• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kozettanın pozulan hüquqları, yoxsa dərsliklərin bərbad durumu?

Gündəm / Cəmiyyət

Вчера, 20:33

Kozettanın pozulan hüquqları, yoxsa dərsliklərin bərbad durumu?

Bu yazını vaxtilə məktəblərdə hicabla bağlı tətbiq edilən geyim qadağasına münasibət olaraq qələmə almışdım. Lakin son günlər dərsliklərlə bağlı yenidən gündəmə gələn müzakirələr göstərir ki, yazının toxunduğu problemlər aktuallığını nəinki itirməyib, əksinə, təhsil sistemimizin daha dərin və köklü çatışmazlıqlarını üzə çıxarıb.
Əzbərçilik, qayda və test üsulu üzərində qurulmuş təhsil sistemimizin ən ciddi problemlərindən biri də dərsliklərin məzmunu, dili, müəlliflik keyfiyyəti və hazırlanma mexanizmi ilə bağlıdır. İllərdir müəyyən müəllif çevrələrinin və nəşriyyat maraqlarının təsirində formalaşan dərslik bazarında anlaşılmaz ifadələr, süni şəkildə uzadılmış mətnlər, pedaqoji baxımdan uğursuz tapşırıqlar, məzmun və məntiq ardıcıllığı pozulmuş hekayələr az deyil. Üstəlik, bəzi mətnlərin başqa mənbələrdən götürülməsi, müəlliflik və plagiat məsələləri ətrafında yaranan suallar da ictimai müzakirənin predmetinə çevrilib.
Rafiq Ələkbərov, Rafiq İsmayılov və digər müəlliflərin adı ilə təqdim olunan dərslik materialları ətrafında da ciddi suallar var. Söhbət yalnız hansısa mətnin kimdən götürülməsindən getmir. Əsas məsələ budur ki, dərslik hazırlığı kimlərin nəzarətindədir, müəlliflik prinsipləri necə qorunur, mətnlərin elmi-pedaqoji ekspertizası hansı meyarlarla aparılır və ictimai tənqidə münasibət necə formalaşır? Dərslik müəllifliyinin şəxsi gəlir mənbəyinə çevrilməsi, eyni müəllif çevrələrinin uzun müddət bu sahədə üstün mövqeyini qoruması barədə iddialar ciddi araşdırılmalıdır. Müəllifin ictimai tənqid qarşısında məsuliyyət daşımaq əvəzinə, efirdə «əcəb edirəm» mövqeyi sərgiləməsi isə müzakirənin mahiyyətini dəyişmir. Dərslik şəxsi mülkiyyət deyil, milyonlarla uşağın təhsil aldığı ictimai əhəmiyyətli vəsaitdir. Onun müəllifi də, sifarişçisi də, ekspertizası da ictimai hesabatlılıqdan kənarda qala bilməz.
Kimdən kimə şikayət edək? Belə görünür ki, hələlik yeganə çıxış yolu dərsliklərdəki qüsurları ayrı-ayrılıqda üzə çıxarmaq, konkret nümunələrlə ictimai müzakirəyə daşımaqdır.
Diqqət yetirdiyimiz nümunə 4-cü sinif Azərbaycan dili dərsliyinin 28-ci səhifəsindəndir. Səhifədə «Uşaq hüquqları» mövzusunda Azərbaycan qanunvericiliyindən altı maddə təqdim olunur. Həmin maddələr arasında uşağın təhsil hüququ, azad fikir ifadə etmək, şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı müddəalar da var. Xüsusilə 14, 22 və 27-ci maddələr əsasında uşaqlara hüquqlarının mahiyyətini izah etmək, onları hüquqi düşüncəyə alışdırmaq, gündəlik həyatda bu hüquqların necə qorunmalı olduğunu öyrətmək mümkündür.
Xub, gözəl! Bəs bu mühüm hüquqi biliklər şagirdə hansı nümunə əsasında mənimsədilir? Müasir Azərbaycan cəmiyyətindən, məktəb mühitindən, uşaqların gündəlik həyatından götürülmüş real hadisələr vasitəsiləmi? Xeyr. Mövzu Viktor Hüqonun «Səfillər» əsərinin qəhrəmanları Qavroş və Kozettanın həyat hekayəsi üzərindən izah edilir.
Səkkiz yaşlı Kozettanın yoxsulluq, istismar, təhsildən məhrumluq və valideyn qayğısından kənarda qalmaq kimi faciəli həyatı şagirdə təqdim olunur. Ardınca isə dördüncü sinif şagirdindən həmin obrazın hansı hüquqlarının pozulduğunu müəyyənləşdirmək tələb edilir. Əlbəttə, bu əsər dünya ədəbiyyatının mühüm nümunələrindəndir və uşaqlara humanizm, mərhəmət, sosial ədalət kimi anlayışları aşılamaq baxımından dəyərlidir. Problem Hüqonun əsərinin dərslikdə yer alması deyil. Problem ondan ibarətdir ki, uşağın hüquqları barədə danışarkən öz cəmiyyətimizin reallıqlarına, milli nümunələrə və uşaqların gündəlik həyatında qarşılaşdıqları problemlərə nə üçün yetərincə müraciət edilmir?
