Azərbaycanda ailə münasibətlərinin statistik mənzərəsi narahatlıq doğurur. Nikahların sayında azalma, boşanmaların isə son illərdə yüksək səviyyədə qalması cəmiyyət qarşısında yeni sosial suallar yaradır.
Ailə cəmiyyətin təməlidir. Lakin son illərin statistik göstəriciləri bu təməlin ciddi sınaqlarla üzləşdiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021–2025-ci illərdə ölkədə nikah və boşanmaların dinamikasında ciddi fərq olub. Belə ki, 2021-ci ildə nikah sayı 56 314, boşanma sayı 17 191 idi. 2022 - ci ildə bu göstərici 61 939 və 15 983 say arasında dəyişir. 2023-cü ildə isə nikah sayında azalma (54 200),boşanma sayında isə artım (21 688) qeydə alınıb. 2024- cü ildə isə nikah sayı daha da azalaraq 49 508-ə, boşanma isə artaraq 21384-ə çatıb.
2025 - ci ildə azalan nikah sayı 48 546 - ya, artan boşanma isə 20 675 rəqəm göstəricisində olub.
Rəqəmlər göstərir ki, nikahların sayı 2022-ci ildəki yüksəlişdən sonra ardıcıl üç il azalıb. 2025-ci ildə bağlanan nikahların sayı 2022-ci illə müqayisədə təxminən 22 faiz aşağıdır.
Boşanmalarda isə fərqli dinamika müşahidə olunur. 2022-ci ildə azalma qeydə alınsa da, 2023-cü ildə boşanmalar kəskin artaraq 21 688-ə çatıb. 2024 və 2025-ci illərdə müəyyən azalma baş versə də, göstərici əvvəlki illərlə müqayisədə yüksək olaraq qalır. 2025-ci ildə hər 100 nikaha qarşı statistik olaraq təxminən 43 boşanma qeydə alınıb. Bu nisbət eyni ildə qurulan ailələrin sonradan boşandığı anlamına gəlmir, lakin ümumi demoqrafik mənzərənin ciddi göstəricisidir.
Bakı və regionlarda vəziyyət
Təqdim olunan nikah və boşanma göstəriciləri cədvəlində Bakı şəhəri üzrə 7 344 nikah və 4 358 boşanma göstərilir. Bu, cədvəldəki ərazilər arasında boşanma sayının ən yüksək göstəricisidir.
Bakı daxilində Xətai rayonunda 923 nikaha qarşı 651 boşanma, Yasamal rayonunda 833 nikaha qarşı 556 boşanma, Nərimanov rayonunda isə 582 nikaha qarşı 423 boşanma qeydə alınıb.
Regionlarda Sumqayıt şəhərində 950 nikah və 621 boşanma, Gəncə şəhərində 827 nikah və 499 boşanma göstərilir. Xankəndi şəhərində isə 3 nikaha qarşı 9 boşanma qeydə alındığı üçün nisbət 300 faiz təşkil edir. Lakin say az olduğundan bu göstəricini böyük şəhərlərlə birbaşa müqayisə etmək düzgün olmaz.
Cədvəl nikah və boşanma nisbətinin yüksək olduğu əraziləri göstərməklə yanaşı, ailə münasibətlərinin sosial və iqtisadi mühitdən asılı olaraq fərqləndiyini də ortaya qoyur. Bununla belə, statistik rəqəmlər boşanmanın konkret səbəbini müəyyən etmir.
Boşanmaların səbəbi nədir?
Ailə münasibətləri üzrə mütəxəssislərin və sosioloji araşdırmaların diqqət çəkdiyi əsas amillər arasında iqtisadi çətinliklər, işsizlik, mənzil problemi, ailədaxili münaqişələr, zorakılıq, qarşılıqlı anlaşmanın zəifliyi və erkən yaşda ailə qurmaq yer alır.
2025-ci ildə yayımlanan iqtisadi-regionlar üzrə araşdırmada da boşanma göstəricilərinin bütün iqtisadi rayonlarda artan uzunmüddətli tendensiyası qeyd olunur. Tədqiqatçılar gəlir səviyyəsinin bu fərqləri təkbaşına izah etmədiyini, ailələrin fərdi və sosial vəziyyətinin daha dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayırlar.
Nikahların azalması isə yalnız boşanma ilə əlaqələndirilə bilməz. Gənclərin maddi müstəqillik əldə etməkdə çətinlik çəkməsi, ev və iş təminatı, ailə qurmağa dair dəyişən baxışlar, məsuliyyət və gələcək qorxusu da bu prosesə təsir göstərə bilər.
Gələcək üçün təhlükə nədir?
Nikahların azalması və boşanmaların yüksək səviyyədə qalması uzunmüddətli perspektivdə doğum göstəricilərinə, əhalinin yaş strukturuna, uşaqların sosial-psixoloji vəziyyətinə və ailə daxilində iqtisadi sabitliyə təsir edə bilər.
Boşanma hər zaman uğursuzluq deyil. Zorakılıq və təhlükə olan münasibətdən ayrılmaq insanın hüququ və bəzən zərurətidir. Əsas məsələ ailəni hər qiymətə qorumaq deyil, sağlam, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərini təşviq etməkdir.
Ailə institutunda nə dəyişməlidir?
Ailə problemlərinin qarşısının alınması üçün nikahdan əvvəl psixoloji və hüquqi maarifləndirmə, gənclərin iqtisadi müstəqilliyinə dəstək, ailə məsləhət xidmətlərinin əlçatanlığı, valideynlik məsuliyyətinin bölüşdürülməsi və məişət zorakılığına qarşı effektiv mübarizə gücləndirilməlidir.
Mentalitet adı altında qadının susmağa, kişinin isə ailədə hökmran olmağa məcbur edilməsi sağlam ailə modeli deyil. Ailə qarşılıqlı hörmət, bərabər hüquqlar, etibar və məsuliyyət üzərində qurulmalıdır.
Ailə institutunun möhkəmlənməsi yalnız nikah sayının artması ilə ölçülməməlidir. Əsas məqsəd insanların könüllü, düşünülmüş və sağlam münasibətlər əsasında ailə qurması, uşaqların təhlükəsiz mühitdə böyüməsi və ailələrin sosial dəstəkdən yararlana bilməsidir.
Statistika xəbərdarlıq edir: ailəni qorumaq üçün yalnız ənənələri deyil, ailə münasibətlərinə yanaşmamızı da yeniləməliyik. Həmçinin ildən-ilə kəskinləşən sosial-iqtisadi problemlərə, işsizlik kimi ciddi həll duyulası həyati məsələlərə aidiyyəti qurumlar adekvat addımlar atmalı, əməli fəaliyyətə keçməlidir. İşsiz, gəlirsiz ailələr necə dolana və vətəndaş yetişdirə bilər? İllərlə kredit borclarından asılı ailələrin təminatsızlıqdan dağılması həm də ölkədə ciddi səbəblərin varlığını göstərir. Nikah və boşanma məsələlərini tərəflərin şəxsi məsələsi deyil, həm də əhalinin çox ciddi böhran içində yaşadığını göstərən problem kimi nəzərə almaq lazımdır. Bu problemdə ailə, cəmiyyət və hakimiyyət birgə cavabdehdir.
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri