ŞƏXSİ ELEKTRİK CİHAZI, YERALTI QARAJ VƏ SAKİNLƏRİN NARAHATLIĞI — BƏS TƏHLÜKƏSİZLİK KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Sumqayıt şəhərində yerləşən “Bağça Şəhər” yaşayış kompleksində yayılan məlumatlar ciddi narahatlıq doğurur. Patrul.az-ın yaydığı xəbərə görə, 192 sakinin yaşadığı binanın yeraltı qarajında elektromobil üçün fərdi şarj cihazının quraşdırılması ilə bağlı iddialar gündəmə gəlib.
Məlumatlarda cihazın bina rəhbərliyi tərəfindən şəxsi avtomobil üçün quraşdırıldığı, həmin şəxsin isə binada yaşamadığı bildirilir. Avtomobilin dövlət qeydiyyat nişanı da xəbərdə qeyd olunub.
Sakinlərin əsas narahatlığı elektrik avadanlığının təhlükəsizliyi və mümkün yanğın riskidir. Əgər bu iddialar doğrudursa, sual yaranır: yaşayış binasının ümumi ərazisində fərdi elektrik cihazının quraşdırılması hansı qaydalar əsasında həyata keçirilib?
192 sakinin təhlükəsizliyi bir şəxsin şəxsi rahatlığından daha üstün deyilmi?
Bina rəhbərliyi sakinlərin narahatlığına aydın cavab verməli, cihazın hansı əsasla quraşdırıldığını və elektrik təhlükəsizliyinin necə təmin olunduğunu izah etməlidir.
Məsələ aidiyyəti qurumların diqqətinə çatdırılmalı, elektrik təsərrüfatının təhlükəsizliyi yoxlanılmalı və sakinlərin narahatlığına hüquqi çərçivədə aydınlıq gətirilməlidir.
Burada söhbət təkcə bir avtomobildən və ya şarj cihazından getmir. Söhbət insanların yaşadığı binanın təhlükəsizliyindən, sakinlərin hüquqlarından və məsuliyyət məsələsindən gedir.
Təhlükəsizlik şəxsi imtiyaz deyil, hər bir sakinin hüququdur!
Məqalə açıq mənbələrdə yayılan məlumatlar əsasında hazırlanıb. İddialarla bağlı aidiyyəti şəxslərin və qurumların mövqeyi dərc olunmağa hazırdır.
AYNURƏ ULDUZ TEYMUROVA
ATA-TV.az baş redaktorunun I müavini
AZAD-TV.az direktoru
“Qızıl Qələm” media mükafatı laureatı