Ölkəmizdə Kozetta və Qavroş taleyi yaşayan uşaqlar yoxdurmu? Müxtəlif bölgələrdə, ucqar kəndlərdə məktəbə getmək imkanı məhdud olan, ailəsinin maddi vəziyyəti səbəbindən təhsilini davam etdirə bilməyən, ailə qayğısından məhrum qalan, küçələrdə diləndirilən, erkən yaşda əməyə cəlb edilən, sosial müdafiəyə ehtiyacı olan uşaqlarımız azdırmı? Onların həyat hekayələri niyə dərsliklərdə yoxdur? Niyə bu uşaqların problemləri əsasında həm hüquqi bilik, həm sosial məsuliyyət, həm də empatiya formalaşdıran mətnlər hazırlanmasın?
Dərslik müəlliflərinin işi yalnız xarici ədəbiyyatdan tanınmış obrazları seçib onların üzərindən tapşırıq qurmaqdan ibarət olmamalıdır. Əsl müəlliflik mövcud reallığı müşahidə etmək, cəmiyyətin problemlərini görmək, uşağın yaşına uyğun, anlaşıqlı və düşündürücü mətn yaratmaq bacarığıdır. Əgər müəllif öz cəmiyyətinin həyatından bir hekayə seçə, onu bədii və pedaqoji baxımdan işləyib dərslik səviyyəsinə gətirə bilmirsə, burada yaradıcılıq və metodika məsələsi ortaya çıxır.
Viktor Hüqo da bir gündə yetişməyib. Onu yetişdirən ədəbiyyat mühiti, cəmiyyət, maarifçilik ənənələri və keyfiyyətli təhsil olub. Bəs bizim təhsil sistemi neçə illərdir öz Hüqosunu, öz milli hekayə müəlliflərini, uşaqların həyatını dolğun və təsirli şəkildə qələmə alan yazarlarını yetişdirmək əvəzinə, niyə hazır mətnlərin və təkrarçılığın arxasınca gedir? Bu, həm də milli kimlik, ədəbi yaddaş və öz cəmiyyətini tanımaq məsələsidir.
Məsələ burasındadır ki, eyni dərslikdə uşağın hüquqlarından danışılır, amma həmin hüquqların real həyatda necə qorunması barədə düşünmək üçün kifayət qədər yerli nümunə verilmir. Halbuki ötən aylarda ölkənin şəhər və kənd məktəblərində hicabla bağlı tətbiq olunan geyim qadağası ciddi ictimai narahatlıq yaratmışdı. Hicablı şagirdlərin, valideynlərin və müəllimlərin yaşadığı gərginliklər sosial şəbəkələrdə geniş müzakirə olunurdu. Bəs uşaqların təhsil hüququ, dini etiqad azadlığı, şəxsi ləyaqəti və ayrı-seçkilikdən müdafiəsi barədə dərsliklərdə göstərilən prinsiplər bu məsələyə münasibətdə necə tətbiq olunur?
Əgər uşağın hüquqlarını yalnız Viktor Hüqonun Kozettası üzərindən izah ediriksə, gəlin öz məktəblərimizdə baş verənləri də həmin hüquqların meyarları ilə müzakirə edək. Hüquq yalnız dərslikdə çap olunan maddə deyil, real həyatda qorunmalı olan təminatdır.
Hicablı şagirdin təhsil müəssisəsinə dini geyiminə görə buraxılmaması və ya təhsilini davam etdirmək üçün inancına zidd seçim qarşısında qoyulması hüquqi və pedaqoji baxımdan ciddi müzakirə tələb edir. Burada söhbət təkcə geyimdən getmir. Təhsil hüququ, vicdan və dini etiqad azadlığı, uşağın ləyaqətinin qorunması, dövlətin dünyəvi xarakteri və təhsil müəssisələrində vahid qaydaların tətbiqi arasında hüquqi tarazlıq məsələsi var. Bu məsələlər şüarlarla deyil, qanunvericilik, zərurət və mütənasiblik prinsipləri əsasında qiymətləndirilməlidir.
Hicab qadağasının arxasında hansı siyasi və ya inzibati motivlərin dayandığı barədə müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu regional gərginliklərlə, ABŞ-İran münasibətləri və geosiyasi qarşıdurma ilə əlaqələndirir. Digərləri ölkədə dini radikallaşma, farslaşma və əfqanlaşma qorxusunun, dünyəvi təhsil modelini qorumaq istəyinin nəticəsi kimi təqdim edir. Hətta maliyyə maraqları və siyasi hesablamalar barədə də iddialar səslənir. Ancaq bunların heç birini konkret sübut olmadan qadağanın təsdiqlənmiş səbəbi kimi qəbul etmək olmaz.

