14 noyabr – Ümumdünya Diabet Günü münasibətiləARAŞDIRMA
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı son 10 ildə iki dəfədən çox artıb. Əvvəllər varlıların xəstəliyi kimi ad çıxaran “şəkərli diabet” müasir dövrün ən ciddi xroniki xəstəliklərindən biri olmaqla yanaşı, Azərbaycanda da səhiyyə sisteminin qarşısında duran mühüm problemlərdən birinə çevrilib. Xəstəliyin yayılması, xüsusilə ikinci tip diabetin artması, onun yaratdığı ağırlaşmalar, müalicənin uzunmüddətli xarakter daşıması və xəstələrin üzləşdiyi maddi çətinliklər məsələni təkcə tibbi deyil, həm də sosial-iqtisadi problemə çevirir.
Rəsmi statistika göstərir ki, son onillikdə ölkədə şəkərli diabet diaqnozu ilə tibb müəssisələrində qeydiyyatda olan insanların sayı kəskin artıb. Bu artımın arxasında həm həyat tərzinin dəyişməsi, həm əhalinin yaşlanması, həm də xəstəliyin daha yaxşı aşkarlanması dayanır.
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2015-ci ildə ölkədə şəkərli diabet diaqnozu ilə qeydiyyatda olanların sayı 209 377 nəfər, 2020-ci ildə 287 466 nəfər, 2023-cü ildə 385 179 nəfər olduğu halda, 2024-cü ildə bu göstərici 423 523 nəfərə çatıb. Başqa sözlə, doqquz il ərzində qeydiyyatda olan xəstələrin sayı təxminən 2 dəfə artıb. Səhiyyə Nazirliyinin 2025-ci ildə yayımladığı məlumatda da son on ildə artımın iki dəfədən çox olduğu , yəni 37, 7 faiz artdığını qeyd edir. Belə ki,
TƏBİB-in 19 dekabr 2025-ci ildə açıqladığı məlumata əsasənölkədə 343 349 nəfər şəkərli diabet xəstəsi dispanser qeydiyyatında olub. Həmin xəstələrin 26 adda dərman vasitəsi ilə təmin edildiyi, 103 uşağın insulin pompasının məsrəfləri qarşılandığı qeyd olunur. Eyni zamanda 3–15 yaşlı uşaqların təxminən 1 300 nəfəri davamlı qlükoza monitorinq cihazı ilə təmin edildiyi faktı da həmin statistik göstəricidə yer alıb.
Rəsmi qeydiyyatla real yayılma arasında fərq
Beynəlxalq Diabet Federasiyasının (IDF) 2025-ci ildə təqdim olunan məlumat bazasında 2024-cü il üçün Azərbaycanda 20–79 yaşlı diabet xəstələrinin təxmini sayı 715,3 min nəfər göstərilir. Bu hesablamaya görə, həmin yaş qrupunda xəstəliyin yayılma səviyyəsi 10,2 faizdir.
Daha diqqətçəkən məqam isə xəstələrin təxminən 33,9 faizinin, yəni 242,5 min nəfərin xəstəliyindən xəbərsiz olması ehtimalıdır.
Bu rəqəm Dövlət Statistika Komitəsinin 423 523 nəfərlik qeydiyyat göstəricisindən fərqlənir. Səbəb odur ki, beynəlxalq təşkilatın rəqəmi statistik modelləşdirməyə əsaslanan təxmindir, dövlət statistikası isə tibb müəssisələrində qeydiyyata alınmış şəxsləri əhatə edir. Bu iki göstəricini eyni metodologiyanın nəticəsi kimi qəbul etmək olmaz.
Deməli, Azərbaycanda problemin görünən tərəfi rəsmi qeydiyyatdakı 423 mindən çox xəstədirsə, aşkarlanmamış hallar da nəzərə alındıqda ümumi tibbi yük daha böyük ola bilər.
Şəkərli diabet niyə artır? Əsas risk amilləri
Şəkərli diabetin artımını yalnız şirniyyat və şəkərli qidaların qəbulu ilə izah etmək düzgün deyil. Bu xəstəlik bir neçə amilin birgə təsiri nəticəsində meydana çıxır.
Ekspertlər artıq çəki və piylənmə, xüsusilə qarın nahiyəsində piylənməni, hərəkətsiz həyat tərzini, yəni günün böyük hissəsini oturaq vəziyyətdə keçirmək, fiziki aktivliyin az olmasını, qidalanma vərdişlərində .əkərli içkilər, yüksək kalorili qidalar, rafinə edilmiş karbohidratlar və lif baxımından kasad qidalanma riskini əsas səbəb kimi göstərir. Eyni zamanda irsi meyillik, yəni ailədə diabet xəstələrinin olması ikinci tip diabet ehtimalını yüksəldir. Yaş artdıqca insulin müqaviməti və digər metabolik problemlər daha çox müşahidə olunur.Xroniki stress və yuxu pozuntuları da metabolik sağlamlığa və qanda şəkərin tənzimlənməsinə mənfi təsir göstərə bilər. Həmçinin yüksək arterial təzyiq, lipid mübadiləsinin pozulması və digər metabolik problemlər diabet riskini artırır.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, normal bədən çəkisinin qorunması və tütündən uzaq durmaq ikinci tip diabetin qarşısının alınmasında mühüm rol oynayır.
Azərbaycanda 2025-ci ildə dərc edilmiş STEPS araşdırmasının nəticələri də bu təhlükəni təsdiqləyir. Artıq çəkili və piylənməsi olan əhalinin payı 60,4 faizə çatıb. Piylənmə qadınlarda 26,1, kişilərdə isə 18,7 faizdir. Eyni araşdırmada fiziki aktivliyin yetərsiz olduğu əhalinin payı 27,8 faiz göstərilir. Bu göstəricilər diabetin artmasına şərait yaradan həyat tərzi risklərinin ölkədə geniş yayıldığını göstərir.
Daha çox kişilərdə, yoxsa qadınlarda rast gəlinir?
ÜST-nin Azərbaycan üzrə diabet profilində təqdim olunan məlumatlarda diabetin yayılması qadınlarda 12,6 faiz, kişilərdə isə 10,5 faiz göstərilib. Bu, qadınlarda daha yüksək göstəriciyə işarə edir
Digər tərəfdən, Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə ölüm göstəricilərində diabetdən ölüm səviyyəsi hər 100 min nəfərə qadınlarda 14,4 nəfər, kişilərdə 9,9 nəfər təşkil edib.2020-ci ildə isə bu göstərici qadınlarda 22,4, kişilərdə 16,9 olub.
Beləliklə, mövcud epidemioloji və ölüm göstəriciləri qadınlarda diabet yükünün daha yüksək ola biləcəyini göstərir.
Xəstəliyin əlamətləri: diabet insan orqanizminə necə təsir edir?
Şəkərli diabet qanda qlükozanın səviyyəsinin uzun müddət yüksək qalması ilə xarakterizə olunan xroniki metabolik xəstəlikdir. Orqanizm ya kifayət qədər insulin istehsal etmir, ya da istehsal olunan insulindən səmərəli istifadə edə bilmir.
Xəstəlik iki əsas formada geniş yayılıb: Birinci tip diabet:Orqanizmin insulin istehsal edən hüceyrələrinə qarşı autoimmun proses nəticəsində insulin çatışmazlığı yaranır. Xəstə insulin müalicəsinə ehtiyac duyur. İkinci tip diabet:Orqanizm insulindən düzgün istifadə edə bilmir və zamanla insulin istehsalı da kifayət etməyə bilər. Daha çox yayılmış formadır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova açıqlamasında Azərbaycanda xəstələrin 85–90 faizində ikinci tip diabetin müşahidə olunduğunu bildirib. O, qidalanmanın və pəhrizə əməl etməyin müalicədə mühüm yer tutduğunu vurğulayıb.
Əsas simptomlar isə tez-tez susamaq və ağız quruluğu, sidiyə tez-tez çıxmaq, xüsusilə gecələr, davamlı yorğunluq və halsızlıq, səbəbsiz çəki itirmək, görmənin bulanıqlaşması,yaraların gec sağalması, dəridə qaşınma və təkrarlanan infeksiyalar,əl və ayaqlarda keyimə, iynələnmə və yanma hissi kimi əlamətlərlə büruzə verir.
Xüsusilə ikinci tip diabet uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə bilər. İnsan yalnız profilaktik müayinə və ya başqa xəstəliklə əlaqədar qan analizi zamanı diabet olduğunu öyrənə bilər.
Diabetin əsas təhlükəsi yalnız qanda şəkərin yüksək olması deyil. Vaxtında nəzarət edilmədikdə xəstəlik orqanizmin müxtəlif sistemlərinə zərər vurur.
ÜST diabetin korluq, böyrək çatışmazlığı, infarkt, insult və aşağı ətrafların amputasiyası riskini artırdığını bildirir.
Ekspert rəyləri: həkimlər hansı təhlükəyə diqqət çəkirlər?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova şəkərli diabetin müalicəsində qidalanmanın xüsusi əhəmiyyətini vurğulayır. Onun açıqlamasına əsasən, xəstəliyin idarə olunmasında pəhriz, şəkərsalıcı preparatlar və insulin müalicəsi birlikdə mühüm rol oynayır.
Ekspert xəstələrə fiziki aktivliyi artırmağı, gün ərzində müntəzəm gəzməyi və qanda şəkərin səviyyəsinə nəzarət etməyi tövsiyə edir.
2025-ci ildə diabetlə bağlı keçirilən müzakirələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova xəstəliyin erkən aşkarlanmasının vacibliyinə diqqət çəkib.
Onun açıqlamasına görə, şəkərli diabet qeyri-infeksion xəstəliklər arasında ölüm səbəblərinə görə ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə qərarlaşır. Erkən diaqnostika və profilaktika ağırlaşmaların qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Şəkərli diabetin müalicəsi uzunmüddətli prosesdir. Xəstə yalnız dərman almaqla kifayətlənmir. Daimi qan analizləri, qlükometr, test zolaqları, insulin, həkim müayinələri, xüsusi qidalanma və ağırlaşmalar yarandıqda əlavə müalicə tələb olunur.
Bu səbəbdən xəstəliyin müalicəsi həm ailə büdcəsinə, həm də dövlət səhiyyə xərclərinə ciddi təsir göstərir.
Dövlət büdcəsindən ayrılan vəsait
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il dövlət büdcəsi layihəsinə dair rəyində şəkərli diabet üzrə ayrılan vəsaitlər barədə konkret məlumatlar təqdim olunub.2023-cü ildə 53 mln manat, 2024-cü 58 mln, 2025-ci ildə bu məbləğ 65,9 mln manat olub. 2023-cü illə müqayisədə 2025-ci ildə nəzərdə tutulan vəsait təxminən 24,3 faiz artıb.
Lakin Hesablama Palatasının rəyində diqqətçəkən başqa bir məqam da var. 2025-ci ildə 382 676 xəstə nəzərə alınmaqla, bir nəfər üçün illik təminat xərci 172,6 manat hesablanıb. Müqayisə üçün bu göstərici 2023-cü ildə 184 manat, 2024-cü ildə isə 175,5 manat olub.
Bu, dövlət xərclərinin ümumi məbləği artsa da, xəstə sayının artmasının adambaşına düşən təminat imkanlarına təsir etdiyini göstərir.
