbuatda da ilk fəaliyyətim “Azərinforum"da baş tutub. Bir müddət orda çalışdıqdan sonra özümü orda görmədim deyə uzaqlaşdım,çünki aparıcı yəhudi işçilərin (Qoldeyşteyn, Natan Barski...) göstərişlərini yerinə yetirmək məcburiyyəti var idi. Baxmayaraq ki, məni ora baş direktor Azad Şərifov gözəl insanların – Elbəy Rzaquliyevin, Elxan Qasımovun və Ziyafət Abbasovun təqdimatı ilə işə götürmüşdür. Daha sonra isə tələbə yoldaşım və dostum Loğman Rəşizadənin təklifi ilə onun baş redaktor olduğu “Kənd həyatı” jurnalına keçdim. Mərkəzi Komitə ləğv olunandan sonra həmin jurnalın əsasında Azərittifaqın idarə heyyətinin və o vaxtki Xarici İqtisadi Əlaqələr Komitəsinin birgə mətbu orqanı olan “Biznes” qəzetini təsis edərək orda çalışmağa davam elədim. Bir gün zəng gəldi ki, “Ədalət” qəzetində çalışırsan? Aqil Abbasla tələbə vaxtından dost idik, doğrusu, məndən çox mərhum qardaşım Nazim Əhmədovla yaxın idi, birgə oxumuşdular. Zəng etdim ki, bu nə məsələdir? Dedi ki, nə fərqi var, orda da çalış, burda da. “Biznes” qəzeti bir il fəaliyyət göstərdikdən sonra nəşrini dayandırdı. Sonradan birdəfəlik “Ədalət” qəzetində fəaliyyətimi davam etdirdim. Beləcə bölgə müxbiri kimi çalışanda günlərim ezam olunduğum rayonlarda keçirdi. Evdən kənarda olanda da çöldəki yemək, arada içki məcburiyyəti nəhayət on ildən sonra səhhətimdə problemlər yaratmağa başladı. Daha sonra da ardıcıl əməliyyatlar. İndiyə qədər yüngüllü-ağırlı doqquz dəfə cərrahi əməliyyat olunmuşam. Biri ürək əməliyyatıdır. Beş il əvvəl isə insult keçirdim. Bu məni çox incidir, amma təqaüddə olsam da işimi davam etdirirəm. Doğrusu, həm yaşa görə, həm səhhətimə görə əvvəlki instensivlikdə fəaliyyətim yoxdur. Ancaq yaradıcı sahədə yaş məhdudiyyəti fərq etməməlidir, insandan asılıdır. Problemlərim və incikliklərim də çox oldu. Yazı üslubu baxımından həsəd edənlərim də az deyildi. Ömür boyu bir yazımı yaza bilməyənlər bir də baxdım ki, “karetalarda” gəzirlər. Jurnalistikda bu haqsızlıq özünü daha qabarıq göstərdi...
- Ömür yolunuz bu peşədən təsadüfən keçməyib. Sizcə jurnalistika sizi, yoxsa siz onu seçdiniz?
Artıq yaradıcılığım, dəsti xəttim bəlli idi. İnsan gərək riakar olmasın. Hər şeyi özüm etmişəm demək də düzgün deyil. Gənclik illərimdən etibarən mətbuatda puplisistikaya xüsusi diqqətim olub. “Bakı” qəzetindən Fazil Rəhmanzadənin, “ Azərbaycan gəncləri” qəzetindən Səyavuş Sərxanlının, Möhbəddin Səmədin, Məmməd Orucun yaradıcılığına daha çox diqqət edirdim. 1969-cu ilin sonunda yazıçı Anarın rəhbərliyi ilə “Qobustan” toplusu nəşr olundu. Bu jurnal puplisitikaya məndə daha çox meyl yaratdı. İxtisasları heç jurnalist olmayan iki-üç müəllifin yazılarını oxuyanda yeni yaranan publisitikada bir başqa dəst-xətt , fərqlilik görürdüm. Əsrin əvvəllərində də puplisitika olub, zamanla zəifləyib, yenidən güclənib. 70-ci illərdə isə yeni puplisitika meydana gəldi. Bunların da tanınan imzaları Tofiq Abdin (Məhərrəmoğlu), Azər Abdulla ( Əhmədov), Vidadi Paşayev və başqaları idi. Eləcə də Cəfər Qiyasi memarlıqdan, Mərahim Fərzəlibəyov teatr sənətindən bir çox jurnalistlərdən daha yaxşı yazırdılar. Onları oxuyanda öz yerimi tapmadığımı anladım. Mən jurnalist olmaq istəmədiyimi qeyd etdim, çünki kino sahəsinə çox maraqlı olmuşam. Uşaq vaxtı əyləncə kimi baxdığım filmlər, hind melodramları daha çox tamaşaçı cəlb edirdi. Sonradan isə “Mosfilm”in çox həyati, anlamlı filmləri kinoya meylimi daha da artırdı. Rus dilinə görə çətin olsa da Moskvadan “ Vokruq Sveta”, “İskusstvo” jurnalları gəlirdi, oxuyurduq. Kino ilə tanışlığım da o illərə təsadüf edir. Gələcəyimi o sahədə görürdüm. Heç kəsin ağlına gəlməzdi ki, rus dilini yaxşı bilmədən bu sahəni bu qədər araşdırım, kinoya maraqlı olum. Çünki Göyçay tolerant rayon olub. Burada azərbaycanlılarla yanaşı, iki min nəfərə yaxın yəhudi, eyni zamanda yüzlərlə rus, erməni, ləzgi, alman yaşayırdı. Beləcə də getdikcə məndə avropa filmlərinə də ciddi maraq yarandı. Hətta Bakıda keçirilən festivallara da gedib izləyirdim. Beləcə kinonu və kino sahəsindəki bizə bəlli olan yeni üslubları öyrənirdim. Bu yeniliyi İkinci Dünya Müharibəsindən sonra İtalyan filmlərində kəşf elədim, yeni kino cərəyanının necə yaranma prosesini incələdim. Federiko Fellini, Vittorio De Sika, Roberto Rossellini, Cüzeppe De Santis, Alberto Lattuada, Mikelancelo Antonioni İtaliya kinematoqrafiyasında neorealizmin yaradıcılarıdır.Yavaş-yavaş İtaliya filmləri Avropada geniş yayıldı.Culyetta Mazini, Marçello Masterolla, Alberto Sordi, Sofi Loren kimi dünyaca məşhur aktyorların peşəkar oyununa heyran olurdum. Onu da qeyd edim ki, İtalyan kinosundakı kimi, İtalyan ədəbiyyatında da yeni bir cərəyan geniş vüsət aldı. Yazıçı Umberto Ekonun simasında postmodernizmin əsası qoyuldu. Bunları öyrənə-öyrənə araşdırmam İsveçə gedib çıxdı. İnqmar Berqmanın filmləri məni özünə çox çəkdi. Onun filmləri insanın təkliyini, keçirdiyi ruhi sarsıntı halını peşəkar təsvir edir.
Eyni zamanda Jerar Filip, Jan Qaben, Jan Mare, Lui de Fünes, Jan- Lui Trentinyan, Bricit Bardo, Anuk Eme , Alen Delon kimi o dövr fransız kinosunun ulduzları parladı. Onların obrazlarında müqavimət və keyfiyyət ənənəsini fransız filmləri kimi sevərək izləyirdik.
Daha sonra tanışlığım Hollivud filmləri ilə oldu.Qəti qərarım kino rejissoru olmaq idi. Evdən gizlədərək sənədlərimi indiki İncəsənət Universitetinin rejissorluq fakültəsinə verdim. Orda da altı imtahan vardı. İxtissas daxil beşindən beş alırdım, sonuncudan üç verib yola salırdılar. Şikayət elədim, rektor şəxsən qəbul etdi. Hətta səmimi şəkildə bildirdi ki, sənin bu mübarizənə acıyıram, çox çalışırsan, hazır gəlirsən, amma il ərzində cəmi 5-6 qəbul olur. Gəl, səni bu balla imtahansız aktyorluq fakultəsinə qəbul edək, bir il sonra imkan olarsa rejissorluğa keçərsən. Öncə razışlaşsam da , sonradan “imkan olarsa” sözü yadıma düşəndə incidim, daha getmədim. İnistutdan da məni hətta axtardılar da. Əslində fikrim bir-iki il Bakıda oxuyub, sonra Moskvaya gedib orda təhsilimi davam etdirmək idi,yəni həyat planımı geniş götürmüşdüm. Bu planımı da heç kimə bildirmirdim. O da alınmadı. Ailədən üstümə düşdülər ki, mütləq oxu, sənədlərini ver, axı orta məktəbi əlaçı kimi bitirmişdim. Elə ilk cəhdimdə iki beş, iki dördlə jurnalistikaya qəbul oldum. Təxminən iki ilə yaxın kinostudiya ilə də müəyyən əməkdaşlıq etmişəm, çəkilişlərdə olmuşam. Kinonun çətin günlərindən birində, rəhmətlik Rasim Ocaqovla , 80 illik yubileyi yeni keçirilən tanınmış kinooperator Kənan Məmmədovla və bir sıra dostlarla Şəkidə görüşdük. Görüşdə “niyə yaxşı film çəkilmir” sualını verəndə Rasim Ocaqov mənə “yaxşı ssenarin var” sualını verdi. “Bəli, məndə ssenari var”,-dedim. Rasim müəllim dedi ki, ssenarini gətirəndə 250 min dollar da pul gətir. (gülür)
Kino sahəsindən uzaqlaşsam da , amma dostlarımla hər zaman əlaqələrim olub. İndi çoxu həyatda yoxdur, amma onlarla kinostudiyada, Bakıda, rayonlarda çox gözlər günlər keçirmişik. Sonra mətbuata bağlandım. Bu sahədə də yazılarımın yüksək səviyyədə olmasına çalışdım. Elə də oldu. Cənab İlham Əliyev prezident seçildikdən sonra “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları” qəbul olundu. Həmin proqramlar üzrə regionlarda jurnalist kimi xeyli işlər gördüm, təşviqat apardım. Etiraf edim ki, oradan da mənə çoxlu maneələr yaradıldı. Mənimlə eyni gündə Ali Media mükafatı alan Adminstrasiyanın şöbə müdüri Əli Həsənov çalışdığı müddətdə əleyhimə oldu. Səbəbini araşdıranda öyrəndim ki, reket qəzetlərə qarşı apardığım mübarizə onu narahat edirmiş. Demə, onun 4-5 reket qəzeti var imiş. Onların vurduğu zərbələr nəticəsində layiq olduğum qiyməti ala bilmədim. Jurnalistikamıza təkcə Əli Həsənov deyil, elə Ramiz Mehdiyevin də timsalında çox zərbələr dəydi. Hətta bir yazıma görə qəbuluna belə çağırtdırmışdı.O yazım Azərbaycan əleyhinə yazılmış yazıya layiqli cavab idi.
