Azərbaycana 2026-cı ilin yanvar–avqust aylarında xarici ölkələrdən 85 milyon 901 min 650 ədəd diri həşərat gətirilib. İdxalın ümumi gömrük dəyəri 142,61 min ABŞ dolları, yəni təxminən 242,4 min manat təşkil edib.
Bu rəqəmlər bir sıra sualları gündəmə gətirir: Ölkəyə bu qədər həşərat hansı zərurətdən gətirilir? Onlar hansı məqsədlər üçün istifadə olunur? İdxalın arxasında hansı şirkətlər dayanır?
İDXALIN ƏSAS HİSSƏSİ RUSİYANIN PAYINA DÜŞÜR
Statistik göstəricilərə əsasən, 2026-cı ilin ilk səkkiz ayında diri həşəratlar beş ölkədən Azərbaycana gətirilib:
- Rusiya – 84 milyon 280 min ədəd;
- Mərakeş – 976 min ədəd;
- Belçika – 642 min 500 ədəd;
- Türkiyə – 3 120 ədəd;
- Niderland – 30 ədəd.
Göründüyü kimi, idxalın mütləq əksəriyyəti Rusiyanın payına düşür.
HƏŞƏRATLARIN ÖLKƏYƏ GƏTİRİLMƏSİNİN SƏBƏBİ NƏDİR?
Mütəxəssislərin izahına görə, diri həşəratların idxalının mümkün istiqamətlərindən biri kənd təsərrüfatında bioloji mübarizə üsullarının tətbiqidir.
Bu üsulda faydalı həşəratlardan bitkilərə zərər vuran digər həşəratların sayını azaltmaq, bəzi hallarda isə bitkilərin tozlanmasını təmin etmək üçün istifadə olunur.
Belə yanaşma kimyəvi preparatlardan istifadənin azaldılmasına və kənd təsərrüfatı məhsullarının qorunmasına kömək edə bilər.
Lakin ümumi idxal statistikası gətirilən həşəratların konkret növlərini və hansı təsərrüfatlarda istifadə olunduğunu müəyyən etməyə imkan vermir.
30 HƏŞƏRATIN 22,7 MİN MANATLIQ GÖMRÜK DƏYƏRİ
İdxal rəqəmləri arasında ayrıca diqqət çəkən məqam Niderlanddan gətirilən 30 ədəd diri həşəratın ümumi gömrük dəyərinin 22,7 min manat göstərilməsidir.#
Bu məbləğ əsasında bir ədədə düşən orta gömrük dəyəri təxminən 757 manat hesablanır.
Burada mühüm məsələ həmin həşəratların hansı növə aid olması, hansı xüsusiyyətlərə malik olması və gömrük dəyərinin hansı əsaslarla müəyyənləşdirilməsidir.
Qeyd edək ki, bu rəqəm gömrük dəyəri üzrə orta hesablamadır və həşəratların pərakəndə satış qiyməti kimi qəbul edilməməlidir.
RƏSMİ QURUMLARIN CAVABLANDIRMALI OLDUĞU SUALLAR
Məsələnin ictimai maraq doğuran tərəfləri nəzərə alınaraq aşağıdakı suallara aydınlıq gətirilməsi vacibdir:
1. Azərbaycana diri həşəratları hansı şirkətlər idxal edib?
2. İdxal hansı hüquqi və fiziki şəxslərin adına rəsmiləşdirilib?
3. Gətirilən həşəratların konkret növləri hansılardır?
4. Onlar hansı kənd təsərrüfatı müəssisələrinə və təsərrüfatlara verilib?
5. İdxal olunan canlıların ölkənin yerli ekosisteminə təsiri necə qiymətləndirilir?
6. Niderlanddan gətirilən 30 həşəratın 22,7 min manatlıq gömrük dəyəri hansı sənədlər əsasında müəyyənləşdirilib?
Azəraycan Qida Təhlükəsizliyi Agentliyi və Aqrar Xidmətlər Agentliyinin bu məsələyə münasibət bildirməsi, idxalın təyinatı və təhlükəsizlik tədbirləri barədə ictimaiyyətə ətraflı məlumat verməsi məqsədəuyğun olardı.
İCTİMAİYYƏTİN BİLMƏK HAQQI VAR
Kənd təsərrüfatında bioloji mübarizə üsullarından istifadə müasir aqrar təsərrüfat üçün əhəmiyyətli ola bilər. Ancaq ölkəyə milyonlarla diri orqanizm gətirildiyi halda onların növü, təyinatı, idxalçısı və son istifadə ünvanı barədə məlumatların aydın olması da vacibdir.
Məsələni yalnız qeyri-adi idxal rəqəmi kimi qiymətləndirmək düzgün olmaz. Burada həm kənd təsərrüfatının inkişafı, həm fitosanitar təhlükəsizlik, həm də idxal əməliyyatlarının şəffaflığı məsələləri dayanır.
Cəmiyyətin sualı isə açıq qalır: 85,9 milyon diri həşərat kim tərəfindən gətirilib, kimə təhvil verilib və ölkəyə hansı konkret faydanı təmin edəcək?
Müvafiq qurumların rəsmi cavabları araşdırmanın davamı üçün mühüm əhəmiyyət daşıyır.
Material açıq statistik məlumatlar və mütəxəssis şərhləri əsasında hazırlanıb.
AYNURƏ ULDUZ TEYMUROVA
“Atatv.az” və “Azadtv.az” baş redaktorunun birinci müavini.