2026-cı il üçün isə dövlət büdcəsi haqqında qanunda şəkərli diabetlə bağlı tədbirlərə 69 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2025-ci ilin proqnozundan 3,1 milyon manat çoxdur.
Xəstələr hansı dövlət dəstəyindən yararlana bilirlər?
Azərbaycanda şəkərli diabet xəstələrinin müalicəsi üçün xüsusi dövlət proqramı mövcuddur.
Bu proqramın əsas məqsədi xəstələrin dərman təminatını yaxşılaşdırmaq, müayinələrini təşkil etmək, ağırlaşmaların qarşısını almaq və xəstələrin həyat keyfiyyətini yüksəltməkdir.
Dövlət dəstəyinin əsas istiqamətləri insulin preparatlarının pulsuz təminatı, müəyyən şəkərsalıcı dərmanların təmin edilməsi, qanda şəkərin ölçülməsi üçün qlükometr və test vasitələrinin verilməsi, dövlət tibb müəssisələrində müayinə və müalicə, uşaqların və yeniyetmələrin xüsusi tibbi nəzarətdə saxlanılması, diabetin ağırlaşmalarının erkən aşkarlanması və müalicəsi üçün nəzərdə tutulub.
Dövlət dəstəyi bütün müalicə xərclərini qarşılayırmı?
Dövlətin dərman və müəyyən tibbi ləvazimatlarla təminat proqramı olsa da, diabetli insanların bütün gündəlik xərclərinin avtomatik olaraq dövlət tərəfindən ödənildiyini söyləmək düzgün olmaz.
Xəstələrin əlavə xərclərinə dövlət təminatına daxil olmayan preparatlar, əlavə laborator analizlər və müayinələr, davamlı qlükoza monitorinqi üçün sərf materialları, xüsusi qidalanma və pəhriz məhsulları, dövlət təminatından kənarda alınan tibbi avadanlıqlar, böyrək, göz, ürək və damar ağırlaşmalarının müalicəsi daxildir.
2026-cı il büdcə layihəsində dövlət tibb müəssisələrində diabet xəstələrinin müayinə və müalicəsinin icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilməsi də nəzərdə tutulub. Bu dəyişiklik dövlət təminatının maliyyələşmə mexanizmlərinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, konkret xəstənin hansı dərmanı, hansı analiz və tibbi xidməti ödənişsiz əldə edə bilməsi qüvvədə olan təminat siyahısından və tibbi göstərişlərdən asılıdır.
Problemin həlli üçün hansı addımlar vacibdir?
Statistik göstəricilər, ekspert açıqlamaları və dövlətin maliyyələşdirmə siyasəti birlikdə təhlil edildikdə, Azərbaycanda diabetlə mübarizənin yalnız dərman təminatı ilə məhdudlaşmamalı olduğu aydın görünür. Bunun üçün erkən diaqnostikanın genişləndirilməsi, regionlarda endokrinoloji xidmətin gücləndirilməsi vacibdir. Xəstələr ixtisaslı həkimə və müayinələrə əlçatan şəkildə müraciət edə bilməlidirlər.
Həmçinin dərman təminatının davamlılığı və uşaqlar üçün texnoloji imkanların genişləndirilməsi, yəni davamlı qlükoza monitorinqi sistemləri və insulin pompalarının əlçatanlığının artırılması vacibdir. Maarifləndirmə tədbirləri kimi sağlam qidalanma, fiziki aktivlik və diabetin ilkin əlamətləri barədə əhali arasında məlumatlılığın yüksəldilməsinə, eləcə də ağırlaşmaların qarşısının alınmasına , yəni göz, böyrək, ürək-damar və sinir sistemi müayinələrinin müntəzəm aparılmasını diqqətdə saxlamaq lazımdır.
Şəkərli diabetlə mübarizə təkcə həkimin və xəstənin deyil, bütövlükdə cəmiyyətin və səhiyyə sisteminin məsuliyyətidir.
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytının xüsusi müxbiri