Mənim əsas işim puplisistikadır, zamanla da bunu dərk etdim. Aqil Abbasla, İradə Tuncay məni yaxşı mənada məcbur etdilər ki, bu qədər yazırsan, yaradırsan, ancaq kitab nəşr etməyə maraqlı deyilsən. Onların təkidi və qabağa düşməsi ilə “Uembl arayışı” adlı kitabım nəşr olundu. Eyni zamanda o vaxtki Mətbuat Şurasının sədri Əflatun Amaşovun da ciddi dəstəyi həlledici rol oynadı. Kitab nəşr etdirməyə maraqlı olmasam da, yazmaqda davam edirdim və çoxsaylı səmimi oxucu zəngi ilə, rəğbəti ilə özümü ovundururdum. Dünyagörüşüm, intelleketim yazmaq qabiliyyətimə müsbət təsir etsə də,amma çətinliyim oturub yazmaq idi. Heç vaxt yazı zamanı mənbələrdən istifadə etməmişəm. Yaddaşımda nə varsa, onlardan istifadə etmişəm. Məqalələrimdə istər tarix, istər ad, soyadlarda yaxşı ki, səhvlər olmurdu. Bir az tənbəl olmuşam. İmkanlarımdan geniş yararlansaydım daha çox yazıb yaradardım.

-Çoxsaylı jurnalist yazılarınızla bərabər, sizin jurnalistikanın dünəni, bu günü ilə bağlı puplisistik iki kitabınız “ Metamorfoz” və “Uembl arayışı” diqqətəlayiq əməkdir. Aktual mövzulara keçməzdən əvvəl soruşmaq istərdim ki, növbəti kitabınız gözlənilirmi?
- Günel xanım, bilsəniz nə qədər yazılarım qalıb ... Loğman Rəşidzadənin təbiricə desək, həmişə oxucuları aldatmışam. Necə? Məsələn puplisistik yazılar yazmışam , amma Loğman o sirri açdı ki, bütün bu yazılar hekayələrdir, esselərdir. Həqiqətən də elə olub. Oturub günlərlə yazıçılıq edəcək, iri romanlar yazacaq zamanım olmayıb. Hazırda hekayələrdən və povestlərdən ibarət çap olunası iki, üç kitabım var. Romanım yoxdur. Bəlkə də elə povestim var ki, hardasa roman adlandırmaq olar, amma həcm məsələsinə görə tərəddüd edirəm. Məşhur şair, tərcüməçi Mahir.N. Qarayev bir yazısında qeyd etdi ki, Məzahir Əhmədoğlu on illərdir ki, dünyanın ən gözəl povestini yazır. Hətta onun adını da yalnız mən bilirəm. Haqlı idi, hələ yazıb bitirmədiyimi dedim, amma çoxdan bitirmişəm, üzə çıxarmıram. Səbəbi isə heç bir məsələnin məndə vaxtında alınmamasıdır. Nə vaxtsa, bu yazılarımı Mahirə verəcəm, o, gələcəkdə nəşr etdirər, özüm etdirməyəcəm. Problemim çoxdur, onlara vaxt ayıra bilmirəm. O səbəbdən də yazılarım barədə geniş danışmağa imkanım da yoxdur. Bir kitablıq şeirlərim də var. Deyilənə görə, şeirlərimi də yaxşı yazmışam. Bilirəm ki, yaxşı şeirlərdir, amma onların tarixi 30-40 il əvvələ gedir. Qəzetdə, radioda zamanında şeirlərim nəşr olunub, oxunub, səslənib, amma kitabım çıxmayıb. Ya sevdiyim yazıçının, ya da dostumun çıxardığı kitaba sevinmişəm. Nəhayət, o kitabı oxuyacam deyə. Məsələn, Mahir.N. Qarayevin “Sonuncu korifey” romanını iki dəfə oxumuşam. Son illər belə kitablar az-az çıxır. Mən müstəqillik dövründə axtardığım kitabları tapa bilmədim. Kimlər ki, Sovet illərində maraqlı, oxunaqlı yazırdı, məsələn, Anar, Əkrəm Əylisli, Elçin Əfəndiyev , Maqsud və Rüstəm İbrahimbəyovlar, Sabir Əhmədov və bu səviyyədə olan digər yazarlar. Yenə də sonrakı dövrdə elə onlar oxunulurdu, axtarılırdı. Aqil Abbasın da “Dayı” adlı kiçik bir hekayəsi var. Mən onu dünya nəsrinin sanballı nümunəsi kimi qiymətləndirirəm, hətta Gi De Mopassanın hekayələrinə bənzədirəm. Rəşad Məcidin “ On sentyabr” hekayəsini xatırlayırsınızmı?. Nyu Yorkdakı o müdhiş hadisə müəllif tərəfindən yüksək sənətkarlıqla qələmə alınmış bədii mistikadır!
