Hər xalqın tarix yolunda onu başqalarından fərqləndirən, nəsildən-nəslə ötürülən mənəvi sərvətləri vardır. Bu sərvətlərə dil, milli adət-ənənələr, ailə dəyərləri, musiqi, ədəbiyyat, milli mətbəx, mərasimlər, böyüyə hörmət, kiçiyə qayğı və vətənə bağlılıq daxildir. Xalq öz keçmişini unutduqda yalnız tarixinin bir hissəsini deyil, mənəvi kimliyinin mühüm dayaqlarını da itirir. Lakin həyat yalnız keçmişdən ibarət deyil. Zaman dəyişir, dünya yenilənir, insan düşüncəsi inkişaf edir. Bəs biz nə etməliyik: adətlərimizə sadiq qalaq, yoxsa yeniliklərin ardınca gedək?
Əslində, bu suala “ya o, ya da bu” prinsipi ilə cavab vermək düzgün deyil. Çünki milli kimliyi qorumaqla müasir dünyaya açıq olmaq bir-birinə zidd anlayışlar deyil. Əksinə, sağlam cəmiyyət üçün hər ikisi vacibdir. Keçmiş bizim kökümüz, yenilik isə gələcəyə uzanan budaqlarımızdır. Kökü olmayan ağacın budaqları da uzunömürlü ola bilməz.
Azərbaycan xalqı əsrlər boyu zəngin adət-ənənələri ilə tanınıb. Novruz bayramında tonqal qalamaq, süfrə açmaq, küsülüləri barışdırmaq, böyükləri ziyarət etmək kimi adətlər xalqımızın mənəvi yaddaşının parlaq nümunələridir. Toylarımızda, bayramlarımızda, ailə münasibətlərimizdə yaşatdığımız bir çox ənənə bizi tariximizlə bağlayır. Nənənin nəvəsinə danışdığı nağıl, babanın övladına öyrətdiyi el sözü, ailənin birlikdə keçirdiyi bayram süfrəsi bəzən bir kitabdan daha güclü şəkildə milli yaddaşı qoruyur.
Adət-ənənə sadəcə keçmişdən qalan bir davranış forması deyil. O, xalqın həyat təcrübəsinin süzgəcindən keçərək bu günə gəlib çatan mənəvi mirasdır. Məsələn, Azərbaycan ailəsində böyüyə hörmət yalnız bir qayda deyil, insan münasibətlərinin mühüm göstəricisidir. Qonaqpərvərlik isə xalqımızın xarakterini ifadə edən xüsusiyyətlərdəndir. “Qonaq evin bərəkətidir” düşüncəsi sadəcə bir ifadə deyil, xalqımızın insanlara münasibətini əks etdirən mənəvi dəyərdir.
Ancaq adətlərin hamısını dəyişməz və toxunulmaz hesab etmək də doğru olmaz. Çünki zamanın dəyişməsi ilə insanların ehtiyacları və düşüncələri də dəyişir. Keçmişdə müəyyən şərait üçün faydalı olan hər hansı davranış bu gün öz əhəmiyyətini itirə bilər. Cəmiyyət inkişaf etdikcə insan hüquqları, təhsil, elm, texnologiya, gender münasibətləri, əmək mədəniyyəti və digər sahələrdə yeni yanaşmalar meydana çıxır. Yeniliyə qapıları bağlamaq isə inkişafın qarşısını almaq deməkdir.
Bu gün Azərbaycan gənci həm milli köklərinə bağlı, həm də dünyanın müasir imkanlarından istifadə edən bir şəxsiyyət olmalıdır. O, ana dilində danışmalı, tarixini və ədəbiyyatını bilməli, milli musiqisini sevməli, bayrağına və Vətəninə hörmət etməlidir. Eyni zamanda müasir texnologiyaları öyrənməli, xarici dillərə yiyələnməli, dünya elminin nailiyyətlərindən yararlanmalı, yeni ideyalara açıq olmalıdır.
Çünki müasir olmaq milli kimlikdən uzaqlaşmaq demək deyil.
Bəzən insanlar yeniliyi milli dəyərlərin düşməni kimi qəbul edirlər. Halbuki yenilik öz-özlüyündə təhlükə deyil. Əsas məsələ yeniliyin necə və hansı məqsədlə qəbul edilməsidir. Dünyanın qabaqcıl ölkələrindən elm və texnologiyanı öyrənmək, onların təhsil və idarəçilik təcrübəsindən faydalanmaq xalqın özünəməxsusluğunu itirməsi anlamına gəlmir. Əksinə, başqa xalqların uğurlarından öyrənib onları milli xüsusiyyətlərimizlə uyğunlaşdırmaq cəmiyyətimizi daha da gücləndirə bilər.
Tarix göstərir ki, millətlər yalnız keçmişinə sığınmaqla inkişaf etmirlər. İnkişaf edən xalqlar öz milli kimliyini qoruyaraq dünyadakı dəyişikliklərə uyğunlaşmağı bacaran xalqlardır. Bu baxımdan Azərbaycan xalqının tarixi də bizə çox şey öyrədir. Xalqımız müxtəlif dövrlərdə fərqli mədəniyyətlərlə əlaqədə olub, yeni ideyalar mənimsəyib, elm və ədəbiyyat sahəsində böyük şəxsiyyətlər yetişdirib. XIX və XX əsrlərdə Azərbaycanda maarifçilik hərəkatının güclənməsi, yeni məktəblərin yaranması, mətbuatın inkişafı, qadın təhsilinə diqqətin artması cəmiyyətin yeniliyə açıq olduğunun mühüm göstəriciləridir.
Milli ruh yalnız keçmişi xatırlamaqdan ibarət deyil. Milli ruh həm də gələcək üçün məsuliyyət daşımaqdır.
Əgər biz milli dəyərlərimizi qorumaq istəyiriksə, onları sadəcə sözlərlə deyil, gündəlik həyatımızda yaşatmalıyıq. Ana dilinə hörmət etməyən, öz tarixini bilməyən, milli mədəniyyətinə laqeyd yanaşan insanın “mən milli dəyərlərə bağlıyam” deməsi kifayət deyil. Eyni zamanda yeniliyi qəbul etmək də hər qarşılaşdığımız dəyişikliyi düşünmədən mənimsəmək demək deyil. Dünyadan gələn hər yenilik faydalı olmadığı kimi, keçmişdən gələn hər ənənə də mütləq şəkildə bu gün üçün uyğun olmaya bilər.
Burada əsas meyar düşünmək və seçim etmək bacarığıdır.
Biz özümüzə sual verməliyik: Bu adət bizim mənəvi zənginliyimizi artırırmı? İnsanları bir-birinə yaxınlaşdırırmı? Ailəni və cəmiyyəti möhkəmləndirirmi? Əgər cavab müsbətdirsə, həmin ənənəni qorumaq lazımdır. Əgər hansısa köhnə yanaşma insanın azadlığını məhdudlaşdırır, ayrı-seçkiliyə səbəb olur və cəmiyyətin inkişafına maneə yaradırsa, ona yenidən baxmaqdan qorxmamalıyıq.
Müasir dünyada milli kimliyimizi qorumağın ən mühüm yollarından biri də təhsildir. Təhsilli insan öz keçmişini daha yaxşı anlayır və gələcəyi daha düzgün qurur. Gənclərimiz Nizaminin, Füzulinin, Mirzə Fətəlinin humanizmini dərk edib onların irsindən bəhrələnsələr, müasir dünyaya açıq düşüncə ilə baxmağı bacarar, dövrün tələblərinə və milli mənəviyyatımıza uyğun düşüncə tərzi formalaşdırırlar. Beləliklə, millilik və müasirlik bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan dəyərlərə çevrilir. Öz köklərinə bağlı, yeniliyə açıq gənc nəsil milli kimliyimizi gələcəyə daşıyan əsas qüvvədir.
Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,, ADPU-nun dosenti,
ATA tv.az Xəbər Portalı baş direktorunun l müavini