Adambaşına maliyyələşdirmə təhsilin keyfiyyətini yüksəldə, valideynlərin repetitor xərcini azalda bilər, ancaq reallıqda bu öz əskini tapa biləcəkmi? Yeni maliyyə modelinin uğuru ayrılan vəsaitin məbləğindən çox, onun məktəbdə hansı nəticəni yaratmasından asılı olacaq.
Təhsilin keyfiyyətini ölçmək üçün müxtəlif göstəricilər var: şagirdlərin bilik səviyyəsi, müəllimlərin peşəkarlığı, məktəbin maddi-texniki bazası, tədrisin təşkili, məzunların ali məktəblərə qəbul nəticələri... Ancaq bütün bu göstəricilərin arxasında dayanan mühüm məsələlərdən biri maliyyədir. Məktəbə nə qədər vəsait ayrılır, bu vəsait hansı ehtiyacları qarşılayır və ən əsası, şagird həmin maliyyələşmənin nəticəsini öz təhsilində hiss edirmi?
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsi mexanizminin tətbiqi ilə bağlı qərarlar məhz bu sualları yenidən gündəmə gətirir. Nazirlər Kabinetinin 26 oktyabr 2026-cı il tarixli 357 nömrəli qərarı ilə hər bir təhsilalana düşən illik baza təhsil xərcləri müəyyənləşdirilib və qərarın 2026-cı il sentyabrın 15-dən tətbiqi nəzərdə tutulub. Bu mexanizm 2026–2027-ci tədris ilindən başlayaraq dövlət məktəblərində mərhələli şəkildə tətbiq ediləcək.
Bəs müəyyənləşdirilən məbləğlər təhsilin real ehtiyaclarına cavab verib şagirdlərin keyfiyyətli təhsil almasına kifayət edəcəkmi? Yoxsa məktəbdə əldə edə bilmədiyi bilikləri tamamlamaq üçün valideyn yenə də əlavə xərc çəkməli olacaq?
Bir şagird üçün 2000 -3000 manat: bu rəqəm nə deyir?
Qərara əsasən, adambaşına düşən illik baza təhsil xərcləri məktəbin növündən asılı olaraq dəyişir:
• Tam orta ümumtəhsil məktəbi — 2000 manat;
• Lisey və gimnaziya — 2200 manat;
• Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi — 2500 manat;
• İnternat tipli lisey və gimnaziya — 3000 manat.
Qeyd edək ki, bunlar yekun məbləğlər deyil, baza göstəriciləridir. Təhsilin səviyyəsinə uyğun olaraq həmin məbləğlərə artım əmsalları tətbiq edilir. İbtidai təhsil üçün əmsal 1,00, ümumi orta təhsil üçün 1,25, tam orta təhsil üçün isə 1,70 müəyyənləşdirilib. Beləliklə, tam orta ümumtəhsil məktəbi üçün 2000 manatlıq baza göstəricisi müvafiq əmsal tətbiq edildikdə 3400 manata çatır. Bu, konkret məktəbin bütün şagirdlərinə eyni məbləğin ayrılması demək deyil, maliyyələşmə təhsil səviyyələri üzrə şagird sayı nəzərə alınmaqla hesablanır.
İlk baxışdan bu rəqəmlər müəyyən maliyyə çərçivəsinin yaradıldığını göstərir. Lakin bir şagirdə ayrılan vəsaitin həcmini qiymətləndirərkən onun hansı xərcləri əhatə etdiyini də bilməliyik.
Məktəbdə müəllimlərin əməyinin təşkili, kommunal xidmətlər, tədris prosesinin gündəlik ehtiyacları, avadanlıqların saxlanılması və digər xərclər var. Üstəlik, qaydalarda bəzi xərclər bu maliyyələşdirmə mexanizmindən kənarda saxlanılır. Deməli, elan edilən məbləği məktəbin bütün ehtiyaclarının tam qarşılığı kimi təqdim etmək düzgün olmaz.
Əsas məsələ budur: ayrılan vəsait hansı xərcləri qarşılayacaq, hansı ehtiyaclar üçün əlavə maliyyə mənbələri tələb olunacaq və məktəbin faktiki xərcləri normativi üstələdikdə fərq necə ödəniləcək?
Bu sualların cavabı olmadan yalnız rəqəmlərə əsaslanaraq maliyyələşmənin qənaətbəxş olub-olmadığı barədə qəti fikir söyləmək çətindir.
Adambaşına maliyyələşdirmə: yeni imkan, yoxsa yeni risk?
Yeni modelin əsas üstünlüyü maliyyələşməni şagirdlərin sayına və təhsil xidmətinin həcminə daha sıx bağlamaqdır. Əvvəlki yanaşmada məktəbin ştat strukturu, saxlanma xərcləri və əvvəlki illərin büdcə göstəriciləri mühüm rol oynayırdısa, yeni mexanizmdə təhsilalanların sayı əsas meyarlardan birinə çevrilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov da bu modelin resurs bölgüsünü daha sistemli və müqayisə olunan etməyə imkan yarada biləcəyini vurğulayır. Onun təhlilində mühüm məqam xüsusilə diqqət çəkir: məktəblərin yerləşdiyi ərazi, şagird kontingentinin ölçüsü və infrastrukturun saxlanılması xərcləri nəzərə alınmasa, vahid maliyyələşmə normativi bütün məktəblər üçün eyni nəticəni verməyə bilər.
Məsələn, şagird sayı çox olan şəhər məktəbi ilə ucqar kənddə yerləşən, şagird sayı az olsa da, binanın saxlanılması və tədrisin təşkili üçün müəyyən sabit xərclər çəkən məktəbin maliyyə ehtiyacları eyni deyil. Şagird sayı azaldıqca hər bir təhsilalana düşən faktiki sabit xərc arta bilər.
Bu baxımdan, adambaşına maliyyələşdirmənin uğuru təkcə şagird sayına görə vəsait ayırmaqdan deyil, məktəblərin obyektiv fərqlərini düzgün hesablamaqdan da asılıdır.
Burada başqa bir sual da ortaya çıxır: şagird sayı az olan məktəblərin maliyyə dayanıqlılığı necə qorunacaq? Əgər maliyyələşmə yalnız kontingentə bağlanarsa, həmin məktəblərin təhsil xidmətini davam etdirmək üçün zəruri olan sabit xərcləri necə təmin ediləcək?
Bu, xüsusilə regionlarda təhsilə bərabər çıxış baxımından əhəmiyyətlidir. Məqsəd yalnız bir şagird üçün xərc normativini hesablamaq deyil, harada yaşamasından asılı olmayaraq hər bir uşağın keyfiyyətli təhsil almaq imkanını qorumaq olmalıdır. Əks halda illərdir ki, regionların müxətlif ucqar və şəraitsiz təhsil müəsissələrində əziyyət çəkən məktəblilər üçün bu hava-su kimi vacibdir. Onların keyfiyyətli təhsil almaq hüququ tanınmalıdır.
Ən böyük paradoks: məktəbə vəsait ayrılır, valideyn isə repetitora pul ödəyir
Mövzunun ən həssas və diqqətçəkən tərəfi məhz budur.
Azərbaycanda əksər ailə övladının məktəb dərslərindən əlavə hazırlığa ehtiyac duyduğunu düşünür. Xüsusilə buraxılış və qəbul imtahanlarına yaxınlaşdıqca illərlə repetitor yanına getmək, hazırlıq kurslarına yazılmaq, sınaq imtahanlarında iştirak etmək ailə büdcəsinin əhəmiyyətli hissəsini tuta bilir. Nəzərə alanda ki, bu rəqəmlər ildən-ilə artır, demək repetitor xərcləri ailə büdcəsinə ciddi yükdür.
Valideyn inanaraq məktəbə övladını təhsil almaq üçün göndərir. Ancaq həmin təhsil ali məktəbə qəbul, imtahan nəticələri və ya fənlərin mənimsənilməsi baxımından yetərli görünmədikdə ailə ikinci dəfə xərc çəkməyə məcbur qalır. Daha doğrusu, son iyirmi beş ildə, müstəqillikdən bu tərəfə buna məcbur qalıb. Beləliklə, formal olaraq dövlət məktəbində təhsil alan şagirdin ailəsi faktiki olaraq əlavə təhsil xidmətləri də satın alır. Bu şəhər məktəblərinə də, eləcə kənd məktəblərinə də aiddir.
Burada diqqət edilməli məqam repetitorluğun özünün mövcudluğu deyil. Əlavə məşğələlər bəzi uşaqların fərdi ehtiyaclarını qarşılaya, istedadlı şagirdlərin inkişafına kömək edə və müəyyən fənlərdə bilikləri dərinləşdirə bilər. Problem repetitorluğun könüllü seçimdən çıxaraq əksər ailə üçün məktəb təhsilini tamamlamağın zəruri vasitəsinə çevrilməsidir.
Əgər valideyn övladının məktəbdə keçilən mövzunu mənimsəməsi üçün əlavə müəllim tutmağa məcbur olduğunu düşünürsə, bu, təhsilin keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Əgər repetitor hazırlığı ali məktəbə qəbulun az qala ayrılmaz şərti kimi qəbul edilirsə, deməli, məktəbdə öyrədilən biliklərlə imtahan tələbləri arasında da araşdırılmalı bir məsafə var.
Bu şəraitdə bir şagirdə dövlət tərəfindən ayrılan 2000, 2500 və ya müvafiq əmsallar tətbiq edildikdən sonra daha yüksək məbləğdə olan maliyyə normativinin sosial əhəmiyyəti onun real nəticələri ilə ölçülməlidir.
Dövlətin məktəbə ayırdığı vəsait artdıqca valideynin repetitora çəkdiyi xərc azalacaqmı?
Ekspertlər bildirir ki, bu suala indidən qəti cavab vermək mümkün deyil. Bunun üçün ailələrin əlavə təhsil xərcləri, məktəblərin tədris nəticələri və maliyyələşmədən sonrakı dəyişikliklər barədə etibarlı məlumatlar lazımdır. Lakin bu sualın islahatın qiymətləndirilməsində əsas göstəricilərdən birinə çevrilməsi və ona əməl edilməsi vacibdir.
Bir ailənin təhsil büdcəsi nə qədərdir?
Təsəvvür edək ki, ailənin iki övladı var və hər ikisi imtahanlara hazırlaşır. Valideyn hər iki uşaq üçün bir neçə fənn üzrə repetitor tutur, sınaq imtahanlarına və əlavə vəsaitlərə pul xərcləyir. Şəhərdə bu ödəmə 750-800 manat, reginlarda isə ortalama 350-400 manat təşil edir. Orta statistik ailə üçün istər aylıq ödənişlər şəklində, istərsə tədris ili ərzində ümumi xərc ailə büdcəsinə ciddi təsir göstərir. Çünki bu rəqəmlər 4000-8000 min manat arasında dəyişir. Nəticə valideyn xərcinin dövlətin xərclədiyi vəsaitdən iki dəfə çox olduğunu göstərir.
Bununla belə, repetitorluğa ölkə üzrə nə qədər pul xərcləndiyini, orta ailənin bir şagird üçün illik hazırlıq xərcinin hansı səviyyədə olduğunu dəqiq rəqəmlərlə söyləmək üçün ciddi reprezentativ araşdırmaya ehtiyac var. Belə bir araşdırma olmadan konkret məbləğləri ümumiləşdirmək və bütün ailələrə şamil etmək doğru olmaz. Ancaq gerçəklik təhsildə yükün daha çox valideyn çiyinlərində, xərcin isə onların cibində asılı olduğunu göstərir.
Amma problemin mahiyyəti üçün bir məqam kifayət qədər aydındır: ailənin maliyyə imkanları uşağın əlavə hazırlıq əldə etmək imkanını müəyyənləşdirirsə, təhsildə bərabər imkanlar məsələsi də gündəmə gəlir.
Repetitor tutmağa maddi imkanı olan valideyn övladına əlavə dəstək göstərə bilir. Belə imkanı olmayan ailənin övladı isə eyni imtahan və rəqabət mühitində iştirak etsə də, əlavə resurslara çıxış baxımından geri qala bilər.
Bu səbəbdən dövlət məktəbinin keyfiyyətinin yüksəldilməsi yalnız pedaqoji məsələ deyil, həm də sosial ədalət məsələsidir. Məktəb şagirdin ailəsinin gəlirindən asılı olmayaraq keyfiyyətli təhsil ala biləcəyi əsas məkan olmalıdır.
Ekpertlər izah edir ki, burada əsas məsələ ayrılan vəsaitin kağız üzərindəki məbləği deyil, məktəbin gündəlik xərclərini nə dərəcədə qarşılaya bilməsidir. Müəllim əməyinin təşkili, tədris resursları, kommunal xərclər və infrastruktur ehtiyacları nəzərə alınmadan normativin yetərli olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Eləcə məktəbə daha çox vəsait ayrılması avtomatik olaraq daha keyfiyyətli təhsil demək deyil. Əsas məsələ maliyyənin müəllimlərin fəaliyyətinə, dərslərin keyfiyyətinə və şagirdlərin bilik səviyyəsinə necə təsir göstərməsidir. Həm də bu dəyişikliklər konkret göstəricilər əsasında ölçülməlidir. Bu, islahatın sosial baxımdan ən vacib tərəflərindən biridir. Ailələr məktəb təhsilindən əlavə repetitor hazırlığına ciddi vəsait sərf edirlər. Əgər yeni maliyyələşmə məktəbdaxili əlavə məşğələlərin və fərdi təlim dəstəyinin keyfiyyətini artırarsa, repetitora ehtiyac azala bilər. Lakin bunun baş verib-vermədiyi ailələrin real xərcləri araşdırılmaqla müəyyən edilməlidir. Adambaşına maliyyələşmə zamanı şagird sayı əsas meyarlardan biri olduğundan, azkomplektli məktəblərin vəziyyəti xüsusi diqqət tələb edir. Belə məktəblərdə şagird sayı az olsa da, binanın saxlanılması və tədrisin təşkili üçün zəruri xərclər qalır. Maliyyələşmə mexanizmi regionlarda təhsilə bərabər çıxışı zəiflətməməlidir. Şəffaflıq yalnız ayrılan məbləğin açıqlanması ilə məhdudlaşmamalıdır. İctimaiyyət və valideynlər vəsaitin hansı istiqamətlərə xərcləndiyini, bunun məktəbin fəaliyyətinə necə təsir etdiyini də görə bilməlidirlər. Maliyyə hesabatları ilə tədris nəticələrinin müqayisəsi hesabatlılığı gücləndirə bilər. Məktəbin uğurunu yalnız buraxılış və qəbul imtahanlarının nəticələri ilə ölçmək kifayət deyil. Şagirdlərin bilik səviyyəsi, təhsildə bərabər imkanlar, məktəbdaxili əlavə dəstək və valideynlərin repetitorluğa çəkdiyi xərclər də qiymətləndirilməlidir. Əgər maliyyələşmə artır, amma ailələrin əlavə təhsil yükü dəyişmirsə, bunun səbəbləri araşdırılmalıdır.
Şəffaflıq və hesabatlılıq: vəsait ayrıldı, bəs nəticə?
Yeni qaydalarda ayrılmış vəsaitin həcminin, hər bir təhsil alana düşən illik xərclərin və vəsaitdən istifadəyə dair ümumiləşdirilmiş məlumatların hər il Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında açıqlanması nəzərdə tutulur. Eyni zamanda, maliyyələşmənin səmərəliliyinin davamiyyət, təlim nəticələri və resurslardan istifadə göstəriciləri əsasında qiymətləndirilməsi müəyyənləşdirilib.
Bu, müsbət addımdır. Lakin məlumatın açıqlanması ilə onun ictimaiyyət üçün anlaşılan və müqayisəolunan olması eyni şey deyil.
Məsələn, ictimaiyyət yalnız bir məktəbə nə qədər vəsait ayrıldığını deyil, həmin vəsaitin hansı ehtiyaclara yönəldiyini, əvvəlki illə müqayisədə hansı dəyişikliklərin baş verdiyini və nəticələrin necə dəyişdiyini də görməlidir.
Məktəbin maliyyə göstəriciləri ilə tədris nəticələri birlikdə təqdim olunarsa, ictimai müzakirə də daha əsaslı olar. Eyni zamanda, nəticələri zəif olan məktəblərə yalnız tənqidi yanaşmaq deyil, onların hansı resurslara ehtiyac duyduğunu müəyyənləşdirmək mümkün olar.
Maliyyələşmənin nəticəyönümlü qiymətləndirilməsi vacibdir, ancaq bunu yalnız yüksək imtahan nəticələrinə bağlamaq düzgün olmaz. Şagirdlərin sosial vəziyyəti, məktəbin yerləşdiyi ərazi, tədris mühiti və başlanğıc bilik səviyyəsi də nəzərə alınmalıdır. Əks halda, çətin şəraitdə fəaliyyət göstərən məktəblər daha əlverişli imkanlara malik məktəblərlə eyni meyarlarla qiymətləndirilərək haqsız nəticələrlə üzləşə bilər.
Dövlət məktəbi repetitorluğa alternativ ola bilərmi?
Bu sualın cavabı təkcə məktəblərə ayrılan maliyyənin həcmi ilə müəyyənləşmir. Müəllimin peşəkarlığı, tədrisin təşkili, məktəb rəhbərliyinin idarəetmə bacarığı, dərs yükü, şagirdlərin fərdi ehtiyaclarına münasibət və imtahan sisteminin xüsusiyyətləri də burada mühüm rol oynayır.
Maliyyələşmə bu amilləri gücləndirmək üçün vasitədir. Vəsait məktəbin real ehtiyaclarına uyğun bölüşdürülürsə, müəllimlərin işi səmərəli təşkil edilirsə, bilik boşluqları vaxtında müəyyənləşdirilirsə və şagirdə məktəb daxilində əlavə dəstək göstərilirsə, ailənin repetitora müraciət ehtiyacı azala bilər.
Ancaq yalnız adambaşına maliyyələşmə prinsipinin tətbiqinə görə repetitorluğun azalacağını düşünmək də sadəlövhlük olardı. İmtahan rəqabəti, valideyn gözləntiləri və əlavə hazırlığa fərdi üstünlük kimi amillər müəyyən ailələrin repetitora müraciətini davam etdirə bilər.
Burada hədəf repetitorluğun özünü aradan qaldırmaq deyil. Əsas məqsəd odur ki, şagirdin məktəbdə keyfiyyətli bilik əldə etməsi ailənin əlavə pul xərcləməsindən asılı olmasın.
Nəticə: əsas məsələ məbləğ deyil, təhsilin real dəyəridir
Bir şagird üçün ildə 2000 -3000 manatlıq baza normativi və təhsil səviyyələrinə uyğun artım əmsalları təhsil maliyyələşməsində yeni mərhələnin başlanğıcıdır. Bu yanaşma resursların daha sistemli bölüşdürülməsi, maliyyə intizamının gücləndirilməsi və məktəblərin ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsi üçün imkan yarada bilər.
Amma heç bir maliyyə modeli öz-özlüyündə keyfiyyətli təhsil yaratmır. Bunun üçün düzgün idarəetmə, şəffaf xərcləmə, güclü müəllim hazırlığı, obyektiv qiymətləndirmə və nəticələrin davamlı monitorinqi lazımdır.
İslahatın həqiqi uğurunu isə valideynin gündəlik həyatı da göstərəcək. Əgər ailə övladının məktəbdə aldığı təhsilin yetərli olduğunu görürsə, əlavə hazırlığa yalnız fərdi inkişaf məqsədilə müraciət edirsə və repetitor xərcləri məcburi yük olmaqdan çıxırsa, deməli, maliyyələşmə öz məqsədinə yaxınlaşır.
Əks halda, məktəbə ayrılan vəsaitin məbləği artsa belə, ailələr keyfiyyətli təhsil axtarışında əlavə xərc çəkməyə davam edəcəklər.
Odur ki, əsas sualımız belə olmalıdır: dövlət bir şagird üçün nə qədər vəsait ayırır deyil, həmin vəsait şagirdin hansı bilik və bacarıqları qazanmasına imkan verir?
Çünki təhsilə ayrılan pulun ən mühüm nəticəsi büdcə sənədində görünən rəqəm deyil, məktəbdən çıxan şagirdin qazandığı bilik, bacarıq və gələcək imkanlarıdır.
Günel SABİRQIZI (KÖŞƏ YAZISI)