Sonrakı gənc istedadlı yazarlar vardı. Günel Mövlud, Seymur Baycan, Elnur Astanbəyli . Onlar yazmağa yaxşı başladılar, ancaq bir müddət sonra yaradıcılıq sanki dayandı. Çünki bu “parıltı” sönməyə başladı. Çünki yaradıcılıqda əsaslı baza lazımdı. Sevdiyim gənc yazıçılar idi, bəziləri ölkədən də getdilər. Ancaq onların əvəzində həyatında çoxsaylı çətinliklərə, problemlərə rəğmən Aqşin Yenisey daha keyfiyyətli məhsul qoya bilir, öz sözünü deyir.Aqşin fəlsəfəyə yaxın peşəkar ədəbiyyatçılar kimi çalışır, elə əsərlər yazıb yaradır.
Amma heç vaxt... “Adamlar və ağaclar”, “Gün keçdi”, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” yazılmayacaq, daha heç vaxt “ Beş qəpiklik motoskil”, “Dolça”, “Yəmən” kimi povestlər yazılmayacaq, daha heç vaxt Əkrəm Əylislinin “ May günü”, “Ürək yaman şeydir”, “Büllür külqabı “kimi hekayələri yazılmayacaq... Sovet dövründə yazılsalar da indi də həmin əsərlərdə sovet qoxusunun olmadığını görürük. Əkrəm Əylislinin “Əylislidən Əylisəcən” puplisistik povestini oxuyanda əvvəl ürək qısılır, amma müəllif onu elə ustalıqla təsvir edir ki, heyran olmaya bilmirsən. Anarın “Sissiz” elegiyası kimi. Kim eyni səviyyədə yaza bilər ki?! Bütün hallarda biz keçmişimizə uduzuruq. Çünki keçmişdə ədəbiyyat və mətbuata yüksək səviyyədə, qəlbən yanaşılırdı. Bu gün mətbuat və ədəbiyyatda “tez nəsə edim, qazanım” düşüncəsi daha hakimdir. Kapitalizm məfkurəsi ilə xaotik şəkildə üz-üzə qaldıq. Yazmağa qalsa, yazmaq hər zaman mümkündür. Məsələn, həyatda məni özünə çəkən bir çox tipik obrazlarım var. Yeni ədəbiyyat nümunəsi kimi yaza bilərəm. Sovet və ilkin müstəqillik dövrlərdə satıcı, fəhlə kimi çalışıb, burnunu pencəyinin qoluna silənlər indi isə göydə gəzirlər, insanlara yuxarıdan aşağı baxırlar. Savadlı, dünyagörüşlü adamların oxuyub öyrəndiklərinin, yazdıqlarının o insanlar üçün heç bir fərqi yoxdur. Digər sənət sahələrinə də eyni yanaşılır. Bütün məşhur rəssamlarımız sovet dövründə yaşayıb yaradıblar. Tahir Salahov, Səttar Bəhlulzadə , Maral Rəhmanzadə, Mircavad, Cahid Camal, Sakit Məmmədov və digərlərinin yaradıcılığı böyükdür. Eləcə də musiqi sahəmiz də ucuz şoulara uduzur. Televizayalarda şou biznes proqramları adı altında milli musiqimizə qəribə eybəcərlik, hörmətsizlik edilir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun ruhundan utanmırlar. Məyusedicidir ki, gənclər onları heç tanımaq belə istəmirlər. Televiziyalarla yanaşı, qəzetlərimiz də çətin vəziyyətə düşüb. Mətbuatımız reanimasiyadadır. Kim inanardı ki, “525-ci”, “Yeni Müsavat”, “Ədalət” kimi qəzetlər həftədə bir dəfə nəşr olunacaq. Düzdür, bunun kulis arxası səbəbləri də var. Əslində bizdə qəzet təsərrüfatı heç vaxt rentabelli olmayıb,yəni qazanc gətirə bilməyib. Həmişə dövlət büdcəsindən yararlanıb. Ancaq nə yaxşı ki, öz simasını saxlayanlar da var. “Ədəbiyyat” qəzeti fəaliyyətini artırıb. Əvvəl sevilən qəzet idi, indi də sevilir. Adını çəkdiyim qəzetlər də öz simasını saxlayıb, nəşri azalsa da. “Ədalət” çalışdığım qəzetimdir. Orda da həftəliyə keçəndə ritmlər pozuldu, çox çətin bir vəziyyət yarandı. Yaxşı müəlliflərimiz vardı, uzaqlaşdı. İndi