Jurnalist, publisist Məzahir Əhmədoğlu ilə müsahibə (II HİSSƏ)
“Heç bilmədim o uşağın əli haçan qopub düşdü əlimdən, o uşağın üzü haçan itib batdı üzümdə”,- deyən Ramiz Rövşən ən sevdiyiniz şairlərdəndir. Həm də dostunuz. Yaradıcı adamlara da ömür qısa, həyat çətin təsir bağışlayır? Alnınızın qırışında basdırdığınız uşaqlığa, gəncliyə geri dönüş etmək keçir könüldən?
- Mən keçmişimlə yaşayan adamam, gələcək barədə heç nə düşünmürəm. Gələcək müammadır. İnsanlar gələcək barədə planlı danışır, mən isə keçmişimlə yaşayıram. Uşaqlıq, gənclik illərimi alnımın qırışında fiziki basdırmışam, amma yaddaşımda yaşayır, diridir. Bütün nüansları, mənfi və müsbət tərəfləri ilə. Həyatda o qədər səhvlərim olub ki! Əlli il öncəki səhvimə belə, indi də öyüd-nəsihət verirəm. Xatırlayıram, kinoya evdən icazə vermirdilər, qonşudan butulka oğurlayıb satıb puluna kinoya gedərdik. Xatirələrim yaşayır, bir anı da yaddan çıxan deyil. Hər gün həyatda olmayan dostlarımı xatırlayıram, əsl dostlarımı da xatırlayıram. Dostluğa xəyanət edənləri də yaddan çıxarmıram. Düşündüyüm adamlar qəlbimdə yaşayır.

- Dost demişkən, yazılarınızı oxuduqca həm də etibarlı, güvənli və intellektual dostlarınızın olduğunu görürük. Aktyor və yazıçı Şahmar Hüseynov , inşaatçı mühəndis Ağa Hüseynov, ədəbi tənqidçi Nadir Cabbarlı, yazar Əkrəm Əylisli, şair Ramiz Rövşən, Vaqif Odər Bayatlı, "qaqat" adlandırdığınız Sabir Əhmədov (Adil) şair, tərcüməçi Mahir Qarayev , aktyor Fəxrəddin Manafov və digər tanınmış şəxslər. Bunları sizlə dost edən və onlarda dost olaraq dəyər verdiyiniz ən ali dəyərlər nə idi? Bu müqəddəs bağ indiki dostluqlarınızda davam edirmi yoxsa ürəyiniz kimi çat verən dostlarınız çox oldu?
-Çat verən dostlarım çox olub. Məndə ən çox dost anlayışı yazıçı, tənqidçi Nadir Cabbarovla bağlıdır. O, möcüzə şəxsiyyət, qeyri- adi bir adam idi. Vaxtsız, bu dünyadan tez getdi. “Onlar...Sonbahar vurğunu” publisistik yazımı ona həsr etmişəm. Davamlı əlaqə saxladığım dostum isə Fəxrəddin Manafovdur. Onda mənə qarşı bir müsbət jest var ki, həmişə çaşıb qalıram. Məndən ona zəng gedəndə, "alo" , "buyurun", "kimdir" demir, elə bir başa "can Məzahir" deyir. Beş - altı dəqiqəlik telefon üzərindən olan davamlı ünsiyyətimiz illərin doğmalığını hər zaman qoruyub saxlayır. Həmçinin dost adını Ramiz Rövşən simasında deyə bilərəm. Məndən beş yaş böyükdür, özümə qardaş hesab eləmişəm. Ramiz Rövşən, Vaqif Cəbrayılzadə təkcə sevilən şair kimi yox, həm də şəxsiyyət kimi, dost kimi həyatımda mühüm rol oynayıblar. Söhbət təkcə poeziyadan getmir, şəxsiyyət də önəmlidir. Ramiz Rövşən şəxsiyyətini qoruyan, yüksəkdə saxlayan ədəbiyyat adamıdır. Böyük azərbaycanlıdır, həm də bu günün və gələcəyin şairdir. Onun bir çox şeirləri var ki, çox adam oxumayıb, ən məşhur şeirlərini oxuyub, bilirlər. Ramiz Rövşən gələcəkdə daha çox şöhrət qazanacaq. Dekabr ayının 15-də onun 80 illik yubileyi olacaq. Düşünürəm ki, yubileyi yüksək səviyyədə keçiriləcək. Ramiz Rövşəni sevənlər, şeirinin pərəstişkarları yaxşı ki çoxdur. Məhz buna görə Azərbaycan poeziyası ayaq üstədir. Müasir kassiklərimizdən 20 - ci əsrin sonu, 21- ci əsrin əvvəlində Məmməd Araz, Əli Kərim, Vaqif Bayatlı, Vaqif Vəkilov olan məqamda nə yaxşı ki, Ramiz Rövşən də var. Bu zəngin poeziya həm də oxucu dünyagörüşünə, zövqünə xitab edir. Əsas şərt də oxucu zövqünün formalaşmasıdır. Bu zövqü formalaşdıran, ona yüksək töhvə verən də xalqın sevimlisi olmalıdır.
- "Uludağ Əfsanəsi" yazınızda maraqlı bir hissə diqqətimi çəkdi. Dağla bağlı yaşadığınız sarstından 14 il keçir və siz dostlarınız Vaqif Cəbyalızadə, Vidadi Məmmədov, Natiq Səfərovla birlikdə Cəbrayıl rayonuna toya gedirsiz. Kamil Vəliyev sizi toydan öncə qədim dəyirmana aparır və orada axşamçağı Əbülfəz Elçibəyin xahişi ilə Xudafərinə yaxınlaşırsız. Bəyin dumduru baxışları, gözəl, dadlı söhbətləri sizi heyran edir və bir anlıq qeybə çəkilirsiz... Bəylə də həyatda tanış olmusuz və onunla etdiyiniz şirin, maraqlı söhbətlərini indi xatırlayırsızmı?
- Biz oxuyan vaxtı jurnalistika şərqşünaslıq və hüquq fakultəsi ilə bir binada Akademiyanın yaxınlığında, xalq təsərrüfatı binası ilə üzbəüz yerləşirdi. Hər gün Əbülfəz Elçibəylə rastlaşırdıq. Dostlarım ilə də yaxın idi. Adlarını çəkmək istəmədiyim bəzi dostlarımızla müəyyən yerlər vardı, görüşüb müzakirələrimiz olurdu. O, mənim müəllimim olmayıb, amma şəxsimə yüksək hörmətlə yanaşırdı. Hətta bir dəfə yaşımla bağlı Məmməd Arazın kitabını mükafat kimi də verdi. "Azərbaycanın gələcəyi uğrunda ən mübariz döyüşçülərdən biri Məzahir Əhmədova” avtobioqrafik imzası da vardı. Vaqif Cəbrayılzadə ilə mən Əbülfəz Elçibəyi Vətənini sevən, onun azadlığı uğrunda canını fəda verməyə hazır olan, cənub və şimal mövzusunu açıq danışa bilən tarixi şəxsiyyət kimi yüksək qiymətləndirsək də, ancaq tamam başqa ideoloji xətt üzrə hərəkət edirdik. Biz daha çox turançılıq fikrini dəstəkləyir və bu istiqamətdə tərəfdaşlarımızla iş aparırdıq. Biz bu ideologiya ilə bütün türk dünyası birləşəcək və gücümüz, nəhayət artacaq deyə fikirləşirdik. Onda hələ SSSR-dən çıxmaq söhbəti yox idi. Biz müstəqil ölkə olandan sonra hətta cənubla birləşəcək və türk dünyası qurulacaq deyə düşünürdük.

-Sizin üçün bəşəri şairlərdən biri də Əli Kərimdir. Onu bir dəfə 17 yaşınızda görmüsüz və bir il sonra isə dəfn mərasimində. Özü ilə həmsöhbət olmasanız da uzun müddət rayonda fəaliyyət göstərən Əli Kərim adına poeziya klubunun rəhbəri olmusuz. Onu çox incidiblər və bu maneə içki intiharı ilə nəticələndi deyə yazınızda bəhs edirsiz. Hətta müəllifi olduğu şeirləri də zamanla oğurlayıb öz imzaları ilə mənimsəyənlər olub. Şahidi olduqlarınız olub? - Əvvəldən sonadək şahid olduğum onun dəfn mərasimi idi. Hətta orada vahiməli bir hadisənin şahidi olmuşam. Əli Kərim məzara qoyulanda, bir nəfər boğuq səslə kənardan qışqırdı ki, “məni də məzara qoyun, diri - diri dəfn edin". Ora aparılan məktəbli uşaqlara nəzarət edirdim. O hadisəni hələ xatırlayıram. Onun şeirlərini mənimsəyib bir neçə nəfər çap edən oldu. Sonra üstündən keçildi, əhəmiyyətini itirdi. Çünki bu bir pis iş idi, o haqda danışmağı rəva bilmirəm. Ancaq mən çalışdığım qədər Əli Kərim adına poeziya klubuna istedadlı şairləri yığırdım. Onların içərisində məsələn, uğur qazanan, poeziyada, ədəbiyyatda öz sözünü deyən Mahir Niyaz oğlu Qarayevdir. Onu Göyçayda yaxşı tanımırlar, amma Cənubi Amerikaya ildə iki dəfə qonaq dəvət edirlər. Venesuelada, Kolumbiyada, Uruqvayda Mahiri latın Amerika ədəbiyyatının tərcüməçisi kimi tanıyırlar. Digərlərinə də yaradıcılıq baxımından kömək etmiş, şeirlərinin üzərində işləyib qəzetdə dərc etmişəm.Hətta kitabı nəşr olunanlar da var. Ancaq bu köməkliyi unudanlar da var. İncimirəm, həyatdır. Əsas poeziya klubunun fəaliyyətidir ki, yüksək səviyyədə çalışmışam. Xalq şairi Rəsul Rzanın köməkliyi ilə qəzetdə ayda bir dəfə ədəbiyyat səhifəsi ayırırdım. Bir çoxunun şeirlərini yerli qəzetlə yanaşı, mərkəzi qəzetlərdə, jurnallarda dərc etdirir, radioya çıxarmışam. Bakıdan tez-tez Əli Kərimə görə qonaqlar gəlib məni tapırdılar. Güclü imkanım yox idi, amma onları qonaq kimi qəbul edib yola salırdım.

-Xalq şairi Rəsul Rzanı yəqin ki, çox görərdiniz. Çünki klubun fəxri sədri o idi. Rəsul Rzanı necə xatırlayırsız?
