Vaxtilə TƏBİB-in yaradılması Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidin zəruri və strateji baxımdan düzgün mərhələsi idi. Həmin dövrdə dövlət tibb müəssisələrinin idarəetmə modelinin yenilənməsi, xəstəxanaların yeni maliyyələşmə mexanizminə uyğunlaşdırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün çevik və operativ idarəetmə strukturuna ehtiyac var idi. TƏBİB məhz bu zərurətdən yarandı və keçid dövrünün idarə olunmasında mühüm rol oynadı.
“Atatv.az” xəbər verirki bunu AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi isə səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir. İcbari tibbi sığorta sisteminin formalaşması və idarəetmə mexanizmlərinin inkişafı artıq daha geniş, vahid və mərkəzləşdirilmiş yanaşmanı zəruri edir. Başqa sözlə, keçid dövrünün operativ idarəetmə modelindən vahid strateji idarəetmə sisteminə keçid baş verir:“İslahatın əsas məqsədi səhiyyə sistemində idarəetmənin koordinasiyasını gücləndirmək, məsuliyyət və hesabatlılığı artırmaq, təkrarlanan funksiyaları aradan qaldırmaq və qərarların qəbulunu sürətləndirməkdir. Eyni zamanda, bütün dövlət tibb müəssisələrində vahid keyfiyyət standartlarının tətbiqi, rəqəmsal inteqrasiyanın genişləndirilməsi və tibbi təhsilin səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşdırılması da mühüm prioritetlərdir”.
Deputat bildirib ki, həmin dəyişikliklərin uğuru, ilk növbədə, vətəndaşın gündəlik həyatında hiss olunmalıdır. Tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yüksəlməsi, xəstələrin məmnunluğunun artması, maliyyə resurslarından daha səmərəli istifadə və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşması islahatın əsas nəticələri olmalıdır.
"Ümumilikdə, TƏBİB-in yaradılması keçid dövrünün zəruri idarəetmə həlli idisə, onun Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi həmin keçidin başa çatdırılması və daha koordinasiyalı, dayanıqlı, nəticəyönümlü səhiyyə modelinin formalaşdırılması istiqamətində yeni mərhələdir. Əsas məsələ struktur dəyişikliyinin özündən daha çox, bu dəyişikliyin vətəndaşa göstərilən tibbi xidmətlərin keyfiyyətində real və ölçüləbilən nəticələr verməsidir", - deyə Sevinc Hüseynova vurğulayıb.