Coğrafi adlar sadəcə xəritə üzərindəki nöqtələr deyil; onlar bir xalqın əsrlər boyu yaratdığı mədəniyyətin, təsərrüfat həyatının, dünyagörüşünün və dövlətçilik ənənəsinin daşlaşmış salnaməsidir. Məlumdur ki, bu gün Qərbi Azərbaycan kimi tanıdığımız tarixi torpaqlarda yer-yurd adlarının məqsədyönlü şəkildə dəyişdirilməsi təsadüfi linqvistik proses yox, minillik türk-oğuz-alban mədəniyyətinin və Azərbaycan türklərinin tarixi varlığının yaddaşlardan silinməsinə yönəlmiş ardıcıl siyasətin tərkib hissəsidir.
Qərbi Azərbaycan ərazisində ad dəyişdirmə siyasəti XIX əsrin sonlarından başlayaraq, xüsusilə sovet dövründə sistemli və inzibati xarakter almışdır. Qərbi Azərbaycan ərazisində qeydə alınmış 2310 toponimin 2000-dən çoxu türk mənşəli olduğu halda, vandal erməni şovinizmi nəticəsində həmin toponimlərin 70 faizdən çoxu dəyişdirilmiş, rus və ya erməni sözləri ilə əvəz edilmişdir. Bu prosesin məqsədi aydın idi: coğrafi mühitin dil yaddaşını dəyişməklə ərazinin əsl tarixi sahiblərinin izini itirmək və bölgəni monoetnik mənzərəyə uyğunlaşdırmaq.
Qədim türk qatlarını əks etdirən Qərbi Azərbaycanımızın
toponimik xəritəsinə baxdıqda bölgənin yer-yurd adlarının eramızdan çox-çox əvvəlki dövrlərdən başlayaraq qədim və orta əsrlərdə də davam etməklə müxtəlif türk boylarının, eləcə də Qafqaz Albaniyası mühitində formalaşmış etnomədəni qatların təsiri altında inkişaf etdiyi aydın görünür. Burada dağ, dərə, yaylaq, bulaq, kənd və mahal adları təbiət hadisələrindən tutmuş tayfa və şəxs adlarına qədər geniş bir semantik xəritə yaradır.
Bunlardan bir neçəsinə nəzər salaq:
Qafan: Zəngəzurun cənub-şərqində, dərin dərələr və sıldırım dağlarla əhatələnmiş bu məkanın adı tədqiqatçılar tərəfindən qədim türk tayfa adları və coğrafi leksika ilə əlaqələndirilir. Bəzi araşdırmalarda toponim türk mənşəli peçeneqlərin qapan tayfa adı ilə, digər yanaşmalarda isə relyef və məkan bildirən qədim leksik laylarla izah olunur. Qafan mahalının kənd və dağ adlarında Azərbaycan dilinin canlı coğrafi terminologiyası uzun əsrlər boyu hakim mövqedə olub. Uzun müddət bu toponim mənbələrdə Qapan kimi qeyd olunub.
Qərbi Azərbaycanın tarixi Zəngəzur bölgəsinin mühüm guşələrindən olan, mənbələrdə Sisakan, Qarakilsə kimi yer alan Sisyan toponimi də qədim etnik və tarixi layların kəsişməsini əks etdirir. Tədqiqatlarda bu adın e.ə. VII əsrdən etibarən bölgədə fəal olmuş sak (saqa) tayfaları ilə bağlılığı qeyd edilir. Sakların Cənubi Qafqaz və Qərbi Azərbaycan coğrafiyasındakı izləri həm tarixi mənbələrdə, həm də yer adlarında özünü göstərir.
Digər toponimlərə və türk tayfa izlərinə nəzər salsaq, görərik ki, Göyçə hövzəsindən Şörəyelə, Dərələyəzdən Qazax-Borçalı qonşuluğundakı mahallara qədər uzanan coğrafiyada Quqar, Şirak/Şörəyel, Barana, Qaraqoyunlu kimi adlar tarixi yaddaşın qoruyucusu kimi çıxış edib. Bu adların hər biri regionun etnik tarixinin tək bir xalqa məxsus uydurma miflərlə deyil, real tarixi-coğrafi proseslərlə formalaşdığını göstərir.
Yerli türk-müsəlman toponimik mühitinin sıxışdırılması və inzibati adlandırmaların dəyişdirilməsi nəticəsində Qərbi Azərbaycanın bütün bölgələrində tarixi etnik qatlar görünməz hala gətirilmiş, yeni inzibati adlandırmalarla əvəzlənmişdir.
Məsələn, Barana qədim türk tayfa adı ilə bağlı tarixi mahalın adının dəyişdirilərək Noyemberyan qoyulması, kənd adlarının erməniləşdirilməsi bu prosesin əhatə dairəsinin genişliyini göstərir.
Göyçə / Şörəyel kimi qədim türk boyları və tarixi vilayətlərlə bağlı coğrafi adlar, ətraf kənd, dağ və bulaq adları da kütləvi şəkildə dəyişdirilərək tarixi ardıcıllığın qırılmasına nail olunmuşdur. Kütləvi şəkildə dəyişdirilmiş adlara Basarkeçər – Vardenis, Kəvər – Qavar,
Uluxanlı – Masis, Qəmərli – Artaşat, Sərdarabad – Armavir, Vedi – Ararat, Hamamlı – Spitak, Böyük Qarakilsə – Vanadzor, Barana – Noyemberyan, Karvansaray – İcevan, Soylan – Vayk, Keşişkənd – Yeğeqnadzor kimi yüzlərlə toponimi misal göstərə bilərək ki, mənfur düşmənlərimiz bu adları xəritələrdən silməklə yaddaşlardan da siləcəklərini güman etmişlər.
Burada diqqət çəkən əsas məqam alban-türk mədəni irsinin hedefə alınmasıdır. Qafqaz Albaniyasının tarixi coğrafiyası ilə türk etnoslarının bu torpaqlardakı minillik varlığı bir-birinə sıx bağlıdır. Yer adları dəyişdirildikdə təkcə kəndin və ya dağın adı yenilənmir; həm də o dağın ətəyindəki qəbiristanlığın, yaylağın, bulağın, alban-xristian və türk-islam abidələrinin tarixi konteksti qoparılır. Xüsusilə qoç və qoyun fiqurlu qəbir daşları, ocaqlar, pirlər və qədim yaşayış yerləri öz coğrafi adlarından ayrıldıqda tarixi oxunuşunu itirməyə məhkum edilir.
Bir yerin adını silmək, o yerin xatirəsini susdurmaq cəhdidir; lakin arxiv sənədləri, səyyah qeydləri və xalq yaddaşı coğrafi adların əsl kökünü qoruyub saxlayır.
Bu gün Qərbi Azərbaycan toponimlərinin araşdırılması keçmişin nostalgiyası deyil, tarixi ədalətin və elmi həqiqətin bərpası işidir. Bu istiqamətdə işlərin vacibliyini ilk dəfə ifadə edən Ulu Öndərin başladığı siyasətin davamı olaraq bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hıyata keçirdiyi xüsusi dövlət proqramı bu istiqamətdə görülən işlərin daha sistemli xarakter almasını tələb edir. Bu istiqamətdə aparılan işlər və elmi araşdırmaların nəticələri geniş səviyyələrə çıxarılmalı, qədim ata-baba torpaqlarımıza aid yer-yurd adları hərtərəfli şəkildə öyrənilməlidir.
Qafanın sıldırım qayalarından Sisəkan dərələrinə, Göyçənin sahillərindən Şörəyelə qədər uzanan hər bir coğrafi ad bu torpaqlarda yaşanmış həyatın, çəkilmiş zəhmətin və yaradılmış mədəniyyətin şahididir. Toponimləri dəyişdirməklə tarixi tamamilə yox etmək mümkün deyil, çünki hər yeni adın altında köhnə adın səsi, hər saxta izahın arxasında isə gerçək tarixin faktları dayanır.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
İctimai Xəbər Agentliyi və ATATV-nin direktoru