Uzun mətnlər, zəif mütaliə, testə əsaslanan tədris və yazı vərdişlərinin yetərincə formalaşdırılmaması məktəblilərin müstəqil düşüncə və özünüifadə bacarıqlarına təsir edir. Məktəblilərin esse və inşa yazmaq bacarığı son illərdə təhsil mühitində ciddi müzakirə doğuran məsələlərdən birinə çevrilib. Bir vaxtlar məktəb proqramında mühüm yer tutan inşa yazıları, bədii mətnlərin təhlili, obrazların xarakteristikası və müstəqil fikir bildirmək tapşırıqları bu gün bir çox şagird üçün çətinlik yaradır.
Xüsusilə ibtidai siniflərdə dərsliklərə daxil edilən çoxsaylı və bəzən həcmcə böyük hekayələr fonunda problemlər yaranır. Şagird həmin mətni anlamır, oxuduğu hekayənin əsas ideyasını müəyyən edə, obrazların davranışını izah edə, hadisələrə münasibət bildirə də bilmir.
Müşahidələr göstərir ki, problem yalnız oxumaqla məhdudlaşmır. Şagirdlər oxuduqları barədə danışmaqda, fikirlərini ardıcıl cümlələrlə ifadə etməkdə, mətnin məzmununu ümumiləşdirməkdə və sərbəst yazı hazırlamaqda da çətinlik çəkirlər.
Dərslikdə uzun hekayə, şagirddə zəif mətn anlayışı
İbtidai sinif dərsliklərində bədii mətnlərin yer alması, əlbəttə, vacibdir. Uşaqların söz ehtiyatının genişlənməsi, təxəyyülünün inkişafı, hadisələri anlamaq və insan xarakterlərini tanımaq bacarığı məhz mütaliə ilə formalaşır.
Lakin burada əsas məsələ mətnin dərslikdə mövcudluğu deyil, onun şagird tərəfindən necə mənimsənilməsidir.
Həcmli hekayənin dərsliyə daxil edilməsi avtomatik olaraq oxu bacarığının inkişafı demək deyil. Əgər şagird mətni yalnız oxuyub bitirir, müəllim isə əsasən hadisələrin kim tərəfindən və harada baş verdiyini soruşmaqla kifayətlənirsə, bu zaman mətnin dərin mənası açılmamış qalır.
Şagirdə aşağıdakı suallar verilməlidir:
-Hekayənin əsas fikri nədir?
-Müəllif bu hadisəni nə üçün təsvir edib?
-Obrazın davranışı doğru idimi?
-Hadisələrin sonluğu başqa cür ola bilərdimi?
-Sən həmin obrazın yerində olsaydın, necə davranardın?
Bu suallar uşağı sadəcə oxucu olmaqdan çıxarıb düşünən, müqayisə edən və nəticə çıxaran şəxsə çevirir.
Deməli, dərsliklərdə mətnlərin sayı və həcmi qədər onların yaş səviyyəsinə uyğunluğu, məzmunun mənimsənilməsi və təhlil üçün yaradılan imkanlar da əhəmiyyətlidir.
Mütaliə azalır, yoxsa oxumağın məqsədi dəyişir?
Məktəblilərin yazı bacarıqlarının zəifləməsinin əsas səbəblərindən biri mütaliənin gündəlik vərdişə çevrilməməsi ola bilər.
Bədii kitab oxumayan, yalnız dərslikdəki mətnlərlə kifayətlənən şagirdin söz ehtiyatı və ifadə imkanları məhdudlaşa bilər. Kitab oxumaq uşağa yeni sözlər öyrətməklə yanaşı, cümlə quruluşunu, mətnin ritmini, fikrin başlanğıcını və nəticəsini də mənimsədir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin saytında dərc olunan mütəxəssis fikirlərində pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev bədii ədəbiyyatın uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rolunu vurğulayır. O, bədii əsərlərdəki obrazların və hadisələrin uşaqların dünyagörüşünü genişləndirdiyini qeyd edir.
Təhsil eksperti Asif Cahangirov isə mütaliənin yalnız şagirdlər üçün deyil, pedaqoji işçilər üçün də vacib olduğunu bildirir. Onun fikrincə, mütaliə inkişaf, öz üzərində işləmək və biliklərin genişləndirilməsi deməkdir. Ekspert məktəblilər üçün sistemli sinifdənxaric oxu proqramlarının hazırlanmasını da məqsədəuyğun hesab edir.
Bu fikirlər göstərir ki, mütaliə təsadüfi və epizodik fəaliyyət deyil, məktəb təhsilinin davamlı hissəsi olmalıdır.
Testlər yazı bacarığını arxa plana keçirir?
Esse və inşa probleminin digər mühüm tərəfi tədrisdə test tapşırıqlarının üstünlük təşkil etməsidir.
Test şagirdin müəyyən məlumatı tanımaq və düzgün cavabı seçmək bacarığını yoxlaya bilər. Lakin o, uşağın müstəqil mətn yaratmaq, fikrini əsaslandırmaq, hadisələr arasında əlaqə qurmaq və şəxsi mövqeyini ifadə etmək qabiliyyətini tam ölçmür.
“Azərbaycan müəllimi” nəşrinin 10 fevral 2026-cı il tarixli materialında 182 nömrəli tam orta məktəbin metodisti Səidə Dünyamalıyeva bu məsələyə diqqət çəkib.
Metodistin sözlərinə görə, müəllimlər praktik səbəblərdən testlərə daha çox üstünlük verirlər. 25–30 şagirdin inşasını yoxlamaq vaxt tələb edir, test nəticələrini isə daha qısa müddətdə qiymətləndirmək mümkündür.
Səidə Dünyamalıyeva qeyd edir ki, buraxılış və monitorinq imtahanlarının test formatında olması da müəllimlərin dərs prosesində bu istiqamətə yönəlməsinə təsir göstərir.
Onun fikrincə, testlərin həddindən artıq çoxluğu şagirdlərin sərbəst fikir bildirmək, cümlə qurmaq və mətn yaratmaq bacarıqlarını zəiflədə bilər.
Bu, təhsildə mühüm ziddiyyət yaradır: şagird düzgün cavabı seçməyi öyrənir, amma həmin cavabın nə üçün doğru olduğunu öz sözləri ilə izah etməkdə çətinlik çəkir.
Məktəbdə yazı tapşırıqları əlavə yük kimi deyil, tədrisin əsas hissəsi kimi qəbul edilməlidir.
Yuxarı siniflərdə ədəbiyyat dərsliyinin funksiyası nədir?
Ədəbiyyat dərsliyi yalnız şairlərin, yazıçıların həyat və yaradıcılığını, əsərlərin məzmununu öyrətmək üçün nəzərdə tutulmamalıdır.
Ədəbiyyat şagirdə insanı tanımağı, hadisələrə müxtəlif tərəflərdən baxmağı, cəmiyyətin problemlərini anlamağı və öz mövqeyini formalaşdırmağı öyrətməlidir.
Lakin dərs yalnız əsərin məzmununun danışılması, müəllifin bioqrafiyasının əzbərlənməsi və test suallarının cavablandırılması ilə məhdudlaşarsa, bədii ədəbiyyatın əsas funksiyası zəifləyər.
Yuxarı sinif şagirdi əsəri oxuduqdan sonra onun ideyasını müəyyən etməli, obrazların xarakterini təhlil etməli, müəllifin mövqeyini anlamalı və öz fikrini əsaslandırmalıdır.
Məsələn, bir obrazın xarakteristikası yazılarkən yalnız onun zahiri xüsusiyyətlərini sadalamaq kifayət deyil. Şagird obrazın davranışını, qərarlarını, digər personajlarla münasibətini və bu davranışların nəticələrini təhlil etməlidir.
Ədəbiyyat dərsi şagirdin düşüncə laboratoriyasıdır. Bu dərsdə yalnız hazır fikirlər öyrədilirsə, şagirdin müstəqil təhlil qabiliyyəti inkişaf etməyəcək.
Beynəlxalq qiymətləndirmə nə göstərir?
Problemin miqyasını anlamaq üçün beynəlxalq qiymətləndirmələrin nəticələrinə də nəzər salmaq olar.
OECD-nin 2025-ci il PISA nəticələrinə dair Azərbaycan üzrə ölkə hesabatında 15 yaşlı şagirdlərin oxu bacarıqları ilə bağlı diqqətçəkən göstəricilər yer alıb.
Hesabata əsasən Azərbaycanda şagirdlərin yalnız 35 faizi oxu üzrə minimum ikinci səviyyəyə və ya daha yüksək nəticəyə nail olub. OECD ölkələri üzrə isə bu göstərici 69 faizdir. Azərbaycanda oxu üzrə beşinci və ya altıncı səviyyədə nəticə göstərən şagirdlərin sayı demək olar ki, yoxdur.
Yüksək səviyyəli oxu bacarığı uzun mətnləri anlamaq, abstrakt fikirlərlə işləmək, faktla rəyi fərqləndirmək və mətnin mənbəyini qiymətləndirmək qabiliyyətini əhatə edir.
Bu nəticələr məktəblilərin oxu savadlılığının inkişafına daha ciddi diqqət yetirilməsinin vacibliyini göstərir.
PISA nəticələri birbaşa esse və inşa yazmaq bacarığını ölçməsə də, oxuduğunu anlamaq və təhlil etmək yazılı ifadənin əsas şərtlərindən biridir.
Nazirlik də oxuyub-anlama problemini etiraf edir
Elm və təhsil naziri Emin Əmrullayev 11 sentyabr 2025-ci ildə keçirilən mətbuat konfransında şagirdlərin oxuyub-anlama qabiliyyətinin zəifliyini tədrisin əsas problemlərindən biri kimi qiymətləndirib.
Nazirin fikrincə, dil dərslərinin məqsədi yalnız qrammatik qaydaları öyrətmək deyil. Şagird oxuduğunu anlamalı, fikirlərini düzgün və tam şəkildə ifadə etməlidir.