- Xalq şairi Rəsul Rza olduqca təmkinli, sakit adam idi. Səhhətindəki şəkər xəstəliyi də bir az onu üzürdü, hiss olunurdu. Göyçaya gələndə məni yanına çağırırdı . Gedirdim, bəzi tapşırıqları olurdu, onlarla məşğul olurdum. Onun burda dostları, qohumları vardı. Rəhmətlik Qulu müəllimlə, Mirkərim həkimlə çox yaxın olublar. Əli Kərimin doğum və anım günlərimdə də gəlirdi. Adam toplayıb tədbir keçirirdik. Xəstə adam qızmar günəşin altında elə çıxış edirdi ki, mən üşüyürdüm. Təsirli çıxış edirdi. 1980- ci il idi, mərkəzi komitə səviyyəsində Rəsul Rza ölkədə bir neçə rayonun iqtisadiyyatı haqqında səfər təəssüratı yazsın deyə sifariş verildi. Üç nömrədə onun yazıları getdi. Bu yazı bütün Azərbaycan mətbuatına master klass idi. Tanıdığımız böyük jurnalistlər, qələm adamları ona heyran qaldı. Hələ də o həyəcanı xatırlayıram.
Xeyirxah adam idi, amma ünsiyyətdə çox ola bilmirdik. Yaradıcılığı, xarici səfərləri vardı. Nigar xanımla da söhbətlərimiz olub. Onları qələmə almışam, hətta Anar bizdə qonaq da olub. Anar Rza, Əkrəm Əylisli, Ənvər Məmmədxanlı, Vaqif Cəbrayılzadə bizim evdə qonaq olublar. Birgə tədbir də keçirmişik, amma sonra münasibətlərimiz genişlənməyib. Görünür, mən onun üçün maraqlı adam olmamışam. Bəlkə də ürəyində , fikrində qalmışam, yəni bizi tədbirlər, klubun işi bir araya gətirib. Rəsul Rzanın ev muzeyinə isə tez-tez baş çəkirəm. Çalışıram ki, burda işlər yaxşı olsun.
-Son dövrlərin intihar, qətl kimi zorakı xəbərləri cəmiyyətdə ciddi rezonans doğurmadan adi statistikaya çevrilməkdədir. "İndi oxuyarsanmı", “Ata qatillərinə” adlı yazılarınız da var. Əvvəllər aristokrat intiharlar, qətllər ictimai rəy doğururdursa, indi adi insanların intihar, məişət zəminində qətl xəbəri günlərlə tirajlanır, ondan reytinq yığılır. Sizcə artan bu tip xəbərlər (həm də cəmiyyətdə aqressiyaya, davranış pozuntusuna, eyni halın təkararlanmasına səbəb olmur , yəni) peşə etikası pozulmur?
-Hər bir cəmiyyətdə qətl, intihar halları mümkündür. Ancaq bu hallar ya davamlı hal alır, ya gec hallarda baş verir. Sovet dövründə də olurdu, ancaq bilinmirdi. Məşhur adamlar bunu edəndə məcbur qalıb deyilirdi, yayımlanırdı. Gənclərimiz Türkiyə və Avropa təsirilə sanki dəyişdi. Müharibədən, pandemiyadan sonrakı dövrdə insanlar çox sosial- iqtisadi,psixioloji əziyyət çəkdi. Müstəqillik illərində cavan uşaqların intiharı artdı. Bunun anotomiyasını öyrənməyə çalışdım. Bir çox hallarda binalardan özünü atanların intiharı banal səbəbdən, bəzən də şöhrətpərəstlikdən baş verdiyi də məlum oldu. Cəmiyyət də bu cür hallara laqeyddir. Bu tip hadisələrin artması siqnaldır. Səbəbləri Azərbaycanda ağsaqqallıq inistutunun itməsi, sağlam mentalitetin zədələnməsidir. Həmçinin övlad yanında valideynlərin fiziki,psixoloji, iqtisadi şiddəti, yəni məişət zorakılığı, zərərli vərdişlərə aludəçilik də təsir etdi. Keçmişdə bu az idi, sonradan artmağa başladı. Qarşısını almaq mümkün olmur. Bütün bunların baş verməməsi üçün cəmiyyətdə ən başlıcası keyfiyyətli təhsil, maariflənmənin təşkili, çoxsaylı ictimai tədbirlər və sağlam vətənsevərlik lazımdır. Bu tip hadilərin yazısı da reytinq yığır. Dahiyanə bir qələbə ilə müharibəni udduq, amma rezonansı yüksək deyildi. Nə qədər yazılar yazdım. Hətta Şuşa istiqamətdə aparılan əlbəyaxa döyüşü spartalıların döyüşünə bənzətdim, amma yazıma reaksiya görmədim. Özü də həm insult keçirmişdim, həm də pandemiya ərəfəsində yoluxmuşdum. "Vətən sevgisi dərsləri" adlı yazım dərc olundu. Bu yazıma müsbət reaksiya oldu. Yəni, qətl, intihar kimi xəbərlərin ardıcıl dərci, ondan reytinq tutulması peşə etikasına uyğun deyil. Mətbuat Şurası da neyləyə bilər? Elə imkanları, səlahiyyəti olan qurum deyil. Sayt bu tip xəbərlərdən günlərlə reytinq tutmasına dair şikayət olunarsa nəsə edə bilərlər. Düşünürəm ki, medianın sağlamlaşdırılması istiqamətində əsaslı işlər görülməlidir.
-Jurnalist daim müxtəlif insanlarla işləyir.Hər kəs fərqli xarakter və psixolgiyadadır. “Vampyrum” adlı yazınızda da iki növ enerji oğruları olan insanlardan ehtiyyat etdiyinizi qeyd edirsiz. Aqressiv vampirlər və sakit vampirlər,yəni neqativlər. Həyatınızda daha çox hansılarla qarşılaşmısız?Hələ də “fenozepam” müdafiə məqsədli atılır ?
-Bu yazıda əsas məqsədim enerji oğrularını ifadə etmək idi. Əvvəllər də bu cür insanlar olub, amma son dövrlər daha çox yayılıb. Gördüm ki, mümkün deyil. Məsələn, iş yoldaşındır, yaxşılıq edirsən, o sənə başqa cür yanaşır. Bu tip adamlarla davamlı rastlaşanda asan olmadığını anladım. Hətta o yazımda Ramiz Rövşəndən də bir parça şeir sitat gətirdim. Günümüzdə də bu cür insanlar var, onlardan yayınmaq olmur. Hələ ki, bizim ölkədə belə insanlar çox olacaq. “Fenozepam”ı isə yuxusuzluq adı ilə əsəb sakitləşdirici dərman kimi qəbul edirdim. İndi də hərdən “fenozepin”i qəbul edirəm, amma indi əvvəlki kimi insanlarla çox ünsiyyətdə olmuram. Çünki insanları saf -çürük etdim. Məni də saf çürük edənlər, eynilə məndən də qaçanlar olub. İnsanlar dünyaya pis yaxud yaxşı insan kimi gəlmir. Zamanla insan yetişir. Bəzi məsələləri çıxmaq şərti ilə öz xarakter, dünyagörüşümə və istedad və qələmimə arxayınam. Qəbul edilməsə də bilirəm ki, düz etmişəm. Nədənsə qazanmayıb, amma qəlbimdə rahatlıq tapıramsa o mənə sərf edir. O adlar, mükafatlardan daha çox qəlbinin, vicdanının rahat olmasıdır. Özünü səndən yüksək tutandan çox-çox yüksəkdəsən. Çünki bir cümləni anlaya bilmir, səni bəyənməsə nə olacaq ki?! ( gülür)

-Xatirələrinizin yaddaşı dərindir .Baksovet ölkəsi,Həbibin uzunşüllə çayxanası,Zülfününün qala divarlarına uşaq kimi qısılan kafesi. Vətən adlandırdığınız bu məkanlarda gedən ədəbi mübahisələr, dostlar ,yoldaşlıq ülfətilə,əqidə sirdaşlığı ilə sakit,pıçıltılı antisovet söhbətləri üçün darıxırsız?
- Çox darıxıram, çox. İndi həmin məkanların görkəmi çox dəyişib.Keçmiş Baksovet metrostansiyasının İçərişəhər adlanan hissəsi pramidalara oxşadılıb, amma yerinə düşməyib. Bağ da dəyişib, çayxana da yoxdur, amma onları yaddaşımdan silə bilmirəm. İndi həmin yerlərdən keçəndə görməyim deyə üzümü çevirirəm. Yaddaşımda yenə o yerləri, o xatirələri yaşada bilirəm. Səttar Bəhlulzadə ilə xatirələrim var. Necə unudum? Həmişə ağ geyimdə, tək orda gəlib əyləşirdi . Salam verib yanından keçəndə, "Mazahir bura gəl, neynirsən " deyib rəssamlıqdan, başqa məsələlərdən söhbət salırdı. Zarafatca deyirdi ki, düzünü de, birdən rəssam olarsan, bu qədər məlumatı hardan bilirsən. Deyirdim ki, vallah rəssam deyiləm, heç bir xətt də çəkə bilmirəm. (gülür) Belə gözəl söhbətləri, xatirələri necə unudum? İçərişəhər silki bir başqa silk idi. Ağazəki fenomeni. Narkotik və ləngərli yeriş, şapqa, amma ordan Vasif Babayev, Arif Babayev və başqa gözəl sənətkarlar da çıxıb. Vasif Babayevin həyat yoldaşı ilə gəlib Zülfünün çayxanasında çay içməsini, Sabir Mirzəyevin konsertinə getməyim, Möhbətdin Səmədi, Məmməd Orucu və müxtəlif insanlarla olan şirin, doğma söhbətimi necə unudum, axı bunlar gözümün qarşısında olub. Rəhmətlik Vidadi Məmmədovla, Natiq Səfərovla keçən günləri heç vaxt unutmaram. Göyçayımın da keçmişi ilə yaşayıram. Kişi dostlarımla yanaşı, qadın dostlarım da olub. Evdə də bu dostluqlar barədə məlumatlı idilər. Xeyli səyahət və dostluqlar həm də mənə formalaşmaq üçün material verib. Bu qədər əzablarımın, zərbələrimin, mənə edilən xəyanətlərin fonunda həyatımdan narazı deyiləm. O qədər gözəl günlərim olub ki. Bir epizod deyim. 80- ci illərin ortaları idi. Oğuz rayonunda dostum vardı. Bakıdan küsüb ora getmişdi. Gedən kimi, ona kənd sovetinin sədri vəzifəsini verdilər. Milliyətcə ləzgi idi, amma məni türkəm deyib aldatmışdı. Bakıda, Göyçayda görüşürdük. Bir gün məni darıxma tutdu, tanış şəxsi götürüb Oğuza getdim. Kəndin adı Kirovka idi. İdarəsinin qarşısına gəldik. Gəlişimiz barədə ona xəbər verilsə də kimliyimiz deyilmədi. Xidməti maşını gəlib məndən yüz metr aralı dayandı. Düşdü, baxıb gördü ki, mənəm. Diz çöküb əlini qaldırdı göyə. Duruxdum bu mənzərəyə.Yüyürərək gəlib qucaqlaşdıq. Gördüm ağlayır və "Allahıma sənin gəlişin münasibətilə dua edirdim. Bu dəqiqə dünyanın ən xoşbəxt adı mənəm” deməsi məni də kövrəltdi. Bir gün onlarda qonaq da qaldım. Həyatımda belə səmimi dostluqlar, görüşlər, məqamlar olub. Vaqif Cəbrayılzadə, rəhmətlik Nadir Cabbarovla, Ramiz Rövşənlə, Fəxrəddin Manofovla adi, amma həyati, gözəl günlərimizi xatırlayıram. Hələ də dostluqda davam edənlər var.
-Pıçıltılı antisovet söhbətləri demişkən, zaman-zaman həbs təhlükəsi yaşayan jurnalistlər olur. Hətta öldürülən də. Türkiyə ilə bağlı xatirə yazılarınızın birində 1975- ci il 4 yanvar günü xatırlanır. Pantürkist mövqeyinizə görə dörd dost ( siz, Vaqif Bayatlı, bəstəkar Rüstəm Rüstəmzadə, adını bildirmədiyiniz o şəxs) olaraq siz də bu “həbs təhlükəsi”ndən keçmisiz. İndi o günləri necə xatırlayırsınız?
- Məhz pıçıltılı sovet dövründə bu Turançılıq söhbətlərinə, müzakirələrinə və yayılmasına görə də dörd nəfər olaraq həbs olunduq. 1975 - ci ilin yanvarın dördündə. Demə, o qızğın, gizlin müzakirələrdə izimizə bir ermənini salıb izlədirmişlər. Səslərimiz yazılırmış. Hətta, bu məsələ ölkə rəhbərliyinə qədər gedib çıxdı. O vaxt Bakı şəhər KKB-nin rəhbəri rus idi, adını unutdum. Bizi saxlayan adamın soyadı Abdullayev idi. Tapança ilə bizi şəhərin mərkəzində saxlayıb idarəyə gətirdi. Biz orda iki gün saxlanıldıqdan sonra buraxıldıq. Araşdırılsaydı, hətta antisovet təbliğatına görə Vətənə xəyanətə qədər ağır maddə verilərdi. Güman edirik ki, hadisə ölkə rəhbərliyinə məruzə edilib. O bizdən də böyük Turançı imiş ki, haqqımızda "görünür,gəncdirlər, dedi- qodu söhbətlərdir" deyərək buraxdırıldıq. Vaqiflə mən o gizlin xilaskarımızın kim olduğunu da dəqiqləşdirdik. Bizi həbsdən xilas edən o dahi şəxsiyyət bir dəfə dilçiliklə bağlı konfransda Vaqifə “yaşıl köynək oğlan bir az sakit ol, məni səni yaxşı tanıyıram” demişdi. Günümüzdə türk dövlətləri arasında dostluq edən də əsas bizim ölkədir.Müstəqilliyimizin ilk illərində Qırğızıstanın prezidenti Ermənistana gedərək "Soyqırım" abidəsinə əklil qoymuşdu. İndi Türkiyə Cümhuriyyəti başda olmaqla bütün türk dövlətləri dostluq edir, qaynayıb qarışır. Ölkəmizdə də bu istiqamətdə iş gedir. Türk ölkələrinin rəhbərləri Azərbaycana tez-tez gəlir, işgüzar əlaqələr qurulur. İlham Əliyev türk ölkələrində səfərlərdə olaraq dostluq və işgüzar əlaqələri qurur, yaradır. Biz əlli il öncə indiki əlaqələrin qurulması üçün çalışırdıq. Həmin ideyalarla məşğul olurduq. O vaxtı bizə düşmən kimi baxırdılar. Bu gün isə dostluq, qardaşlıq əlaqələrinin mövcudluğu o günləri mənə gülərək xatırladır. Düzdür, son günlər gərginlik yaşanır, ümüd edirəm ki, aradan qalxacaq. Zamanla Amerika, Avropa ölkələrinin də arasında gərginlik olur. Xalqla xalq arasında maraqların toqquşmasına, süni ajiotaj, çaşqınlıq, gərginlik yaradılmasına xidmət edən qüvvələr olur. Ancaq ölkə rəhbərliyi səviyyəsində, məsələn İlham Əliyevlə Ərdoğan arasında bu mümkün deyil. Həmişə beynəlxalq səviyyədə bir - birinə dayaq olublar. Geriyə dönüş yoxdur, irəliyədir. Zamanla Rusiya ilə də münasibətlər qaydasına düşəcək. Unutmayaq ki, Azərbaycan xalqını qəbullamayan ermənilər, daha çox isə farslar olub.
Gözəl ölkəmiz var. Əsas odur, daha da inkişaf etsin, daha çox türkdilli ölkələrlə, xalqlarla birləşib böyük işlər görülsün. Nə yaxşı ki, yaşayıb bu günləri gördüm, yoxsa o vaxtı az qala daşqalaq edərdilər. O vaxtı mənə dərs keçən, ibrət verən, irad tutanlar indi daha böyük turançıdırlar. (gülür)
-"Dahi xilaskarlar" yazınızda milli və dünya klassik musiqisindən və bu sahədə tanınan məşhur və bəşəri dahi bəstəkarlardan bəhs etmisiz. Üzeyir Hacıbəyov, Cüzeppe Verdi, Frans Şubert, İohann Ştraus, Robert Şuman (yazı da ona həsr olunur) haqqında yazır, musiqi sahəsindəki bəşəriliyi, xidməti yüksək dəyərləndirirsiz. İndi efirləri zəbt edən bayağı musiqi düşüncələrə, inkişafa təsir edirmi? Nəyə görə KİV belə ucuz musiqilərin yayğınlaşmasında ciddi rol oynadı?
-Düşünmək belə istəmirəm, əsəbiləşirəm. Niyə televiziyalar bunu edir, nədən gözəl, zəngin musiqini qoyub bayağıya keçdilər. Bu xalqın gözəl musiqi yaradıcılığı , ənənələri var idi axı. İnkubator cücələri kimi buraxıblar efirə. İstedadsız, amma pulu olan bu cür insanların efirlərə, mədəniyyətə soxulması deqradasiya yaratdı. Bir çox sahələrdə, musiqidə, bəstəkarlıqda bayağılıq baş alıb gedir. Bəstəkarlar İttifaqının sədri Firəngiz xanımı yaxşı tanıyıram. Bir sədr kimi müdaxilə edə bilər, yəqin ki, ya müdaxilə edilir alınmır, ya da təsir etmək olmur. Heç nəyə layiq olmayan adamları indi hər sahədə görmək olur. Kimin nəyə layiqliyi çatmırsa, ora can atır. Müxtəlif yollarla o ada, o şöhrətə, o vəzifəyə, medala can atır, nail olur da. Əndrabadi bir vəziyyət yaranıb. Bu da gəncliyə pis nümunə olur, pis vərdiş yaradır. Bəlkə zamanla dəyişə, gerçəklər üzə çıxar deyə ümüd edirik. Onu da zaman göstərəcək.
- Yüksək keyfiyyətli müsahibə, reportaj, köşə, məqalələrin yer aldığı qəzet və saytlara demək olar ki, az rast gəlinir. Çoxunu şirinquş yazılar adlandırırsız. Niyə sanballı yazılara nisbətdə bu tip yazılar əsas səhifələri zəbt edir?
-Artıq qəzet,jurnal sayı azalıb. Gündəlik çıxan qəzetlər də yoxdur. O məsələlər gündəmdən çıxır. Həmçinin bu sadalanan janrlarda yazmaq istəyən peşəkarlar da azalıb. İndiki jurnalistika arzuladığımız, görmək istədiyimiz mətbuat standartlarına uyğun gəlmir. Fərdlərin ümüdünə qalıb. Şəxsən çalışıram ki, bu gün də keyfiyyətli yazım, ancaq janrlar itməsə yaxşıdır.
-Və sizin puplisistik yazılarda özünəməxsus yanaşma tərzi, bir neçə janr və yaxud mövzunun yığcam yazıda əhatlənməsi, hadisələrin maraqlı keçiş xətti var. Hətta çox yazılarınızda kütləvi oxucunun anlamayacağı sözlər işlədilir.Bəzən bu sözlər məzmunca yazının açarı olur. Bu üsul onları araşdırmağa, maarifləndirməyə təhrik üsuludurmu?
Bu belədir, ədəbiyyatda da var, yazıçı yaxud şairdə də var. Məsələn, Ramiz Rövşənin elə dərin, fəlsəfi misraları var ki, oxucunu cəlb edir. Oxucu bəzən onu dərk edə bilmir, getdikcə oxuyaraq dərk edir, anlayır. Əsl jurnalistin də, puplisistin də əsas missiyası oxucuda yüksək zövq, dünyagörüş formalaşdırmalı və öz səviyyəsinə çatdırmalıdır. Mən əvvəldən jurnalistikada sıravi olmaq istəməmişəm. Peşəkarlıq üçün də çox oxumaq, çox bilmək və yaxşı yazmaq istedadı gərəkir. Yazıya başlayanda bütün enerjimi yazıya qoyuram və başlıqdan nəticəyə doğru öncədən düşünüb yazıram. Sözü azaltmaq üçün, fikri geniş şəkildə deyil, konkret abzaslar, tezis, termin şəklində verirəm. Uzunçuluq edib oxucunu yormaq istəmirəm.
-"Psittakiformes" yazısında imzası və dəsti xətti ilə seçilən peşəkar jurnalistlərin üslubunun özünküləşdirilməsi məsələsinə toxunursuz. Sizin və digər tanınan qələm sahiblərinin üslubunu yamsılayanlar olubmu?
-Bəli, məni də, digər özünəməxsus üslublu jurnalistləri yamsılamaq istəyənlər olub, amma bacarmayıblar. Baza olmayandan sonra alınmayacaq. Uzaqbaşı təkrarçılıq ediləcək, yenə də alınmayacaq. Rosinant görkəmləri üzə çıxır, axı bu istedadın sahibi deyillər. İstedad sənin deyilsə alınan deyil. Təvazökarlıq ifadəsindən xoşum gəlmir. Bu sözün bətnində nəsə bir qeyri səmimilik, eqoizm də yaşayır deyə. Odur ki, bunları qeyd edirəm. "Reallığın etirafı" nda demokratiyanın verdiyi hüquqlardan sui-istifadə edib jurnalistikanın anasını ağladanlardan, belə gedirsə xeyli müddət öz miskin amplualarında qalanlardan yazmışam. Nəticədə zövqlər korlanır,insanlar yorulur və kağızlar heyf olur. Peşəkar jurnalistika hamıya lazımdır, onların yanına cılız adamları, istedadsızları qoşub xahişlə, adamla "ucaltmaq" faktı var, bax, bu adamı incidir, sənətə ləkədir.
-Yazılarınızda bir qeydi həmişə xüsusilə vurğulayırsız ki, qəzet sayının, satışının və köşkününün azalması zövqlü oxucunu yolundan azdırmaz, zövqlü oxucu qəzeti özü tələb edəcək. Amma...
- Amma mənə oxucudan zəng gəlir: "Məzahir müəllim daha az yazırsız, əvvəlki kimi deyilsiz, sizin yazıları neçə illədir ki, yığıram". Bir digər oxucu başqa fikir bildirir.Əlbəttə ki, bu fikirlər müəllifi ruhlandırır. Ancaq mən indi elə bir vəziyyətdə deyiləm ki, "Uembl arayışı", Barter", "İntihar edənlərdən xahiş olunur ki", "Çətin söhbət", Nadir Cabbarlı barədə və digərləri kimi hekayə yazam. Qəzet sayı və köşklərdəki vəziyyətdən asılı olmayaraq diqqətli, mütaliəli oxucu həmişə müəllifi axtaracaq. Tapmayanda isə oxucu pərt olur. İndi sosial şəbəkədə səhifə açmışam, hərdən yazılarımı orada paylaşıram. Nəinki puplisist, hətta istehsalat yazılarımda da diqqətli oluram. Kitablarım da oxunulur. Dəfələrlə çağırış elədim ki, mətbuatı dirçəldəyin, oxucu peşəkarlıq istəyir. Bəzi peşəkarların da xislətində başqa niyyətlər yaşayır. Özünü pis etmək istəmirlər. Tənqid edirəm, amma bağışlamağım da var. Mənə pislik edənləri də bağışlamışam. Şəxsiyyəti bura qədər inkişaf edib deyib anlayış göstərmişəm.
-O illərin ən təmiz ,ən şərəfli ,ən müqəddəs fakultəsi olan jurnalistika məbədimiz bizlərdən həmişə narahatdır. "Yuxu" adlı yazınızda keçir bu misralar. Ardınca Vaqif Bayatlı Odərin belə bir fikrini əlavə edirsiz ki, " neyləyək ki,indi dəlləklər gəzir karetalarda"...fakultəyə özünüzü hələ də borclu sayırsız?
- Bəli, hələ də mənə doğmadır, fərqlidir jurnalistika fakultəmiz. Bizim dövrdə jurnalistika, hüquq və şərqşünaslıq fakültələrinin dərsləri bir yerdə keçilirdi. Bizim dekanlığımız isə əvvəlki Yefim Saratov, indiki Rəsul Rza küçəsində ikimərtəbəli sarı bina idi. İçəriyə hamı çəkinərək, qorxaraq daxil olurdu. Hamı oxuyurdu, müəllimlərə də yüksək dəyər vardı. Mənim də müəllimlərlə dostluğum, yoldaşlığım olurdu. Etiraf edim ki, dərsə az gedirdim. Jurnalistika fakultəsini bizə o vaxt Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Famil Mehdi, Tofiq Rüstəmov, Nəsir Əhmədli, Cahangir Məmmədli, Akif Rüstəmov ədəbiyyatdan Hökumə xanım, Bəxtiyar Vahabzadə kimi böyük müəllimlər sevdirib. Fakültədə mübahisə etdiyim müəllimlər də olub. Məntiq, siyasi- iqtisad fənn müəllimi ilə "siz düz hərəkət etmirsiz" deyib kəskin mübahisə etmişəm. Fakultədə Südabə xanım vardı, lobarant idi. Məni görən kimi "mənim balam gəldi", - deyib qucaqlayıb bağrına basırdı. Dar, şəraitsiz o fakultə mənə hər halı ilə doğma idi. Sonuncu dəfə fakültə ilə əlaqəm kitabım ilə bağlı oldu. Tələblərdən biri diplom müdafiəsi kimi siyahıdan kitabımı götürübmüş və müdafiə zamanı da dəvət edildim. Bütün müəllimlər tanıdı, amma Şirməmməd müəllim xatırlaya bilmədi. Əvvələr tez-tez gedirdim, güman ki, sonradan gec-gec getdiyim üçün xatırlaya bilmədi. Cahangir müəllimlə çox görüşmüşəm. Hazırda fakultə ilə ortabab belə əlaqəm yoxdur, amma o fakültədəki inteligensiyanı, auranı həmişə xoş xatirə olaraq anıram. Tələbə vaxtı dostlarım da çox olub. Gürcüstanlı tələbələr hətta bizdə qonaq olublar. Ölkənin keçmiş baş prokuroru Zakir Qaralovla tanışlığım olub. O da tələbə vaxtı bizə gəlib. Amma sonradan kim məni axtardısa onunla əlaqə saxladım. Zakir Qaralovun xalasıoğlu məndən Zakir Qaralovla görüşüb görüşmədiyimi soruşdu. Dedim “mən kiməm ki, baş prokurorla görüşüm. O məni axtarsa onunla görüşərəm də”. (gülür) Dedi tələbə vaxtı o qədər köməkliyin dəymişdi, niyə axtarmır ki? Dedim nə bilim, olur belə hadisələr.
-Ən yaxşı yüngülləşmə üsulu məqsədə çatmaqdır. Həyatda məqsədə çatmaq üçün “Gözəlliyi uydurmaq” lazımdır?
- Gözəliyi həmişə, xüsusilə yaradıcı adamların uydurması vacibdir. Cəmiyyətin inkişafına təkan vermək üçün xüsusi vasitələr var. Bu gözəlliyi puplisistik yazılar, filmlər, tamaşalar, musiqi, rəssamlıq, heykəltəraşlıq və digər sənət sahələri ilə uydurmaq olar. Xüsusilə bədii şəkildə, yəni olduğundan artıq uydurmaq olar. İnsanlar meyillənsin, onlarda motivasiya yaransın. Kənd təsərrüfatında , digər peşələrdə də olsa belə ümüdli, inamlı yazılarla kəndlini, fermeri, sənətkarı o işə cəlb etmək, motivasiya yaratmaq lazımdır ki, o da yarada bilsin, ruhdan düşməsin. Yəni, yaxşı mənada bu gözəlliyi uydurmaq bütün sahələrdə əmək vərdişlərinin yaranmasına, dəyərləndirilməsinə səbəb olar.
-Bəzən təsadüfən bu fakultəni seçənlər olur. Jurnalisitika təsadüfləri sevir? Yoxsa istedad və təcrübə mütləqdir?
- İstedad jurnalistə mütləq lazımdır. Çünki bəzən jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirənlər mətbuatda imzasını tanıtdıra bilmədi. Elm, nəzəriyyə öyrənmək ayrı, onu tətbiq etmək başqadır. Fakültəyə balla təsadüfi düşənlər var ki, heç xəbər mətni belə yaza bilmir. Qabiliyyət imtahanına salınan esse bacarığı da bunu tam göstərmir. İndi çoxuna süni intellekt proqramları yardımçıdır. Yaza bilmədikləri mətnləri onların vasitəsilə həll edirlər, amma bu heç vaxt sənin sahib olacağın istedad demək deyil. İstedad həm də mütaliəyə bağlıdır. Daha çox mütaliə lazımdır. Hər gün mütaliə etməsəm, rahat olmuram. Bəzən mütaliəyə yeni kitab tapmasam, təkrar oxuduğumu mütaliə edirəm. Elə yazılarım var ki, həmin yazını yazdığıma inana bilmirəm. Sonra xatırlayıram ki, mən Məzahir Əhmədoğluyam. (gülür)
-Gənc jurnalist və yazarlardan daimi izlədiyiniz, yazı üslubunu bəyəndiyiniz var? Sizin peşəkar kimi bu ixtisası seçən və seçmək istəyənlərə nə məsləhətləriniz olar?
-Jurnalist ixtisasını seçmək istəyənlər özünü hazır biləndən sonra seçim etsinlər. Əvvəlcə təcrübə keçsinlər. İnşa, esseden getmir söhbət. Bir faktı götürüb yazaraq qələmi sınasınlar. Xəbər, daha sonra korrespondensiya yazsınlar. Səmimi deyim ki, hazırda elə bir jurnalist tanımıram ki, bu janrda tələblərə uyğun yazını tam işləyib verə bilsin. Çoxluq müsahibəyə yönəlir, amma bu janr da çətindir, asan deyil. Bu fakultə üçün yüksək dünyagörüş, müxtəlif sahələrdən məlumatlı olmaq gərəkir. Sadəcə dildə, ixtisas olaraq gözəl səslənir deyə, yaxud aparıcı olmaq istəyirəm deyib jurnalistikaya üz tutmaq düzgün deyil. İxtisaslaşmanı da jurnalistikada önəmli hesab etmirəm. Digər ixtissas sahiblərindən kifayət qədər mütəxəssis var ki, jurnalist kimi çalışır. Məsələn Zamin Hacı , Günel Anarqızı, Nadir Bədəlov, Xalid Kazımlı və digərləri başqa ixtisasları bitirsələr də jurnalistikada imza yarada, tanına biliblər.Bir çox titullu jurnalistlərdən, yazarlardan üstündürlər. Bayaq övladlarım barədə də jurnalistikaya həvəslərinin olub olmadığını soruşmuşdunuz. Bu sualınıza cavab olaraq qısaca gerçək faktı deyə bilərəm. Oğlum Tuncay maliyyə-kredit ixtissası aldı, qızım Aysel isə ingilis dili mütəxəssisi oldu. Heç biri jurnalistikaya getmədi. Sonradan qızım bir neçə yazı yazdı, istədi qələmini sınasın, amma mən o yazıları çap etmədim. Baxmayaraq, onun uşaqlar üçün ingilis dilində yazdığı kitab ciddi maraq doğurmuşdu...
Günel SABİRQIZI