Azərbaycanda 2027-ci il yanvarın 1-dən ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter, noutbuk və planşetlərin sayı, növü, eləcə də internetə çıxış imkanları barədə məlumatların toplanması nəzərdə tutulur.
Açıqlanan əsas səbəb ölkədə rəqəmsal inkişafın səviyyəsini, əhalinin kompüter və internetlə təminatını, regionlar üzrə texnoloji imkanları müəyyənləşdirməkdir.
Bəs burada vətəndaşları düşündürən suallar nədir?
Dövlətin statistik məlumat toplamaq məqsədi başadüşülən olsa da, vətəndaşın şəxsi əmlakı və şəxsi həyatı ilə bağlı məlumatların hansı həddə qədər toplanması məsələsi aydınlaşdırılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. Şəxsi məlumatların toplanması, saxlanılması və istifadəsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
Ona görə də ictimaiyyətə aşağıdakı suallara aydın cavab verilməlidir:
1. Toplanan məlumatlar hansı dövlət qurumunda saxlanılacaq?
2. Bu məlumatlardan kimlər istifadə edə biləcək?
3. Vətəndaşın kompüterlərinin sayı və növü ilə bağlı məlumatlar fərdi qaydada saxlanılacaq, yoxsa anonim statistik göstəricilərə çevriləcək?
4. Bu məlumatların üçüncü şəxslərə ötürülməsinin qarşısı necə alınacaq?
5. Vətəndaşların şəxsi məlumatlarının qorunmasına hansı təminatlar veriləcək?
Unutmyaq ki, dövlət statistik göstəriciləri öyrənə bilər, lakin bu proses vətəndaşın şəxsi həyatının toxunulmazlığı prinsipini kölgədə qoymamalıdır.
ƏSAS SUAL BUDUR: DÖVLƏTİN STATİSTİK MƏLUMAT TOPLAMAQ HÜQUQU HARADA BİTİR, VƏTƏNDAŞIN ŞƏXSİ HƏYATININ TOXUNULMAZLIĞI HARADA BAŞLAYIR?
Vətəndaşın hüquqları və şəxsi məlumatlarının məxfiliyi hər zaman qorunmalıdır.
AYNURƏ ULDUZ TEYMUROVA
ATA-TV az, AZAD-TVaz baş redaktoru birinci müavini