Zaman-zaman peşəkar və işində haqlı olan jurnalistlərin məmur özbaşınalığına, təhdid və təzyiqlərinə məruz qalmasının canlı şahidi olmuşuq. Onlar qəzet və saytlarda, eləcə televiziya kanallarında hazırlanan tənqidi və obyektiv araşdırma və reportajlara etiraz əlaməti olaraq bu xoşagəlməz qanunsuz üsula əl atırlar. Bununla jurnalistin göstərən aynasını sındırmaq, yazan qələmini məhv etmək və danışan dilini susdurmaq istəyirlər. Amma unutmurlar ki, bu o qədər də asan məsələ deyil.
Hazırda ATATV. AZ redaksiyası da belə məmur özbaşnalığına rast gələn saytlardandır. Son günlər sayt və sosial şəbəkədə hazırladığımız tikinti, nəqliyyat, ayrı-ayrı vətəndaş şikayətlərinin müraciətlərinə əsaslanmış tənqidi materiallara görə vəzifəsindən sui istifadə edən bir sıra məmurların hədəfinə tuş gəlib. Onlar redaksiya heyyətini həmin obyektiv materialların hazırlanmasına görə ittiham edir, üstəlik müxtəlif təzyiq üsulları vasitəsilə işimizə əngəl olurlar. Halbuki, həmin və digər şikayət xarakterli bütün materiallar ATATV. AZ saytının qaynar xəttinə vətəndaşlar tərəfindən daxil olmuş problem və şikayətlərdir. Redaksiya heyyəti bütün müraciətlərə obyektiv və peşəkar kimi yanaşaraq öncə faktlar üzrə araşdırma etməklə müraciəti dərc edir, vətəndaşın haqq səsini aidiyyatı qurumların diqqətinə çatdırır. Məqsəd vətəndaşa kömək etmək, peşəkar jurnalistika prinsip və əqidəsinə sadiq qalmaqdır. Hansı ki, reket jurnalistlər bunu silah məqsədilə istifadə edib və etməkdədir. Reketlik məmur, vəzifəli şəxs və sahibkarlardan hansısa çirkli məqsədlər naminə pul, mənsəb qopartmaq amacı daşıyırsa, bunu reket fəaliyyəti ilə məşğul olanlara tətbiq etmək haqlı olar. Ancaq sosial şəbəkə paylaşımlarında, saytda belə biz bunu əziyyətimiz naminə təmənnasız icra edir, yazır, hazırlayır, geniş ictimaiətin və aidiyyatı qurumların diqqətinə həssaslıqla çatdırırıq. Kreslo və vəzifəsinə arxayın olan, illərdir korrupsiya xətti ilə külli miqdarda pulları mənimsəyən, dövlətçilik və dövlət idarəetməsinə məqsədli ziyan vuran bu cür ləkəli şəxslər vicdanlı, obyektiv və qərəzsiz jurnalistikanı özü üçün göz dağına çevirib, cəmiyyətin gözündə nüfuzdan salmaq istəyirlər. Jurnalist ölkədəki haqsızlıqları göstərən ayna, yazan iti qələm, həqiqətləri deyən ədalət çarçısıdır. Saytımız da bu ənənə və həqiqət simvoluna riayət etməklə peşəkar jurnalistika fəaliyyəti ilə məşğuldur.
Məlumat üçün vəzifəsindən özbaşınalıq və sui istifadə edən məmurların diqqətinə çatdırırıq ki, etdiyiniz haqsız əməl cinayətdir, qanunvericilikdə də ciddi qanun pozuntusudur.
Belə ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə (KİV) və ya jurnalistlərin qanuni fəaliyyətinə mane olma, təzyiq və ya hədə qorxu göstərilməsi əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi (təhdid) ilə jurnalistləri məlumat yaymağa və ya yaymaqdan imtinaya vadar etmək 500 manatdan 1000 manatadək cərimə və ya 1 ilədək islah işləri ilə cəzalandırılır. Həmçinin, bu əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə (bəzi hallarda müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə) tətbiq edilir.
İnzibati Məsuliyyət Zor və ya hədə-qorxu tətbiq edilmədən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə görə İnzibati Xətalar Məcəlləsinə əsasən 300 manatdan 600 manatadək cərimə nəzərdə tutulur.
Əgər media haqqında Qanun və digər normativ sənədlər mətbuat azadlığını qoruyursa, bu vəzifədə çalışan işbazlar, dələduzlar deməli həmin vəzifəni ona inanaraq təyin edən ölkə başçısına qarşı çıxır, xalqın inam və rəğbətini kənara qoyub öz cibini və statusundan doğan liderlik, rəhbərlik eşqini üstün tutur. Onlar istəyir ki, hər kəs bunları "Firon" bilsin və onlara sitayiş etsin. Ancaq anlamırlar ki, firon və firondaşlar zamanla taladığına və oğurluqlarına haqq əməli geyindirib ədalət rəmzinə çevrilə bilməz. Onlar zalım və oğru olaraq yaddaşlarda əbədi həkk olunur, minilliklər tarixində lənətlənirlər. Xalqını, dövlətini, dövlətçilik xəttinə sadiq istənilən məmur, vəzifəli şəxslər birmənalı dövlətə ləyaqətlə xidmət edər, vətəndaş müraciət və təkliflərinə həssaslıqla yanaşar, obyektiv medianı dəstəkləyər ki, onları göstərən aynanı deyil, özlərini, yəni əməllərini "sındırıb" düzəltməlidir.
Təsadüfi deyil ki, zaman-zaman işində, vəzifəsində külli miqdarda yeyinti və oğurluğa imza atan məmur və rəhbər şəxslər ölkə başçısının göstərişi ilə "iş başında" (rüşvət aldığı yerdə) saxlanılaraq ədalət məhkəməsinə çəkilib, həbs olunub. Bu da digər vəzifəli şəxslərə, məmurlara nümunə, dərs olmalıdır.
Bir daha, ATATV. AZ saytının redaksiyası adından bəyan edirik ki, biz illərdir vicdanlı, obyektiv jurnalistika prinsiplərinə xidmət edir, dövlət və dövlətçilik dəsti xəttinə sadiq, xalqımıza, sevgi və sayğı çərçivəsində bütöv, demokratik, dünyəvi Azərbaycan Respublikası naminə xidmət edirik və etməkdə davam edəcəyik. Çəkib işıqlandırdığımız, barəsində yazdığımız reportaj və məqalələr daim vətən, ölkə, xalq naminədir. Burda görülən işlərin müsbət təqdiri və görülməyən işlərin tənqidi də hədəf ola bilər. İstənilən şəxs informasiyanı toplamaq, yayımlamaq paylaşmaq, ötürmək hüququna malikdir. Biz qələmə, vicdana, dövlətə xəyanət edə bilmərik!
Atatv.az saytının redaksiya heyyəti