əksəriyyət ölkədə qəzet dövrünün keçib getdiyini düşünür, hətta qəzetdə çalışanlar da belə fikirləşir. Ancaq dünya mətbuatında qəzetlər üçün dövr keçmir. Bütün oxunan qəzetlər aktiv fəaliyyətindədir, yazılı mətbuat itməyib. Türkiyədə olduğum son dövrdə elə qəzet vardı ki, yüz min tirajla çap olunurdu, satılırdı, çatmırdı. Elə həmin gün tələbata görə qəzeti təkrar çap edirdilər. Aparıcı qəzetlər üçün əvvəl də belə idi, indi də. Necə olur ki, bizdə zəifləyib sıradan çıxır. Ölkə səviyyəsində bu düşünülməlidir də, bəlkə gələcəkdə bir nəticəsi olar. Ümumiyyətlə, oxucunu itirməmək üçün ölkədə minumum 8-10 gündəlik qəzet olmalıdır. Yəqin ki,bu işə məsul yoldaşlar düşünüb yollar axtaracaqlar. Mətbuat Şurası tənzimləyici qurum, ictimai təşkilat kimi böhrandan çıxış yolunu tapa bilər, bununla da öz əvvəlki nüfuzunu da qaytara bilər. Müsbət irəliləyiş gözləyirəm. Saytlar da lazımdır, ancaq iri, sanballı puplisistik yazılar daha çox qəzetlərdə oxunur. Saytlarda, sosial mediada əsasən xəbərə, əyləncə və macəralara üstünlük verilir.İnsanların telefon asılılığını da aradan qaldırmaq lazımdı. Xəbər deyib ötürlər, ancaq xəbərçilik jurnalistikada böyükdür. Hər adamın işi deyil. Məşhur reportyor , yazıçı Karel Çapekin ötən əsrdə təkcə reportyorluq sahəsi ilə bağlı təxminən 850 -900 səhifəlik kitabı var. Hələ koresspondensiya, reportaj, oçerk, zarisovka çoxları heç bu janrları ayırd da edə bilmir. Heç tələb də olunmur, bu da yaxşı hal deyil. Əslində bu janrlar üzrə yazı müsabiqələri keçirilməlidir. Məsələn, oçerk niyə elə sovet dövründə yazılmalı idi ki, elə indi də yazıla bilər. Məsələn, mənim bir çox hekayələrim, həmçinin “Kəndin bəyaz yuxuları” elə oçerkdir. Hər bir janr üzrə obyektiv müsabiqələr keçirilərsə, bir növ peşəkarlığa xidmət olar. Mənim jurnalistika fakultəsində hörmət elədiyim bəzi imzaların zaman-zaman çox zəif yazılar da yazdığının şahidi oluram, ya da məcburiyyətdən layiq olmayan adam haqqında zəif yazı yazılır. Həmin adamların yaradıcılığını araşdıranda pinti, trafaret cızma-qara gözə dəyir. İl ərzində eyni adam haqqında 10-12 yazı yazan mətbuat işçisi var. Hətta ömür boyu bircə xəbər yazmayan müəlliflər var ki, hər nömrədə 3-4 imzası gedir. Hələ başqa biabırçılıqlar. Bir gün bütün bunların üstü açılar yəqin ki...Bütün bunlar artıq mətbuatı gözdən salmaqdır. Mətbuatda yabançı və yalançı kəmiyyət naminə keyfiyyəti qurban vermək halları artdı.
Ancaq bu qəzetlərin sayı və tirajı azalandan sonra reket qəzeti anlayışı çöküb. Dələduzlar var, vurnuxur, ancaq onlara çox da meydan yoxdur. İnsanlar da ayılıb. Müxtəlif idarə və təşkilatlarda da əvvəlki kimi “alış-veriş” yoxdur. Nəticədə onlara üz tutan reket jurnalistlərə əvvəlki kimi münasibət, yəni qorxu, çəkinmə yoxdur. Artıq maklaturalar azalır. İndiki texniki imkanlar çərçivəsində çayxana jurnalistləri tək-tük, yaxud formasını dəyişmiş halda üzə çıxa bilərlər. Getdikcə reketlik tam mənada, labirintlərdə azıb çıxış yolunu tapa bilmir, amma mənim mətbuatım da öz yoluna düşə bilmir. Hələ ki, hazır deyilik.Yetişən gənc nəsil də istəyir ki, hər şeyi tez əldə etsin. Buna görə də çətin məsələdir.
Biz elə çətin dövr keçmişik, çətin qəzetçilik əməyi, illəri yaşamışıq ki. İndiki nəsil çətin ki, bu prosesin öhdəsindən gəlsin. İşimi sevib mənalı adlandırsam da , sovet dövrünün rayon qəzetində çalışmaq sanki “katorqa”nı xatırladırdı. Gənc idim, redaktorumuz bizə Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) rayon qəzetlərinə göndərdiyi hazır klişe və çətin mətnləri rus dilindən tərcümə etməyi tapşırırdı. Rus dili mütəxəssisi belə əziyyət çəkərdi. Biz onları savadlı tərcümə edib nəşrə verirdik. Rus dilini yalnız danışmaq, tərcümə etmək səviyyəsində yox, o dildə jurnalist kimi peşəkar yazmaq səviyyəsində əziyyət çəkib öyrənmə tələbi var idi.
Yenə də tamam ruhdan düşməyib mətbuatımızdakı vəziyyəti tənəzzül deyil, böhrandır deyib gələcəyə ümüdlə baxıram. Tənəzzül məhvdir, böhran isə gələcəyə doğru dəyişikliyə müəyyən inam yaradır.
-Səviyyəli və intellekli oxucuya medianın, mətbuatın hər zaman ehtiyacı var. “Yetmişincilər” adlı yazınızda məhz həmin qapalı, qıfıllı dövrün aydınlanan oxucusunu belə qeyd edirsiz. Nə baş verdi ki, sonrakı dövrlər, xüsusilə indiki dövr oxucusu barədə kütləvilik baxımından eyni qənaətdə deyilik. İndiki dövr kitab və mətbuat oxucusunu necə xarakterizə edərdiniz?
-Əsas səbəb o vaxtı kitaba, mətbuata meyilliyin kütləvi olması idi. İnsanlar kitabxanalara daha çox üz tuturdu. Üç nəfərdən birinin əlində kitab vardı.İndi hansı qəzet köşkünün qarşısında adam olar? Ola bilər, saqqız, dənə-dənə siqaret, lotereya almaq üçün. “Bakı” və “Baku” axşam qəzetlərini xatırlayıram, axşamüstü saat 17:00-dən sonra köşklərə verilirdi. Metronun o vaxtki “Baksovet” stansiyası yaxınlığında deyilən qəzet köşkü vardı. Orda insanlar saat beşin yarısından növbəyə dururdu, yüzə yaxın insan qəzet gözləyirdi. Qəzet ucuz idi, oxucusu da çox idi. Kitabxanalar da dolu olurdu. Mənim günüm M.F.Axundov adına Azərbaycan Milli kitabxanasında keçirdi. Hətta Vaqif Cəbrayılzadənin köməkliyi ilə kitabxanada oxucunun kütləvi buraxılmadığı yerlərə daxil olurdum. Yetmişinci illər oxucu triumfu dövrü idi. Hətta oxucu öz dünyagörüşü, intellekti, baxışları ilə az qala yazıçıları, jurnalistləri üstələyirdi. Oxucudan güclü tələb vardı deyə, müəlliflər də daha yaxşı yazmaq məcburiyyətində idi. Sonra bu proses zəiflədi, çünki Rusiya Sovet Sosialist Respublikası miqyasında nəsə baş verəcəyi hiss olunurdu. Zamanla baş verən ərzaq qıtlığı , ideologiya məsələlərində çaşqınlıq kütləviliyi azaltdı.Bu proses getdikcə sonrakı illərə də təsir elədi. 90-cu illərdə ciddi oxucu və yaxşı yazıçı eksponant kimi qaldı.Həyatın qaynarlığından çıxdı. Kütləvi kitabxanalar ləğv olundu. Yerlərində diskoteka, bar, restoran, şadlıq sarayları yarandı. Kitabxanalar və oxucu azaldıqca, kitabxanaçılar da yalançı anketlər düzəltdi. Halbuki zamanında oxucunu çatdırıb qeyd edə bilmirdilər. Mətbuat və ədəbiyyat generalları həmişə bunun nisgili ilə yaşadılar.Bir əsgər kimi, bu acınacaqlı hal mənə pis təsir elədi. Çünki mətbuat güclü ideoloji rupordur, hər cəhətdən insanın bilgilənməsinə, maariflənməsinə, informasiya ilə təminatına xidmət edir.Ədəbiyyat isə insanı ucaldan, mənəvi yetkinləməsinə, ruhlanmasına xidmət edir. Günümüzdə müxtəlif sosial şəbəkə və media daha çox operativ məlumatlanmağa xidmət etsə də , ancaq xidməti daha çox əyləncə,kriminal və macəradır. Ciddi oxucu, dünyagörüşlü şəxs isə daha çox mütaliə etməli, araşdırmalıdır. Yalnız ədəbiyyatı deyil, fəlsəfəni, tarixi, coğrafiyanı,siyasəti də bilməlidir ki, dünyada gedən prosesləri dərindən anlaya bilsin. Məsələn, Konfutsi kimi böyük filosoflar bütün zamanlar üçün keçərli fəlsəfəni diqtə edir. Oxumayandan sonra bunları necə bilərsən, 20-ci əsr məşhur Avropa və Amerika memarını necə tanıyarsan?. Amerikada 20-ci əsrdə yaşayan o dövrün memarlıq tarixinin ən tanınmış üzvü, yazıçı, müəllim, memar Frank Lloyd Rayt hazırladığı 1141 layihədən 532 -si inşa edilib. Onu oxumadan necə tanımaq olar? 20-ci əsrdə memarlıqda konstruktivizmi yaradan Le Korbuzyeni də o, Amerikaya aparıb.
-Özünü “Fiqlyar” obrazında ( özünü təlxək yerinə qoyma, məzhəkəçi,şut) təqdim edən çoxsaylı peşə adamlarını, xüsusilə reket jurnalistləri eyni adlı yazınızda hədəf almısız. Onları buna məcbur edən nədir: xarakter yoxsa qazanc amacı?
- 10-15 il əvvələ qədər fiqlyar adlandırdığım zümrə indi azalıb. Onlar münbit yeri axtarıb tapır. Amma təlxəklik üçün indi imkanlar azalıb. Cəmiyyət formalaşır, hüquqi dövlət yaranır deyə əvvəlki fiqlyarlığın, yaltaqlığın işi keçə bilməz. Ancaq qərbdə güclü paparatsiya var. O da bunların bacaracağı iş deyil. Paparatsiya jurnalistika ilə cəsurluğun, həm də kəşfiyyatçılığın, cəsusluğun sintezidir. Hər adamın işi deyil. Onlar “obyekti” ən yeni üsullarla izləyib, güdüb ortalığa çıxarır, böyük qalmaqal və sensassiya yarada bilirlər. Bəzən də əldə etdikləri “yaradıcılıqları” ilə bazarlıq edirlər. Bizimkilərdə o bacarıq yoxdur. İllər öncə məşhur Ledi Diana faciəsi də buna bir nümunədir.

-Əvəzində ölkədə təhsilsiz belə özünü bloqer və jurnalist kimi təqdim edənlərin sayı artır. “Məscidin qapısı”, “Vəlvələ”, “Pressa-press”, “Post skriptum”,”Peşəkarlığın imperiyası”, “Peşə oğruları”,”İmla qonaqlığı” adlı puplisitik yazılarınızda qeyri peşəkarların jurnalistikaya müxtəlif yollarla üz tutmasını tənqid edirsiz. Avtomobildən mikravatobusa qədər “press” yazılı lövhəsinə rast gəlirik. Arvad-uşaqlı, qarpız- yemişli . İndi də reketlərin əvəzində tiktok jurnalistləri artıb. Media Reyestrindən bunlar necə keçir, nəzarət niyə yoxdur?
-Mən belə yazılarımda daha çox yumor və sarkazmdan istifadə edirəm. Bəli , indi tiktok, sosial şəbəkə jurnalistləri artıb. Onlar da kiminsə sifarişi ilə çox vaxt “tənqid” edirlər. Baxırsan ki, dünən şəhərdə təmizlik işinə baxan sıravi fəhlə bu gün özünü cəmiyyətə “jurnalist” kimi qələmə verir. Hətta peşəkar jurnalistə yuxarıdan aşağı baxır, “səndən yaxşı yazaram” deyir. İndi yazmaq da onlar üçün rahatlaşıb. Faktları süni intellekt proqramlarına ötürürlər və yazını yazdırırlar. Mənim yazılarımı süni intellekt yaza bilmir, yoxlamışıq. (gülür)
Əvvəl reketlik fəaliyyəti ilə tanınanlar indi keçib sosial şəbəkə üzərindən bloqer, tiktoker fəaliyyətinə. Başqa işlə məşğul olmur, texniki işlərin rahatlığı və “asan qazanc “ səbəbindən jurnalistikanı hədəf seçir. Digər heç bir sahədə görünməmiş sərsəm və ironik “demokratiya” bu sahədə mövcuddur. "Məscidin qapısı" adlı yazımda bildirmişəm ki, demokratiya yaxşıdır, amma bizim cəmiyyətdə yaratdığı ən pis nəticələrdən biri də mətbuata dəyən zərbələr olud. Kim istədi qəzet açdı, saxta vəsiqə daşıdı, avtomobilinə “Press” yazısı yapışdırdı. Qəssab da, çilingər də, molla və bu qəbildən özündə "güc tapan" çoxluq reketlik fəaliyyəti ilə məşğul oldu. Bir sıra yazılarımda onları hədəf alacaq sarkazmlarım var.
-Sizə görə hazırkı ölkə mətbuatının ən böyük probemləri nədir? Janr məhdudluğu, araşdırma, qərəzsizlik, müstəqillik ... Peşəkarlığa nələr mane olur?
-Peşəkarlığa əslində heç nə maneə olmur. Çox vaxt jurnalistika ilə məşğul olan şəxs özünü inkişaf etdirmir, çətinliyə salmır, bir çox peşəkar jurnalistika janrlarında yaza bilmir. Əksinə yazıb öz qələmini göstərə bilər. Çoxusu buna getmir, əsas problem də budur. Peşəkarlardan çoxu bu zəifliyi, acizliyi görüb vaxtından əvvəl jurnalistikadan uzaqlaşdılar. Yarımçıq jurnalistikaya dözə bilməyib başqa sahə ilə məşğul oldular. Bizneslə məşğul olub uğur qazandılar. Hətta mənə də zamanında təklif edildi. Baxdım ki, mənim işim deyil.Həmişə öz adımı qorumağa çalışmışam. Əgər pensiya az alıramsa ƏƏSMF-nın sosial təminat şöbəsi məsuldur ki, pensiyaçıya az təqaüd verir. Əvvəl mənə baxıb həsəd aparan adam indi üç min manat pensiya alır, mən isə beş yüz manat pensiya. Yaşlaşdıqca ehtiyaclar artır, müalicə xərcləri artır və əziyyət çəkirsən. Ona görə bəzi jurnalistlər əziyyət çəkməsin deyə, vaxtında uzaqlaşdılar bu sahədən. Bu sahədə güclü qazanc, maaş da yoxdur. Mən isə bu sahədən çəkilmədim. Bəlkə də getsəydim başqa sahələrdə onlardan da yaxşı bacarardım. Qısası ömür boyu jurnalistikada çalışdımsa da layiq olduğuma çata bilmədim, dövlət nə veribsə odur.

-“Peşəkarlığın İmperiyası” yazınızda bir məmur dilindən peşəkar tənqidçi, onların dili ilə ifadə etsək “müxalif” jurnalistlərin sayının çoxalmasını belə reketçilərdən daha çox sərf etdiyini qeyd edirsiz. Ancaq etiraf edək ki, indi tənqid edən azad mətbuat susdurulub. 5-6 il öncə mətbuatda daha azad özünüifadəetmə vardı , nəinki indi. Siz bunu necə qiymətləndirir və mətbuatın gələcəyi ilə bağlı fikirləriniz necədir?
- Günel xanım, Siz on- on beş il əvvəl yazdığım o sərt məqalələrin təsirindən çıxa bilmirsiniz deyəsən. Ancaq əlacım da yoxdur, nə soruşsanız müəyyən təkrarçılıq da olsa cavab verməliyəm. İndiyə qədər məni Sizin kimi sıxışdıran da olmayıb heç. Nə isə.
Tənqidi jurnalistika vaxtında yaxşı inkişaf edirdi, ölkə xeyrinə idi. "Azadlıq", "Yeni Müsavat", "Reytinq", "Ədalət" qəzeti və digərlərində sağlam tənqid gedirdi. Sonradan bu cür tənqidi yazılar öz tənqidçilik çərçivəsindən kənara çıxdı. Keçdi şəxsi münasibətlərə, sifarişli tənqidlərə və digər mənfi məqsədlərə. Odur ki, bir müddət çaşqınlıq yarandı. Bizim "Ədalət”də də məsləhətləşərək bir sıra yersiz tənqidləri yığışdırdıq . Tənqid yenə saytlarda, qəzetlərdə var. Vaxtilə qəzetlərdə tənqid ayrı - ayrı müəlliflərin simasında gedirdi. Baxmayaraq ki, "Azadlıq "vaxtilə ölkənin ən sevimli qəzeti olub, ancaq onda da tənqid ayrı-ayrı müəlliflərin simasında təhqir səviyyəsində verildi. Amma haqlı yazıları da olurdu. Azadlığı, demokratiyanı əldə əsas edərək bəzi təhqirli yazılarla tənqidi “səhv” saldılar. Jurnalistlərin cəzalandırılması məsələsi ortalığa çıxdı və o cür qəzet məcburiyyətdən bağlandı. Ancaq vaxtilə hamının ən sevimli qəzeti idi. Yəni bu cür məsələlərdə tənqidi öz mənafeyi naminə təhqirə çevirənlərin də xidməti oldu. Hakimiyyət hərisliyini tənqid etmək başqa, amma kirli jurnalistika maraqları da peşəkarlığa kölgə salır. Məmurların rüşvətxorluğunu faktlarla tənqid etmək başqa, amma şəxsi həyat məlumatlarını silah kimi istifadə etmək başqa. Vəzifəsindən sui-istifadə edən bəzi məmurlar da cəzalandırılıb. Guya ki, tənqid edən Habil , Surxay adlı “jurnalistlər” var idi. Eldar Mahmudova işlədiyi məlum oldu. Əli Həsənovun reket qəzetləri var idi ki, zamanla aşkarlandı. Prezident Administrasiyasına qədər bu şəxs gedib çıxmışdısa, demək mətbuatda da “kök” salmışdı. Vaxtında bunun qarşısını kimsə almadı. Onu da qeyd edim ki, ölkə prezidenti gördü ki, mükafatlandırdığı jurnalistlər belə düzgün yolla getmək istəmir, inam və etibarı itirir, çox təəəsüfləndi və müəyyən tədbirlər görməli oldu. Düşünürəm ki, çətinliklərin, nizamsızlığın günahı elə özümüzdədir...
Günel SABİRQIZI “Atatv.az” saytının xüsusi müxbiri.