O, oxu bacarığının sürətli oxumaqla eyni olmadığını da vurğulayıb. Mətnin dəqiqədə neçə sözlə oxunmasından daha vacib məsələ həmin mətnin məzmununun dərk edilməsidir.
Bu yanaşma problemin mahiyyətini aydın göstərir: oxu sürəti, mətnin mexaniki səsləndirilməsi və həqiqi anlama eyni bacarıqlar deyil.
Süni intellekt şagirdin yazısını yazır, bəs düşüncəsini kim inkişaf etdirir?
Müasir dövrdə məktəblilərin esse və inşa yazmaqda çətinlik çəkməsinə təsir edən amillərdən biri də texnologiyadan istifadə formasıdır.
Süni intellekt vasitələri şagirdə mətn hazırlamaq, fikirləri ümumiləşdirmək və yazını redaktə etmək imkanı verir. Lakin hazır mətnin əldə edilməsi onun müəllifi olan şagirdin həmin fikirləri müstəqil şəkildə formalaşdırması demək deyil.
OECD-nin PISA 2025 hesabatında Azərbaycanda şagirdlərin 35 faizinin yazı tapşırıqlarını hazırlamaq üçün süni intellekt çatbotlarından həftədə ən azı bir dəfə istifadə etdiyi qeyd olunur.
Bu fakt texnologiyanın təhsil prosesində artıq geniş yer aldığını göstərir. Məsələ süni intellektdən istifadəni qadağan etmək deyil, onu düşünmə və öyrənmə vasitəsinə çevirməkdir.
Şagird hazır inşanı köçürmək əvəzinə, süni intellektdən plan hazırlamaq, söz ehtiyatını genişləndirmək, yazısındakı səhvləri müəyyənləşdirmək və öz fikirlərini təkmilləşdirmək üçün istifadə etməlidir.
Əks halda, texnologiya yazı bacarığını inkişaf etdirmək əvəzinə, müstəqil düşünmə prosesini əvəz edə bilər.
Məktəbdə esse və inşa bacarığı necə inkişaf etdirilməlidir?
Problemin həlli yalnız şagirdə daha çox yazı tapşırığı verməklə mümkün deyil. Yazı vərdişi mərhələli, sistemli və yaşa uyğun şəkildə formalaşdırılmalıdır.
Bunun üçün ekspertlər bəzi şərtləri qeyd edir. İlk növbədə ibtidai siniflərdə mətnlərdən sonra sadə, anlaşıqlı və düşündürücü suallar verilməlidir.
Şagirdlər hekayənin məzmununu öz sözləri ilə danışmağa və qısa xülasə yazmağa alışdırılmalıdır. Həmçinin obrazların xarakteristikası və hadisələrin təhlili müntəzəm tapşırıq olmalıdır. Yuxarı siniflərdə isə esse, inşa, müzakirə və yaradıcı yazı dərslərinə daha geniş yer ayrılmalıdır. Müəllimlər yazıları yalnız orfoqrafik səhvlərə görə deyil, məzmun, fikir ardıcıllığı, əsaslandırma və yaradıcılıq baxımından da qiymətləndirməlidirlər.
Sinifdənxaric mütaliə formal hesabat deyil, müzakirə və təhlil prosesinə çevrilməlidir. I sonda şagirdin yazısı hazır nümunəni təkrarlamaqdan deyil, şəxsi müşahidə və düşüncəsindən qaynaqlanmalıdır.
Bir sözlə, məktəb yalnız oxumağı deyil, düşünməyi də öyrətməlidir
Əvvəlki illərin məzunları ilə indiki məktəblilərin yazı bacarıqlarını müqayisə edərkən fərqli təhsil mühitini, proqramları və qiymətləndirmə üsullarını da nəzərə almaq lazımdır. Bununla belə, müstəqil fikir yazmaq, oxuduğunu təhlil etmək və öz sözləri ilə ifadə etmək bacarığının zəifləməsi ciddi narahatlıq doğurur.
Bu problem yalnız uşaqların az kitab oxuması ilə izah edilə bilməz. Mütaliə vərdişlərinin zəifliyi, yazı işlərinə ayrılan vaxtın azalması, test yönümlü qiymətləndirmə, müəllimlərin metodik dəstəyə ehtiyacı və mətnlərin mənimsənilməsinə kifayət qədər diqqət ayrılmaması bir-biri ilə əlaqəli amillərdir.
Unutmayaq ki, ədəbiyyat dərsliyi şagirdə hazır cavablar vermək üçün deyil, onu sual verməyə, düşünməyə və nəticə çıxarmağa yönəltmək üçün mövcuddur.
Məktəbdə esse və inşa yazmaq sadəcə qiymət almaq vasitəsi deyil. Bu, uşağın özünü ifadə etməsi, dünyanı anlaması və gələcəkdə müstəqil qərarlar verməsi üçün mühüm bacarıqdır.
Çünki oxuduğunu anlamayan şagird fikrini yazmaqda, fikrini yazmaqda çətinlik çəkən şagird isə öz düşüncəsini əsaslandırmaqda çətinlik çəkəcək.
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri