
İsayev Zaur Qurban oğlu uşaqlıqdan fərqli xarakterdə idi. Musiqiyə və tarixə xüsusi həvəs göstərər, odlu-alovlu vətənpərvər nitqi ilə ətrafına daha çox yeniyetmə, uşaq toplaya bilərdi. Onu uşaqlıqdan tanıyırdım. Həm qohum, həm qonşumuz idi. Beş yaşım vardı, Zaur zəng hədiyyəsini mənə hədiyyə etmişdi. O, isti və izdiham dolu gün yadımdan çıxmaz. Qucaq dolu həyət güllərini ona uzadıb qutudakı hədiyyəsini sevərək aldım. O hədiyyə uzun illər ondan yadigar qaldı. Gerçəkdən dostumuz olmağı bacarmışdı. Uşaq olsaq da o bizə böyük kimi rəftar edər, harda görsə salamlaşıb tarixdən, gələcək arzulardan, böyük şəxsiyyətlərdən ürək dolusu danışardı. Bizə bir tapşırığı vardı. Çalışın, yaxşı oxuyun. Onda hələ məktəbə getmirdim, amma Zaurun təhsillə bağlı sərt tapşırıqları, öyüd - nəsihəti qulağımızda sırğa idi. Oxumaq, yaxşı təhsil almaq və yaxşı insan olmaq. Hələ məktəbin son sinfində deyirdi ki, hərbi xidmətə yollanıb mütləq ali təhsil almaq üçün imtahan verib tarixçi olacaq. Əldə qalın tarix kitabları ilə harasa gedərdi. Yalnız evdə deyil, iş başında, istirahət anında bu kitablar onun məslək dostları, ən yaxın sirdaşları idi. Bizi uzaqdan görəndə belə yanına səsləyər, kitabları açıb uca səslə oxuyardı. O qədər torpağını, vətənini sevərdi ki, vətənpərvər sözü gələndə Zaur gözümüzün önündə canlanardı. O həm də musiqiçi idi. Bu məharətini də bizdən əsirgəməz, hərdən qarmonda sevdiyi ifalardan səsləndirərdi. O hər şeyi zamansız yaşayırdı, sanki ömrünün çox qısa olacağına əmin idi. Bu ömür payında millətə və Vətənə sevgi də, sayğı da, hörmət də vardı. Səbəbsiz deyil ki, bu sevgi Şəhidlik zirvəsinə qədər ucaldı.
Şəhidin ömür yolu
1975-ci il fevralın 1-də Göyçay rayonunun Mırtı kəndində dünyaya gələn İsayev Zaur Qurban oğlu həyatının ilk günlərindən böyük və zəhmətkeş bir ailənin mühitində böyüdü. İsayevlər ailəsində altı övlad — üç qardaş və üç bacı vardı. Zaur ailənin dördüncü övladı idi. Çoxuşaqlı kənd ailəsində böyümək həm qayğı, həm də məsuliyyət demək idi. Bu ailədə hər kəs bir-birinə dayaq olmağı, zəhmətin qədrini bilməyi və ailə bağlarını qorumağı həyatın içində öyrənirdi.
Zaur da Qurban atanın, Züleyxa ananın himayəsində belə bir mühitdə formalaşmışdı. İstiqanlı, ünsiyyətcil və mehriban davranışı ilə insanlarla asanlıqla ünsiyyət qurur, çevrəsində rəğbət qazanırdı. Onun xarakterində kənd həyatının sadəliyi, insanlara yaxınlığı və doğulduğu yurda bağlılıq vardı.
Mırtı kəndi Zaurun uşaqlıq dünyasının ayrılmaz hissəsi idi. Kəndin küçələrində dostları ilə oynamaq, yay aylarında çayda çimmək, bayramlarda el adətlərinə başçılıq etmək və həmyaşıdları ilə birlikdə vaxt keçirmək onun uşaqlıq xatirələrinin əsasını təşkil edirdi. Kənd həyatı onun üçün sadəcə yaşadığı yer deyildi; nəfəs aldığı, dostluq etdiyi, böyüdüyü və özünü doğma hiss etdiyi bir dünya idi.
1982-ci ildə Zaur Mırtı kənd tam orta məktəbinin birinci sinfinə qədəm qoydu. Məktəb illərində dərslərini orta qiymətlərlə oxuyurdu. Lakin onun xüsusi maraq göstərdiyi sahələrdən biri musiqi idi. Zaur musiqi məktəbinə yazılaraq qarmon alətini öyrənməyə başladı. Musiqi onun gənclik dünyasına başqa bir rəng qatmışdı.
Məktəb illəri onun üçün həm də dostluq, ünsiyyət və həyatın qayğısız çağları idi. O, öz yaşıdlarından fərqlənməyən, onların sevinci ilə sevinən, kənd uşaqlarının yaşadığı sadə və səmimi həyatı yaşayan bir gənc idi. 1991-ci ildə orta məktəbi bitirərək həyatının yeni mərhələsinə qədəm qoydu. Tarixçi olmaq üçün imtahanlara hazırlaşırdı.
Lakin həmin illər Azərbaycanın taleyi üçün olduqca ağır dövr idi. Xüsusilə Qarabağ bölgəsində vəziyyət getdikcə gərginləşir, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində kəndlər və yaşayış məntəqələri təhlükə ilə üz-üzə qalırdı. İnsanlar öldürülür, əsir götürülür, doğma torpaqlarından didərgin salınır, Azərbaycan əraziləri işğala məruz qalırdı. Bu hadisələr ölkənin minlərlə gəncinin həyat yolunu dəyişdiyi kimi, Zaurun da taleyini dəyişdi.
Müharibədə keçən ömür
1992-ci ildə Zaur həqiqi hərbi xidmətə çağırıldı. O, ilk olaraq Goranboy rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində gənc əsgər hazırlığı keçdi. Xidmət yoldaşlarının xatirələrində Zaur qorxmaz və cəsarətli əsgər kimi yadda qalmışdı. Verilən tapşırıqlara məsuliyyətlə yanaşır, onları vaxtında yerinə yetirir və bununla da komandirlərinin hörmətini qazanırdı.
Hərbi xidmət dövründə iki dəfə məzuniyyətə gəlmişdi. Zaurun evə gəlişi ailə və qonşular üçün adi bir hadisə deyildi. Valideynləri, bacıları qardaşları və qonşuları onun yolunu gözləyir, doğma ocağa qədəm qoyduğu gün evdə sevinc yaşanırdı. Bir neçə günlük görüşlər, ailə söhbətləri və birlikdə keçirilən zaman yenidən xidmətə qayıtmaq vaxtı çatana qədər davam edirdi. Son dəfə gəlişində isə biz kiçik dostlarına və qonşulara əbədi xatirə üçün güllə verdi.
Zaurun hərbi yolu onu daha ağır və təhlükəli sınaqlarla qarşılaşdırdı. 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə o, fəal şəkildə iştirak etdi. Döyüşlərin şiddətli anlarında Zaurun göstərdiyi davranış onun insanlara münasibətinin, xarakterinin və döyüş yoldaşlarına bağlılığının ən aydın ifadəsinə çevrildi.
Döyüş meydanında yaralanan və şəhid olan silahdaşlarının bir qismini təhlükə altından çıxarmağa başladı. Öz həyatını düşünmədən yenidən və yenidən atəş altına qayıdırdı. Təxminən 20 yaralı və şəhid döyüş yoldaşını döyüş meydanından çıxarmağa nail oldu.
Lakin Zaur bununla dayanmadı.
Döyüş meydanında hələ bir yoldaşının qaldığını görən Zaur yenidən geri döndü. Bu, onun son dəfə həmin təhlükəli istiqamətə getməsi oldu. Sonuncu döyüş yoldaşını da çıxarmağa çalışarkən düşmənin atdığı artilleriya topunun qəlpəsi onun baş nahiyəsinə tuş gəldi. Zaur ağır yaralandı.
Onu dərhal hospitala çatdırsalar da, həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmadı. Zaur İsayev silahdaşlarının həyatını xilas etməyə çalışarkən şəhidlik zirvəsinə ucaldı.
1994-cü il fevralın 1-də, dünyaya gəldiyi günün ildönümündə Zaurun doğma Mırtı kəndinə ağır xəbər gəldi. Bir zamanlar onun uşaqlıq səsinin eşidildiyi, dostları ilə oynadığı, ailəsinin sevincini paylaşdığı kənd indi onu son mənzilə yola salmağa hazırlaşırdı.
Zaur İsayev həmin gün Mırtı kəndində böyük izdihamla torpağa tapşırıldı.
Bir ailə üçün oğul, bacı-qardaşları üçün doğma insan, kəndi üçün mehriban bir gənc, döyüş yoldaşları üçün isə təhlükə qarşısında onları tək qoymayan silahdaşı, bizim üçün isə böyük dost əbədiyyətə qovuşdu.
Onun ömrü uzun olmadı. Ancaq Zaurun həyatının son anları insanın neçə il yaşamasından daha çox, necə yaşamasının və hansı seçimlər etməsinin əhəmiyyətli olduğunu göstərdi. O, təhlükəsizliyini seçə bilərdi. Amma döyüş meydanında qalan yoldaşlarını seçdi.
Məhz buna görə də Zaur Qurban oğlu İsayevin adı Mırtı kəndinin yaddaşında yalnız bir şəhid adı kimi deyil, çətin anda geri dönməyi bacaran, insan həyatını öz həyatından üstün tutan cəsur bir Azərbaycan oğlunun adı kimi yaşayır.
O, oxuya bilməsə də biz dostlardan bir çoxu təhsil aldıq və anladıq ki, Zaur kimi oğullar xarakter adamıdır. O bizim yaddaşımızda əsl tarixçi kimi qalacaq.
Ruhu şad, məkanı cənnət olsun!
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri