Göyçayın ucqar, Səyyaf Xəlilov küçəsində bir muzey var. O muzey ki, qəhrəmanının adı və yaradıcılığı Azərbaycan ədəbiyyatında tanınan, yenilik gətirən ən məşhur simalardan biridir. Söhbət sərbəst vəzn şeirləri ilə sevilən, seçilən xalq şairi Rəsul Rzadan gedir. Bu yaxınlarda Rəsul -Rza adına ev muzeyinə baş çəkdim, rəhbər və kollektivlə həmsöhbət oldum, muzeyi səyahət etdim. Xeyli maraqlı təkliflər var ki, maraq muzeylərə maraq yaratmaq və gənclərdə mədəniyyətə, ədəbiyyata sevgi formalaşdırmaqdır.
Xatırlatma: “Rəsul Rzanın Ev -muzeyi 2004-cü ildən Mədəniyyət Nazirliyinin 148 saylı əmrinə əsasən yaradılıb. 2010-cu ildə isə əsaslı təmir olunub. Rəsmi açılışda oğlu yazıçı Anar Rza başda olmaqla Rəsul Rzanın ailə üzvləri, bir sıra mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər. Muzeyimizdə bu gün fondda 1332 eksponat saxlanılır ki, onlardan 449 eksponat ziyarətçilərə nümayiş olunur. Təbii ki, bu eksponatlar dörd zalda nümayiş olunur. Şairin həyat və yaradıcılığını əks etdirən, uşaqlıq və gənclik dövrünə, ailə üzvlərinə dair fotoşəkillər, miniatür kitablar, xüsusi buraxılış qəzetlər,albomlar, əlyazmalar,sənədlər, afişalardır. Rəssam Tahir Salahovun çəkdiyi eskizlər, həyat yoldaşı Nigar xanım və anası Məryəm xanıma aid olan müxtəlif dəyərli məişət əşyaları, suvenirlər, stolüstü saat eləcə də şairin özünə aid əşyalar da ayrı-ayrı zallarda nümayiş olunur”
Muzeyi gəzdikcə , eksponantlarla tanış olduqca sanki o dövrə,şairli günlərə gedirsən.
Bir cüt qara əlçək, qara rəngli pianino , divarlardan boylanan uşaqlıq, gənclik, yetkinlik dövr ağ-qara fotolar, yazıçı, şair dostları ilə gülümsənən anlar, eskizlərdən boylanan fikirli baxışlar “Bəlkə , bütün keçən günlər ən gözəl günün müqəddiməsi imiş” şairin sədaqət səsli, nigaran dolu misrasını xatırladır. İkinci zalda şairin ov tüfəngi, sevimli tarı , ailəyə məxsus iki tarixi süfrə , qarabağ xalçası və Nigar xanıma və Rzayevlər ailəsinə aid digər cehizlik əşya və qablar nümayiş olunur ki, sanki özünü o ailədə qonaq sanırsan. Bəli qonaq. “Mən istəyirəm: sevinc, səadət bol olsun. Ürəkdən-ürəyə, ölkədən-ölkəyə, açıq yol olsun” deyən Rəsul Rzanın ev-muzeyi çoxlu qonaq, seyrçi , tamaşaçı arzulayır. Bunun üçün də muzeylə bağlı həmsöhbət olduğum direktor Solmaz Həsənovanın illər öncə və indi də maraqlı təklifi var.
- Muzeydə vəziyyət necədir və təmiri seyrçi axınına səbəb olub?
- Seyrçilərimiz var və arzu edirəm ki, çox olsun. Muzeydə həvəslə səkkiz işçi olaraq çalışırıq. Beşimiz ali təhsillidir. Bizə etibar olunan muzeyi qoruyuruq və onu doğma evimiz sanırıq. Son iki ildir ki, Elm və Təhsil Nazirliyinin əmri ilə şifahi və açıq şəkildə ədəbiyyat aylığı keçirilir. İl ərzində 1500-2000 -ə yaxın seyrçilərimiz olur. Hələ 2013-2014-cü illərdə Mədəniyyət nazirinin qəbulunda olaraq təklif etdim ki, Göyçay rayonu Qəbələ-Şəki marşurutu üzərində yerləşdiyindən bu turizm marşurutuna salınsın. Xeyli turist həm də Rəsul Rza ev -muzeyinə və digər muzeylərə baş çəkər, məlumat alar. Təklifim müsbət qarşılansa da, ancaq reallaşmadı. Könül istərdi ki, təkliflərimiz gerçəkləşsin. Hər il Göyçayda keçirilən ənənəvi “Nar” festivalına gələn qonaqlar da yolunu muzeyimizdən salması məqsədəuyğundur. Həm maarifləndirərik, həm də əyani vəsaitləri onlara təqdim edərik.
Hər bir amal istəkdən yaranır. Sevgi, istək və təbliğat güclü olarsa muzeydə istədiyimiz tamaşaçı sayını toplaya bilərik.
- Dünyada bu istiqamətdə çox örnək nümunələr var. Yəqin ki, siz həmin inkişaf etmiş ölkələrin muzey mədəniyyətinin tətbiq olunmasını istərdiz.
- Dünyanın bir çox ölkələrində muzey əməkdaşı olaraq səfərlərdə olmuşam. Orda muzey və kitabxanalarda gördüyüm ənənələri öz muzeylərimizə tətbiq olunmağını istəyərdim. Mədəniyyət Nazirliyinin təşkil etdiyi müşavirədə olarkən Amerikalı mütəxəssis bildirdi ki, muzeyin iki mindən çox fərdi təqaüddə olan tamaşaçısı var. O tamaşaçılar həm muzey mədəniyyətini yaşadır, həm də onun qorunmasında müəyyən xidmət göstərir, çatışmazlıqlarına yardım edir. İstərdim ki, dövlət, cəmiyyət, ziyalılar , təşkilat və şəxslər belə bir müsbət ənənənin formalaşmasında maraqlı olsun və birgə ölkəmizdə muzey mədəniyyətini formalaşdıraq. Azərbaycan ədəbiyyatına sərbəst vəzn, yenilik gətirən , zəngin və oxunaqlı yaradıcılığı ilə seçilən böyük şair Rəsul Rzanın ev-muzeyini göz-bəbəyimiz kimi qorumalı, yaşatmalıyıq. Hətta istərdim ki, istənilən göyçaylı ailəsi onun şeirlərindən bir bənd belə olsa əzbər öyrənsin. Xaçmazda iki qazaxlı həkimin Səməd Vurğundan bir saat şeir söyləməsinin şahidi oldum. Çox sevindim. İstərdim ki, biz göyçaylılar da öz ədiblərimizin şeirlərinə, yaradıcılığına belə dərindən bələd olaq, uşaqlarımıza təlqin edək.
- Bölgədə muzeylə bağlı təbliğat işini necə aparır və gənc ədəbiyyatsevərləri muzeyə necə cəlb edirsiz?
- Muzeyimizdə “poeziya klubu” fəaliyyət göstərir. Hər ay yaxud ay yarımda bir dəfə rayonda poeziyaya həvəs və istedadı olan müxtəlif sahə insanları, ziyalılar, hətta evdar qadınlar və təqaüdçülər muzeyə toplanır . Onların müəllifi olduqları şeirlər, hekayələr, esselər dinlənilir, düzəlişlər, redaktələr edilir. Daha sonra ölkənin tanımış qəzet və saytlarında nəşr edilir. Təbii ki, bunların arasında yeni imzalarla yanaşı seçilən, tanınan yazıçılar birliyinin üzvləri də var. Seyrçi, tamaşaçı sayına hər zaman ehtiyac var. Şagird və tələbələrin cəlbi yaxşı olardı.
-Təklifiniz olub?
- Şagird və tələbələrlə bağlı təbliğat məsələsi məni narahat edir. Bura təyin olunan gündən etibarən bu məsələni həmişə müxtəlif idarə, qurum rəhbərinin qarşısında qaldırmışam ki, Regional Mədəniyyət İdarəsi ilə Regional Təhsil idarəsi arasında müqavilə bağlanılsın. Biz məktəbliləri, kollec tələblərini , yəni gənc nəsli muzeylərə cəlb edə bilək. Bunu özümüz etsək o effekti verməz, amma idarə səviyyəsində məntiqlidir. Şagirdlərin uşaqlıq, gənclik dövrləri var. Bu uşaqlıq illərində dövlətin qarşımıza qoyduğu uşaq strategiyası proqramına, əsasən maarifləndirmə işlərini aparaq, eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli istifadəsi ilə bağlı başqa proqramda da gənclərlə məşğul olaq. Bu mənada məktəbliləri tək ədəbiyyat ilə bağlı deyil, yuxarı sinif şagirdlərini korrupsiya, narkomoniya, erkən nikah, insan alverinə qarşı mübarizə tədbirlərinə də cəlb edək. Həm psixoloq, həm hüquq mühafizə orqanlarından, tibb mütəxəssisləri dəvət edib maarifləndirmə tədbirləri keçiririk. Uşaqların beyni ağ kağızdır. Onlarla belə maarifləndirmə işləri aparanda ayılır, dərk edirlər, hətta özləri belə mütəxəssislərlə dialoqa keçid alırlar. İstərdik ki, bu cür tədbirlər davamlı olsun və daha çox şagird, tələbəni muzeyimizə cəlb edək. Məktəblərdə “uşaq aylığı” çərçivəsində elmçi işçi və bələdçimiz gedir, maarifləndirmə aparır. Erkən yaşda, hətta bağçalardan belə uşaqları muzeyə cəlb etmək lazımdır. Onlara həvəsləndirici mükafat və hədiyyələrin verilməsi stimul yaradır. Sosial dəstəyə ehtiyacı olan və kənd uşaqlarını cəlb edirik, onların istedadını dinləyir, bacardığımız qədər onları mükafatlandırırıq ki, həvəslənsinlər. İstədiyim odur ki, muzeyi sevən, sevərək üz tutan seyrçisi çox olsun. Mən şəxsən ədəbiyyatçı olsam da dünyanın müxtəlif ölkə və şəhərlərində olarkən kitabxana, muzeylər cəlb edib. Kitabxanada, muzeydə əhalinin təbəqə, yaş kateqoriyasını müşahidə edirəm. İnsanın ən böyük sərvəti elə dünyagörüşü, mədəniyyəti və intellektual səviyyəsidir. İnsan topladığı var dövlətlə şöhrətlənməz. İnsanın ən böyük sərvəti iç dünyası, düşüncələri, ziyalılığıdır, yəni dünyagörüşündədir. Onu gəncliyə təbliğ etmək, yol açmaq lazımdır. Hollandiyada “Madam Tüsso” muzeyində olanda özümü bir ayrı dünyada kəşf elədim. Memar işi, muzeyə münasibət, seyrçi növbəsi və izləyici izdihamı böyük mədəniyyətdir. Düşünürəm ki, bizdə belə şərait yaradılmalı, muzeylər müasir dövrə uyğun qurulmalıdır.
- Təmirdən sonra muzey bir başqa təsir bağışlayır. Mütəmadi muzeylərdə eksponatların saxlanılmasına, muzey restavrasiyasına diqqət ayrılmalıdır.
Hazırda eksponatlarla bağlı muzeydə hansı addımların atılmasına ehtiyac var?
-2010 -cu il təmirindən sonra yeni avadanlıqlarla təmin olunduq. Bildiyimiz kimi, xatirə muzeyləri şairin, yazıçının yataq, qonaq, mətbəx otaq dəstləri modern üslubda qurulmalıdır. Məsələn Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun ev muzeylərindəki kimi. Ötən il Rəsul Rzanın Bakıda ev-muzeyi açıldı. Həmin evdə şairin kiçik qızı Təranə xanım yaşayırdı. Çox güman ki, mənzillə təmin olunub deyə ev muzey açıldı. Həmin muzeydə Rəsul Rzanın özünə məxsus yataq, qonaq, mətbəx otağı olduğu kimi qorunub saxlanılır. Bu diqqətəlayiq addımdır. Qeyd edim ki, hər il 19 Mayda Beynəlxalq Rəsul Rza mükafatı bizim muzeydə şair və yazıçılara təqdim olunurdu. Bu il isə Bakıdakı muzeydə təqdim olunacaq. Hazırda Göyçaydakı muzeydə ən böyük ehtiyac istilik sistemi ilə bağlıdır. İstilik sistemi çəkilsə də döşəmə altındakı sızıntını aradan qaldırmaq lazmıdır ki, bunu aidiyyəti qurumlara çatdırmışıq. Çünki muzeylərdə eksponatlar daim müəyən temperaturda saxlanılmalı, qorunmalıdır. Nəmişlik eksponatlara yaxşı təsir göstərmir. Məsələn Rəsul Rzanın özünə məxsus tarını rütübətdən zərər görməsin deyə müəyyən dərəcədə qızdırdığımız fond kimi yerdə saxlayırıq. Biz onları qoruyuruq, amma istilik problemi öz həllini tapsa biz muzeyçilər təbii ki, buna sevinərik.
- Adətən regionlarda muzeyin tərəfdaşı daha çox ədəbiyyatçılar, filoloqlar və ziyalılar olur. Yuxarıda qeyd etdiniz ki, muzeyə şagird , tələbə cəlbi zəif gedir. Bəs Ədəbiyyat fənn müəllimlərinin bu istiqamətdə hansısa təşəbbüsləri , cəhdləri olurmu?
- Rayonlarda ədəbi proseslərə cəlb, iştirak zəifdir. Bu mənada son illər gənclərin mütaliəyə qabiliyyəti az, şagirdlər ədəbiyyata sadəcə dərslik kimi baxır. Bu mənada orta məktəblərdə çalışan ədəbiyyat fənn müəllimlərinin öhdəliyinə bir missiya düşür ki, şagirdlərə açıq dərsləri muzeydə də keçə, muzey vasitəsilə ədəbiyyatı onlara təbliğ edə bilərlər. Ancaq müəllimlər belə repititorluqdan baş açıb ədəbiyyata yaxın düşə bilmir. Bu gün Azərbaycanda repititorluq çox yayılıb, inkişaf edib. Azərbaycan dili və Ədəbiyyat fənn müəllimlərinin fikri repititorluq etməyə elə qarışıb ki, artıq onlar şagirdlərlə ədəbi görüşlərə , təbliğata, maraqlı tədbir və açıq dərslərin təşkilinə çox az maraq göstərirlər. Muzeyimiz ədəbiyyat profilli olduğundan istərdik ki, ədəbiyyat sevərlər, müəllimlər şagirdlərdə maraq yaratsın. Şagirdlərə motivasiya vermək üçün mükafatlandırırıq. “Tərifnamə”, “təşəkkürnamə” veririk. Onlar arasında sağlam rəqabət yaradırıq. Hətta o müəllimlər, gənclər üçün bu muzeydə şərait yaradıram ki, gəlin açıq dərslərinizi burda keçin. Çünki burda əyani vəsait var. Rəsul Rzanın ailəsində altı nəfər yaradıcılıqla məşğul olub və olur. Nisbətən bzəi şəhər tam orta , peşə məktəbi , eləcə də Göyçay rayon Ulaşlı kənd tam orta məktəbi bu mənada digərlərindən seçilir. Təklif edirəm ki, uşaqlarınızı mütəmadi bura gətirin. Ən azından muzeyi tanısınlar. Rəsul Rzanın da uşaq şeirləri var. Nə yazıqlar ki, bu mənada müəllimlərdə passivlik var. Çox istəyirəm ki, Azərbaycanın çox tanınmış şair və yazarları ilə burda görüş keçirək. Ən böyük arzumdur. Bizim uşaqlıq illərdə belə ədəbi görüşlər keçirilirdi. Şairlər günündə belə bir görüşün olması arzuolunandır.
- Muzeydə hər il açıq qapı günləri nə vaxt olur və izləyici kütləsini bu il maarifləndirmə marafonu gözləyir?
- Hər il 18 maydan etibarən muzeyimizdə açıq qapı günü keçirilir. Bu ildə muzeydə doğum günü ilə əlaqədar xüsusi tədbir və açıq qapı günləri keçirildi. Tamaşaçılarımızı hər gün muzeydə gözləyirik. Digər günlərdə bizi nigaran saxlasalar da istərdik ki, açıq qapı günlərində onların sayı çoxalsın, seyrçilər bizi yaxşı mənada təəccübləndirsin. Bu gün etiraf edək ki, uşaqların maraq dairəsində olacaq məkanlar çox azdır. Ona görə də uşaqları az sayda olan tək parklara deyil, elə uşaqlıqdan kitaba, muzeyə, sərgilərə cəlb etmək lazımdır. Bağçadan bura yönəldilsə onlarda bu mədəniyyət formalaşar. Zamanından asılı olmayaraq muzeyə üz tutan şəxslərin dünyagörüş və intellekt səviyyəsinə görə onlara geniş, yaxud lakonik məlumat verilir. Şairin yaradıcılıq otağındakı şəxsi əşyaları barədə tanışlıq yaradılır. Ailə üzvləri ,dostları və ailə üzvlərinə aid əşyalar barədə də məlumat verilir. Ənvər Məmədxanlı nəslindən olduğu üçün guşəmiz var ki, qonaqlara bu barədə, eləcə də şairin beş yaşında itirdiyi atası Mirzə İbrahim , anası Məryəm xanım, həyat yoldaşı Nigar Rəfibəyli və onu himayəsində saxlayan dayısı Məmmədhüseyn Rzayev barədə məlumat verilir. Şair Rzayev soyadı ilə ömür boyu yazıb yaradıb və ailə üzvləri də bu familyanı daşıyıb. Düşünürük ki, dayısına olan sevgisindən dolayı bu soyadı götürüb ki, uğurlu da alınıb. Bu il Rəsul Rzanın 116 illiyi qeyd olunur. Rayonda bir başqa yerdə evləri olsa da nostalji, doğma hisslər bu evin muzey kimi yaradılmasına səbəb olub. Rəsul Rza heç vaxt Göyçaysız qalmayıb. Yurduna bağlı olub. Ən mötəbər qonaqlar Toğrul Nərimanbəyov, Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlər onun evinin qonağı olub. Bizim üçün şərait yaradılsın ki, çox şair və yazarlar bu evdə oxucuları ilə görüşə gəlsin. Gənclər ədəbiyyatına, muzeyinə sahib çıxmalı və mütləq belə ədəbi görüşlərdə iştirak etməlidir. Müxtəlif əyləncəli oyunlar,uşaq şeirləri öyrənsinlər. Böyüklərin yolu davamlı muzeydən keçsə uşaqlarımızda da bu təqdirli mədəniyyət formalaşar. Hamını muzeyimizə dəvət edirik.
“Neyləyim, çox ağırdır - yaxşı İnsanı əbədi itirmək dərdi. Bir insan ki, ömrünün hər günü insanlığın ömrü-günüydü”- bu misraları Nazim Hikmət barədə yazan şairi indi oxucuları da eyni misralarla xatırlayır. Muzeyi bələdçi Gülnar Ağayeva ilə otaq-otaq gəzərək həmsöhbət olur, o illərə, o dövrlərə , şairin ömür yoluna nəzər salırıq. Bələdçi güləş siması ilə sevərək, xırda detallara vararaq məlumatları ötürür. Sonuncu kiçik, ancaq ailəyə məxsus əşyaların yer aldığı otaqda tarı götürüb xatirə çəkil çəkdirirəm. O tarda şairin əl izi, tar sevgisi, milli musiqi sədası var. Tarın eksponant kimi qorunma şəraiti ilə tanış oldum. Mütləq tarı qorumaq lazımdır, təkcə milli musiqi aləti kimi deyil, həm də şairdən geriyə qalan yadigar eksponant kimi. Muzeyi tərk etməyə hazırlaşıram. Elə bu an diqqətimi divarda asılan rəssam Arif Hüseynovun tənha insan portreti fonunda Rəsul Rzanın bir bəndlik şeiri çəkir....
Vaxt var ikən,
Elə yaşa, elə çalış,
Bir gün sən olmayanda,
Hər kəsə aydın görünsün
Yerində qalan boşluq.
Yerində qalan boşluq şair, aydın görünür.Yaradıcılığında qəlbinin istisi, işıqlı fikrin və mehriban hissin əbədidir. Misarlarındakı azadlığın, tənqidin, tərənnümünlə.
Yaşadı, döyüşdü.
Qəlbində insanların Kədərini,
sevincini daşıdı.
Ünvanı, pasportdan məlum,
nə bir şəhər, bir küçə, bir tindədir.
Ünvanı milyonlarla insan qəlbindədir.
Günel Sabirqızı