NAQİF HƏMZƏYEVİN PARLAMENTDƏ SƏSLƏNDİRDİYİ FİKİRLƏR MEDİANIN PROBLEMLƏRİNİ YENİDƏN GÜNDƏMƏ GƏTİRDİ
Naqif Həmzəyevin Milli Məclisdəki çıxışı diqqətdən yayınmadı. Deputat jurnalistlərin üzləşdiyi haqsızlıqlara toxunmaqla yanaşı, regionlarda mövcud problemləri, ictimai nəzarət və media nümayəndələrinin qarşılaşdığı çətinlikləri də parlament tribunasında gündəmə gətirdi.
Onun səsləndirdiyi fikirlər medianın diqqətini çəkdi və geniş müzakirələrə səbəb oldu. Xüsusilə jurnalistlərin haqq səsinin parlament səviyyəsində eşidilməsi mətbuat nümayəndələri üçün əhəmiyyətli mesaj kimi qiymətləndirilə bilər.
Deputatın çıxışında diqqət çəkən əsas məqamlardan biri regionlarda problemləri işıqlandıran jurnalistlərin qarşılaşdıqları maneələr və onların peşə fəaliyyətinə münasibət məsələsi idi.
Bəzən bir deputatın parlamentdə səsləndirdiyi fikir uzun müddət diqqətdən kənarda qalan problemlərin müzakirəsinə yol açır. Əsas məsələ isə bu fikirlərin əməli nəticələrlə davam etdirilməsidir.
FAKT TƏLƏB EDİLİRSƏ, JURNALİSTLƏRİN SƏSİNƏ DƏ QULAQ ASILMALIDIR!
Deputatın çıxışından sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov jurnalistlərin süjetlərinə görə işdən çıxarılması və təzyiqlərə məruz qalması ilə bağlı konkret faktların təqdim edilməsinin vacibliyini vurğulayıb.
Ziyafət Əsgərovun fakt tələbi araşdırma və sübut baxımından başadüşüləndir. Lakin burada başqa bir sual da ortaya çıxır: jurnalist öz peşə fəaliyyətinə görə təzyiq gördüyünü bildirirsə, onun müraciətini araşdırmaq üçün hansı mexanizmlər işləyir? Jurnalistin səsi eşidilirmi, şikayəti obyektiv araşdırılırmı?
Mən də jurnalist kimi bu məsələyə kənardan baxmıram. Şəxsən işdən uzaqlaşdırılma və məhkəmə müstəvisində təzyiq kimi qiymətləndirdiyim çətinliklərlə üzləşmişəm. Bunlar mənim şəxsi təcrübəmə əsaslanan açıqlamalarımdır və araşdırılmağa layiq məsələlərdir.
Fakt tələb edilirsə, mən də öz təcrübəmi ortaya qoyuram. Jurnalistin yaşadığı hadisələr, müraciətləri, sənədləri və məhkəmə materialları diqqətlə araşdırılmalıdır. Heç bir iddia araşdırılmadan hökm kimi təqdim edilməməli, eyni zamanda jurnalistin müraciəti də diqqətdən kənarda qalmamalıdır.
Jurnalistin işi susmaq deyil, cəmiyyətin görmədiyini göstərmək, eşitmədiyini səsləndirmək və ictimai maraqları müdafiə etməkdir. Əgər jurnalist hansısa problemin görüntülənməsinə və yayılmasına görə təzyiq hiss edirsə, bu, müvafiq qurumların diqqətindən kanarda qalmamalıdır.
Naqif Həmzəyevin çıxışında diqqət çəkən məqam məhz jurnalistlərin və region sakinlərinin problemlərinin parlament tribunasından səsləndirilməsidir. Bu mövzunun yalnız çıxış səviyyəsində qalmaması, real araşdırmalar və nəticələrlə davam etdirilməsi vacibdir.
JURNALİSTİN SƏSİ XALQIN SƏSİDİR!
Unutmayaq ki, mətbuatın əsas vəzifəsi problemləri gizlətmək deyil, onları üzə çıxarmaqdır. Həqiqəti yazan jurnalistin hüquqları qorunmalı, onun qaldırdığı məsələlər araşdırılmalıdır.
Deputat fakt istəyirsə, faktlar araşdırılsın. Amma faktı təqdim edən jurnalistin də hüquqları qorunsun. Çünki ədalət yalnız fakt tələb etməklə deyil, həmin faktların obyektiv araşdırılması ilə təmin olunur.
Həqiqətin səsini kimin səsləndirməsindən asılı olmayaraq, onu eşitməyi bacarmaq lazımdır!
AYNURƏ ULDUZ TEYMUROVA
ATA-TV az, AZAD- TV az baş redaktoru birinci müavini