Kənd yerində səhər tezdən xoruz səsi ilə oyanmaq sadəcə romantik bir mənzərə deyil; bu, yüz minlərlə Azərbaycan kəndlisinin uşağının məktəb xərcini ödəmək, çörək pulunu qazanmaq yoludur. Amma görünür, kabinetlərdə oturan bəzi təmsilçilərimiz üçün kənd həyatı "Excel" cədvəllərindən, rəqəmlərdən və yeni "doldurulmalı büdcə bəndləri"ndən ibarətdir.
Son günlər kəndlərdə mal-qaranın, qoyun-keçinin, hətta həyətyanı sahələrdə gəzişən toyuq-cücənin belə qeydiyyata alınması ilə bağlı səsləndirilən təklif də bu qəbildəndir. Təklifin mahiyyətinə baxanda adamın gülməyi və ya ağlamağı gəlməsi sual altında qalır: Doğrudanmı məqsəd kənd təsərrüfatını dirçəltmək, kəndlinin maddi durumunu yaxşılaşdırmaqdır, yoxsa onun bir tikə çörək pulunu, minimal yaşayış ümidini də əlindən alıb büdcəyə "gəlir" yazmaq?
İddia oluna bilər ki, hər şey qeydiyyatda olmalıdır, şəffaflıq lazımdır, statistika dəqiq olmalıdır. Amma gəlin reallığın gözünə dik baxaq. Azərbaycan kəndlisi bu gün hansı şəraitdə yaşayır?
Bahalaşan yemlər, odun-su dərdi, suvarma suyu qıtlığı, qlobal istiləşmənin gətirdiyi quraqlıq və məhsulun maya dəyərinin ucuzluğundan əziyyət çəkən kəndli onsuz da hər gün qayğılarla üz-üzədir. İnsanlar şəhərə axışır, torpaqlar boşalır, kənd təsərrüfatı ilə məşğul olmaq getdikcə "qəhrəmanlığa" çevrilir. Belə bir həssas dövrdə kəndlinin həyətindəki üç-beş toyuğu, bir-iki inəyi qeydiyyata almaq təşəbbüsü dəstək yox, kəndliyə təzyiq kimi görünür. Niyə bu təklifi verənlər ölkə Prezidenti cənab İlham Əliyevin kəndliyə şərait yaradılması ilə bağlı dəfələrlə səsləndirdiyi fikirləri həyata keçirmək üçün səmərəli təkliflər verməkdənsə, belə paradoksal vəziyyət yaradırlar?
Bu cür "səmərəli" təklifləri eşidəndə təəssüflənməmək mümkün deyil: deməli, Zəfər sevinci yaşayan ölkəmizdə hələ də müzəffər Ali Baş Komandanımızın əhalinin sosial rifah halının yüksəldilməsi ilə bağlı dövlət proqramının həyata keçirilməsinə şərait yaratmaq əvəzinə, sosial siyasətlə iqtisadi soyğunçuluğu səhv salanlar çoxdur. Harada bir hərəkətlilik, harada bir qırıntı istehsal gördülərsə, dərhal oraya vergi əli uzatmağa çalışırlar. İki inəyin südünü satıb bazara çıxaran, 3-5 toyuğun yumurtası ilə ailəsini dolandıran qadına "gəl toyuğunu qeydiyyata salaq" demək, sabah həmin toyuğa vergi tətbiq olunacağının anonsundan başqa nəyə işarədir? Maraqlıdır, bu təklifi verənlər 30 ildən sonra işğaldan azad olunmuş torpaqlarımıza qayıdan soydaşlarımızındamı toyuq-cücəsinə göz dikiblər?
Məgər kəndli dövlətə vergi ödəməkdən qaçır? Böyük aqrar holdinqlərin, milyonluq dövriyyəsi olanların vergi məsələsi şəffaf şəkildə həll olunubmu ki, kəndlinin toyuqları sayılır? Səhərdən axşama qədər palçığın içində zəhmət çəkən, qazancını, bəlkə də, birbaşa marketdə un, yağ borcuna verən kəndlinin həyətindəki quş-quruda göz dikmək hansı məntiqlə izah oluna bilər?
Təşəbbüsdəki ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür inzibati qaydalar, əsassız qeydiyyatlar və "gözaltılar" kəndlidə azad, demokratik dövlətimizə və qanunlarımıza qarşı inamsızlıq yaradır. Təklif gerçəkləşərsə, təbii ki, insanlar öz həyətlərində sərbəst nəfəs ala bilməyəcəklərini düşündükcə kənddən qaçış sürətlənər. Bir ölkədə kənd boşalarsa, şəhər işsizlikdən boğularsa, o cəmiyyətin ərzaq təhlükəsizliyi sual altına düşər.
Millət vəkili xalqın səsi olmalıdır. Xalqın səsi isə kabinetdə oturub toyuq-cücəyə "pasport" axtarmaq yox, kəndlinin belindəki yükü necə azaltmağı, ona ucuz gübrə, sərfəli kredit, normal su və insani yaşayış şəraitini necə təmin etməyi düşünməkdir.
Əgər məqsəd, doğrudan da, kəndlinin rifahını yaxşılaşdırmaq, ölkə Prezidentimizin bu yöndə siyasətinə dəstək olmaqdırsa, gəlin ona vergi yükləmək bəhanələri axtarmayaq, əksinə, onun istehsal etdiyi məhsulu dəyərində sata bilməsi üçün şərait yaradaq. Çünki kəndli yaşasa, kənd yaşayar; kənd yaşasa, Azərbaycan yaşayar!
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru