Bu gün ölkəmizdə Televiziya və Radio Günü qeyd olunur. Məxsusi olaraq bu günü bayram kimi keçirənlər də var. 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyasının fəaliyyətə başlaması ilə Azərbaycan xalqının mədəni və ictimai həyatında tamamilə yeni bir era açıldı. Ötən onilliklər ərzində milli televiziyamız böyük, şərəfli və zəngin bir inkişaf yolu keçməsini də danmırıq. Lakin bu gün bayram reallıqları fonunda ekran qarşısına keçən müasir tamaşaçı böyük bir təzadla və təəssüf hissi ilə qarşılaşır. Dünənin maarifçi, ziyalı ekranı ilə bu günün ailə-məişət girdabına yuvarlanmış efir məkanı arasında dərin bir uçurum yaranıb. Maarifçilik missiyasının itən sədaları bizi getdikcə ötən günlər üçün kövrəldir.
Qızıl dövr: Ziyalılıq, peşəkarlıq və sənət məbədi
Azərbaycan televiziyası yarandığı ilk illərdən etibarən sadəcə bir informasiya vasitəsi deyil, həm də böyük bir mədəniyyət və maarifçilik mərkəzinə çevrilmişdi. Nəsir İmanquliyev, Ənvər Əlibəyli kimi nəhəng ziyalıların rəhbərliyi, peşəkar kadrların, səsi məlhəm olan diktorların fədakarlığı sayəsində ekranlar xalqa yüksək zövq, dil mədəniyyəti və milli-mənəvi dəyərlər aşılayırdı.
O dövrün televiziya əməkdaşları – diktorlar, rejissorlar, redaktorlar – ciddi bir süzgəcdən, yüksək nitq mədəniyyəti və savad senzindən keçirdilər. Efirdə hazırlanan ədəbi-bədii, dramatik, siyasi və sosial verilişlər cəmiyyəti irəliyə aparan lokomotiv rolunu oynayırdı. Teatr tamaşaları, poeziya gecələri, musiqi dünyasının korifeylərinin çıxışları arxivlərimizin ən qiymətli inciləridir. Televiziya hər bir evə daxil olan universitet idi. Ondan öyrənir, ibrət alır, tərbiyələnirdik.
Müasir dövrün acı mənzərəsi: Maarifçiliyin yox olması və intellektual aclıq
Bu gün texniki imkanların, kanal saylarının artmasına baxmayaraq, məzmun baxımından dərin bir geriləmə müşahidə olunur. Bir vaxtlar cəmiyyətə işıq saçan intellektual, elmi və ədəbi layihələr indi barmaqla sayıla biləcək qədər azalıb. İntellektual verilişlər reytinq yarışında arxa plana atılıb, sanki maarifçilik ideyaları efir məkanından tamamilə silinib.
Hazırda yerli telekanalların böyük əksəriyyətinin efir şəbəkəsini saatlarla davam edən, bir-birinin təkrarı olan ailə-məişət tipli verilişlər zəbt edib. Cəmiyyətin sosial problemlərini həll etmək adı altında insanların şəxsi həyatı, ailə dramları, boşanmalar və qalmaqallar milyonların gözü qarşısında nümayiş etdirilir. Cəmiyyətə intellekt, elm, sənət təqdim etməli olan ekranlar, ucuz reytinq xatirinə səviyyəsiz toy müğənnilərinin, heç bir ictimai faydası olmayan "fenomenlərin" baş platformasına çevrilib.
Etik tənəzzül və dil normativlərinin pozulması
Müasir efirlərin ən ağrılı tərəfi isə etik normaların ayaqlar altına alınması və ana dilimizə qarşı edilən hörmətsizlikdir. Bir zamanlar diktorların mükəmməl tələffüzü, zəngin cümlə quruluşu ilə fəxr etdiyimiz efirlərdə indi küçə jarqonları və parazit sözlər adi hal alıb. Dilimizin fonetik və qrammatik normativləri kobud şəkildə pozulur, efir mədəniyyətindən uzaq, aqressiv, qışqırıq və xoşagəlməz rəftarla zəngin görüntülər normalaşdırılır.
Aparıcıların və qonaqların bir-birinə qarşı etikadan kənar davranışları, efir etikasına sığmayan atmacaları gənc nəslin zövqünün korlanmasına, cəmiyyətdə aqressiyanın artmasına birbaşa rəvac verir. Televiziya özünün ən böyük funksiyasını – estetik və tərbiyəvi funksiyasını itirmək təhlükəsi ilə üz-üzədir. Efir mədəniyyət deməkdir. İndi isə bir sıra verilişlər bunun əksini söylətməklə televiziya kimi sehrli qutuya olan marağı öldürür. Hətta sosial şəbəkədə çox insan etiraf edir ki, milli kanallara baxmaqdan ya imtina edib, ya da yerli televiziya kanallarından isə əcnəbi kanalları izləyirlər.
Dünənin irsinə qayıdış ehtiyacı
Televiziya və Radio Günündə keçmişə boylanıb fəxr etmək haqqımız olsa da, bu günün reallıqları bizi dərindən düşündürməlidir. Milli televiziyamız toyxanaların əks-sədasına, məişət davasının meydanına çevrilməməlidir. Tamaşaçını ucuz reytinq naminə səviyyəsizliyə öyrəşdirmək yox, onun zövqünü yuxarı qaldırmaq, maarifləndirmək lazımdır.
Azərbaycan televiziyasının xilası peşəkar, savadlı kadrlara meydan açmaqdan, ədəbi dilin toxunulmazlığını qorumaqdan və efirlərə intellekti, elmi, həqiqi sənəti qaytarmaqdan keçir. Mavi ekran yenidən özünün əzəli missiyasına — cəmiyyətə işıq və elm paylamaq missiyasına sadiq qalmalıdır. Efir mədəniyyəti o qədər təkmilləşməli, peşəkar kadrlar geri dönməlidir ki, tamaşaçı əlindəki son model telefon asılılığından xilas olub sehrli qutu izləyicisinə çevrilməlidir.
Günel SABİRqızı İctimai Xəbər Agentliyinin , “Atatv.az” , “Azadtv.az” saytlarının xüsusi müxbiri.