Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəza müddəti azaldılıb.
“Atatv.az” xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb.
N.Muradov və Q.Abdullayev bu ilin avqust ayında vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Təqsirləndirilən şəxslər həmin hökmdən apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini xahiş etmişdilər.
Bakı Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edərək hər iki şəxsin cəzasını 1 il 3 aydan 1 ilə endirib. Nadir Muradov və Qafar Abdullayev ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün cəza müddəti başa çatır və onlar 8 gündən sonra azadlığa buraxılacaqlar.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il Qaradağ Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirərək bir neçə vəzifəli şəxsi həbs etmişdi. Hadisədən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilmişdi.