Dövlət büdcəsindən yolların əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan araşdırma ciddi suallar yaradıb. 2024–2025-ci illəri əhatə edən təhlil zamanı 14 rayon və şəhər icra hakimiyyətinin yol təmiri layihələrində işlərin həcmi və dəyərinin artırılması, satınalma prosedurlarının formal xarakter daşıması və maliyyə uçotunda nöqsanlar müəyyən edilib.
1 milyon 78 min 610,9 manat artıq ödəniş
Hesablama Palatasının açıqladığı nəticələrə əsasən, 14 yerli icra hakimiyyəti üzrə yol təmiri işlərinin həcmi və dəyərinin artırılması nəticəsində podratçılara ümumilikdə 1 milyon 78 min 610,9 manat artıq ödəniş edilib. Bildirilib ki, həmin məbləğ təhlil dövründə dövlət büdcəsinə tam qaytarılıb.
6,29 milyon manatlıq müqavilələrdə diqqətçəkən məqam
Altı yerli icra hakimiyyətinin ümumi dəyəri 6 milyon 291 min 235,7 manat olan yol təmiri işləri üzrə müqavilələr imzaladıqdan cəmi 1–2 gün sonra, bəzi hallarda isə dörd gün ərzində işlərin başa çatmasına dair qəbul aktları rəsmiləşdirilib. Bu vəziyyət işlərin satınalma prosedurundan əvvəl başlanması ehtimalını və tenderlərin şəffaflığı məsələsini gündəmə gətirib.
Təxminən 24 milyon manatlıq yol aktivləri uçotda əks olunmayıb.
Araşdırmada daha bir ciddi məqam ortaya çıxıb: 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda əks etdirilməyib. Bu nöqsanların icra hakimiyyətlərinin maliyyə və əmlak hesabatlarına təsir göstərdiyi bildirilib.
Bundan başqa, bəzi layihələrdə texniki sənədləşmə, smeta hesablamaları, söküntü materiallarının uçotu və podratçıların müqavilə öhdəliklərinə nəzarətlə bağlı çatışmazlıqlar aşkarlanıb. Müqavilə şərtlərini vaxtında yerinə yetirməyən podratçılara cərimələrin tətbiq edilməməsi halları da qeyd olunub.
Hansı icra hakimiyyətləri əhatə olunub?
Təhlil Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarının, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərinin icra hakimiyyətlərini əhatə edib.
Burada vacib bir məqamı da nəzərə almaq lazımdır: təhlil sənədlər əsasında aparılıb, nəzarət ölçüləri keçirilməyib. Buna görə aşkarlanan artıq ödənişlər və satınalma pozuntuları barədə məlumatlar əsasında konkret şəxslərin cinayət törətdiyini qəti şəkildə söyləmək olmaz. Belə hallara hüquqi qiymət verilməsi üçün müvafiq araşdırma və sübutlar tələb olunur.
İCTİMAİYYƏTİ MARAQLANDIRAN SUALLAR
Dövlət vəsaiti hesabına təmir edilən yolların faktiki vəziyyəti hansı səviyyədədir? İşlərin dəyərinin artırılmasına kimlər tərəfindən yol verilib? Tender müqaviləsindən cəmi bir neçə gün sonra işlərin başa çatması necə mümkün olub? Aşkarlanan pozuntulara görə məsul şəxslər müəyyənləşdirilibmi və görülən tədbirlər barədə ictimaiyyətə məlumat veriləcəkmi?
Dövlət büdcəsi vətəndaşların vergiləri hesabına formalaşır. Buna görə ayrılan hər manatın necə xərcləndiyi, yol təmirinin keyfiyyəti və dövlət əmlakının düzgün uçotu ictimai nəzarətin əsas mövzularından biri olmalıdır.
Məqalə açıq mənbələrdə yayılan məlumatlar və Hesablama Palatasının açıqladığı təhlilin nəticələri əsasında hazırlanıb.
AYNURƏ ULDUZ TEYMUROVA
ATA-TV.az, AZAD -TV.az
baş redaktorunun birinci müavini