Mənim üçün əsas sual başqadır: dövlətin təhsil siyasəti uşağın hüquqlarını qorumağa, keyfiyyətli təhsil verməyə və fərqli inanclara hörmət mühitini formalaşdırmağa xidmət edirmi? Yoxsa bütün diqqət inzibati qadağalara, geyimə nəzarətə və formal qaydalara yönəldilir?
Bu proseslərin daha geniş siyasi və ictimai kontekstdə baş verdiyini düşünmək üçün müəyyən əsaslar olsa da, konkret qərarların arxasında hansı niyyətlərin dayandığını sənədləşdirilmiş faktlar olmadan söyləmək doğru deyil. Bununla belə, dövlət siyasətində dəyişikliklərin ictimai maraqlara nə dərəcədə uyğun olması sualını vermək hər bir vətəndaşın haqqıdır.
Nardaran hadisələrindən sonra həmin ərazidə və ümumilikdə dini mühitə münasibətdə baş verən dəyişikliklər də cəmiyyətin yaddaşındadır. Bir vaxtlar gerilik, xurafat və radikallıqla əlaqələndirilən məkanların sonradan kommersiya və əyləncə maraqlarının predmetinə çevrilməsi barədə müzakirələr də səngimir. Burada əsas sual budur: Əgər dini mühitin yaratdığı təhlükələrdən danışırıqsa, cəmiyyətin mənəvi və sosial sağlamlığına təsir edən digər problemlərə münasibət niyə eyni prinsipiallıqla formalaşmır? Hicab təhlükə kimi təqdim edilirsə, qumar və kazino fəaliyyətinin doğurduğu sosial risklər niyə eyni dərəcədə müzakirə olunmur? Dünyəvilik yalnız dini atributların məhdudlaşdırılması demək deyil. Dünyəvi dövlət həm də vətəndaşın hüquqlarını, azadlıqlarını və ictimai rifahını qorumaq məsuliyyəti daşıyır.
Bir daha vurğulayıram: hicablı şagird və müəllimlərə tətbiq edilən qadağa onların təhsil almaq, təhsil vermək və peşə fəaliyyətini həyata keçirmək imkanlarına təsir göstərir. «Hicabını çıxarsın, dərsinə davam etsin» yanaşması isə məsələnin mahiyyətini həll etmir. Çünki burada söhbət sadəcə geyim seçimindən yox, insanın dini inancından, vicdanından və həmin inancın tələblərinə əməl etmək hüququndan gedir. Yetkin insanın şüurlu dini seçiminə hörmət edilməlidir. Uşaqlarla bağlı isə valideyn məsuliyyəti, uşağın üstün mənafeyi və onun öz fikrini ifadə etmək hüququ birlikdə nəzərə alınmalıdır. Dini inancın məcburiyyətə çevrilməsinə qarşı olmaqla, insanın könüllü dini seçimini qadağan etmək arasında ciddi fərq var.
Ölkənin əhalisinin böyük hissəsinin müsəlman olması da bu mövzunun ictimai əhəmiyyətini artırır. Lakin hüquqların qorunması yalnız çoxluğun dini kimliyindən asılı olmamalıdır. Dövlətin dünyəvi olması dini etiqadın ictimai həyatdan silinməsi, vətəndaşların inanclarına görə fərqləndirilməsi demək deyil. Əksinə, dünyəvilik müxtəlif inanclara və inancsızlığa bərabər münasibətin hüquqi təminatıdır.
Mənə bu qadağadan müasir, qərbyönümlü sekulyarizm nümunəsindən daha çox, köhnə inzibati qadağa və nəzarətçilik düşüncəsi xatırladır. Çünki müasir təhsil sistemi uşağı geyiminə görə deyil, biliyinə, bacarığına, düşüncəsinə və şəxsiyyətinə görə qiymətləndirməlidir. Maarifçilik ənənələrindən, tənqidi düşüncədən, azad fikirli şair və yazıçılarımızdan danışmağın nə mənası var, əgər məktəbdə uşağa düşünmək yox, qaydanı əzbərləmək öyrədilirsə?
Bu gün məktəblərdə şagirdlərin böyük hissəsi test, qayda və imtahan nəticəsi ətrafında sıxışdırılıb. Milli ədəbiyyatımızın böyük nümayəndələrini tanımaq, onların əsərlərini anlamaq, mütaliə vərdişi qazanmaq ikinci plana keçib. Müəllimlərin bir qismi də keyfiyyətli dərs keçməkdən çox, repetitorluq fəaliyyəti və imtahan nəticələri ilə məşğuldur. Nəticədə məktəb bilik və dünyagörüşü qazandıran məkan olmaqdan uzaqlaşır, şagird isə təhsili düşünmək və öyrənmək prosesi kimi deyil, bal toplamaq vasitəsi kimi qəbul edir.
Əgər məqsəd cahilliklə mübarizədirsə, ilk növbədə təhsilin özündəki problemlər aradan qaldırılmalıdır. Rüşvət, repetitorluqdan asılılıq, məktəblərdə keyfiyyətsiz tədris, dərslik monopoliyası, müəlliflik və nəşriyyat maraqlarının ictimai mənafedən üstün tutulması ciddi şəkildə araşdırılmalıdır. Təhsil sahəsində məmur dayağı ilə böyük biznesə çevrilmiş şəbəkələr varsa, onların fəaliyyəti şəffaflaşdırılmalıdır. Dərsliklərin hazırlanması açıq müsabiqə, müstəqil ekspertiza, müəllim və valideyn rəyi, ictimai müzakirə əsasında həyata keçirilməlidir. Plagiat iddiaları araşdırılmalı, müəlliflərdən mətnlərin mənbələri və müəlliflik hüquqları ilə bağlı aydın hesabat tələb edilməlidir.
Sərt nəzarət və inzibati tədbirlər lazımdırsa, bunlar uşaqların geyiminə deyil, tədrisin keyfiyyətinə, dərsliklərin məzmununa, müəllimlərin peşəkarlığına və məktəblərdə real təhsil mühitinin yaradılmasına yönəldilməlidir. Repetitorluq məktəbin alternativinə çevrilməməlidir. Müəllim sinif otağında keyfiyyətli təhsil verməli, şagird əlavə hazırlığa məcbur qalmadan məktəbdə öyrənməli olduğu bilikləri mənimsəməlidir.
Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Hicablı qızların yüksək bal toplamasını göstərən şəkilləri paylaşmaq qadağaya qarşı arqument kimi təqdim edilir. Halbuki məsələ hicablı şagirdin yüksək, yaxud aşağı nəticə göstərməsi deyil. Hicabın təhsilə maneə olduğuna dair ümumiləşdirilmiş iddia varsa, bu iddia faktlarla əsaslandırılmalıdır. Eyni zamanda yüksək nəticə göstərən hicablı şagirdin nümunəsi də hüquq məsələsini həll etmir. Çünki insanın təhsil hüququ onun akademik göstəricilərindən, geyimindən və dini mənsubiyyətindən asılı olmamalıdır.
Dini atributu primitiv şəkildə qiymətləndirənlər, özlərini dindar saymayanlar, hətta ateist olanlar da bir həqiqəti nəzərə almalıdırlar: səmimi və könüllü dini inanc insanın şəxsi seçimidir. Başqasının inancını bölüşməmək həmin inanca hörmət etməmək üçün əsas ola bilməz. İllərdir özünü multikultural dövlət kimi təqdim edən ölkədə fərqli dinə, dilə, irqə və dünyagörüşünə malik insanların uşaqları eyni məktəbdə təhsil ala bilməli, öz kimliklərindən imtina etməyə məcbur edilməməlidirlər. Multikulturalizm yalnız beynəlxalq tədbirlərdə səsləndirilən şüar deyil, məktəbin sinif otağında da yaşadılmalı olan dəyərdir.
Və nəhayət, yenidən Kozettaya qayıdaq. Dördüncü sinif şagirdinə onun pozulmuş hüquqlarını öyrətmək, əlbəttə, faydalıdır. Ancaq həmin şagirdin yaşadığı cəmiyyətdə hüququ pozulan uşaqların hekayələrini görməməzliyə vurmaq, onların problemlərini dərslikdən kənarda saxlamaq nə dərəcədə doğrudur? Öz ölkəsində təhsildən kənarda qalan, yoxsulluqdan əziyyət çəkən, ailə və sosial müdafiədən məhrum olan uşaqların hekayələrini araşdırıb bədii-pedaqoji mətnə çevirmək əvəzinə, hazır xarici nümunələrə sığınmaq müəllif üçün daha asan yol ola bilər. Amma bu, dərslik müəllifinin yaradıcılıq və ictimai məsuliyyət vəzifəsini əvəz etmir.
Dərsliklər uşaqlara yalnız məlumat ötürməməli, onlara yaşadıqları cəmiyyəti tanımağı, sual verməyi, müqayisə aparmağı, hüquqlarını bilməyi və haqsızlığa münasibət bildirməyi öyrətməlidir. Bunun üçün isə ilk növbədə dərslik müəlliflərinin özləri cəmiyyətin problemlərini görməyi, araşdırmağı və keyfiyyətli mətn yaratmağı bacarmalıdırlar.
Kozettanın hüquqlarını öyrətmək istəyənlər əvvəlcə öz ölkəsinin Kozettalarını görməyi bacarmalıdırlar. Hicablı uşağın təhsil hüququndan danışanlar da həmin hüququ yalnız qanun maddəsi kimi deyil, real həyatın tələbi kimi qəbul etməlidirlər.
Çünki əsas problem Kozettanın hüquqlarının pozulmasını şagirdə öyrətmək deyil. Əsas problem uşaqların hüquqlarından bəhs edən dərsliklərin özünün keyfiyyət, məzmun, müəlliflik və milli reallıq baxımından ciddi suallar doğurmasıdır. Bir ölkənin dərslikləri uşağa öz cəmiyyətini tanıda bilmirsə, onu düşünməyə, araşdırmağa və hüquqlarını müdafiə etməyə hazırlamırsa, orada problem təkcə bir hekayənin seçimində deyil, bütövlükdə təhsil fəlsəfəsindədir.
Kozettanın pozulan hüquqlarını öyrətmək yaxşıdır. Bəs öz Kozettalarımızın hüquqlarını qorumaq, onların hekayəsini yazmaq və uşaqlarımıza keyfiyyətli dərslik vermək nə vaxt gündəmimizə çevriləcək?
(Ardı var)

Günel İsayeva
Atatv.az, Azadtv.az saytlarının xüsusi müxbiri

Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

3-11-2026, 15:53

Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Gündəm / Cəmiyyət

7-09-2026, 09:47

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Gündəm / Cəmiyyət

15-10-2026, 10:54

AGMA: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
14-11-2026, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
14-11-2026, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
14-11-2026, 09:55
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
13-11-2026, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
11-11-2026, 10:35
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
10-11-2026, 17:18
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Son xəbərlər
  • Вчера, 20:33
    Kozettanın pozulan hüquqları, yoxsa dərsliklərin bərbad durumu?
  • Вчера, 18:43
    Tarix, hüquq və qardaşlıq zənciri: Şimali Kipr Türk Cümhuriyyətinin azadlıq və mübarizə salnaməsi
  • Вчера, 15:00
    HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
  • Вчера, 14:45
    Rəşad Məcidə ağır itki – Anası Yavər xanım vəfat etdi
  • Вчера, 14:30
    Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
  • Вчера, 14:00
    Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
  • Вчера, 13:30
    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
  • Вчера, 13:00
    Sabah Azərbaycanda intensiv yağış yağacaq, güclü külək əsəcək
  • Вчера, 12:19
    17 Noyabr – Milli Dirçəliş Günü: Azadlığa aparan mübarizənin tarixi
  • Вчера, 12:00
    Azərbaycan XİN Fələstini təbrik edib
  • Вчера, 11:00
    Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
  • Вчера, 10:30
    UEFA Millətlər Liqası: Portuqaliya öz meydanında Danimarkaya böyük hesabla uduzub
  • 14-11-2026, 23:30
    Toyuq-cücənin "pasport" dərdi, yoxsa kəndlinin ümid yerinə uzanan əllər?
  • 14-11-2026, 22:41
    Azərbaycanda şəkərli diabet: xəstələrin sayı artır, müalicə xərcləri yüksəlir
  • 14-11-2026, 21:30
    Azərbaycanda şəkərli diabet: xəstələrin sayı artır, müalicə xərcləri yüksəlir
  • 14-11-2026, 18:00
    Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV
  • 14-11-2026, 17:30
    Zelenskini Moskvaya dəvət etmişik, o isə gəlmir - Rusiya XİN
  • 14-11-2026, 17:00
    Tələbələri narazı salan bufet qiymətləri: “Ac qalmamaq üçün yeyirəm”
  • 14-11-2026, 16:01
    Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • 14-11-2026, 15:40
    Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
  • 14-11-2026, 14:58
    Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
  • 14-11-2026, 14:26
    Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
  • 14-11-2026, 13:22
    Ağsu son on ildə: abadlaşan şəhər, yenilənən kəndlər, inkişaf edən sosial infrastruktur Quruculuq, təmir-tikinti, səhiyyə və təhsil sahəsində görülən işlər rayonun inkişaf mənzərəsini formalaşdırır
  • 14-11-2026, 13:02
    Sabah Bakıda yağış yağacaq
  • 14-11-2026, 12:23
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
  • 14-11-2026, 11:50
    Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
  • 14-11-2026, 11:36
    Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
  • 14-11-2026, 10:43
    Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
  • 14-11-2026, 09:55
    Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
  • 14-11-2026, 09:11
    SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
  • 13-11-2026, 19:21
    DEPUTAT NAQİF HƏMZƏYEV JURNALİSTLƏRİN HAQQ SƏSİNƏ SƏS OLDU! PARLAMENT TRİBUNASINDAN SƏSLƏNƏN FİKİRLƏR MEDİADA REZONANS DOĞURDU!
  • 13-11-2026, 19:00
    Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
  • 13-11-2026, 18:30
    Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
  • 13-11-2026, 18:09
    Külək güclənəcək - XƏBƏRDARLIQ
  • 13-11-2026, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə