Əziz həmvətənlərimiz, dəyərli soydaşlarımız!
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi adından xalqımızı 18 Oktyabr – Dövlət Müstəqilliyimizin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və müstəqil Vətənimizin işıqlı gələcəyi naminə yeni uğurlar arzulayırıq!
18 Oktyabr Azərbaycan xalqının azadlıq iradəsinin, milli qürurunun və müstəqil dövlətçilik əzminin təntənəsidir! 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etməklə öz müqəddəratını sərbəst müəyyən etmək iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu əlamətdar tarix xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin və gələcəyə olan sarsılmaz inamının rəmzi kimi qəlbimizdə əbədi yaşayır.
Müstəqillik xalqımızın ən böyük milli sərvəti, dövlətçiliyimizin təməli və gələcəyimizin təminatıdır. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə əbədi yaşadılacaq müqəddəs bir əmanət kimi ötürmək hər birimizin mənəvi borcudur. Əminik ki, Azərbaycan xalqının milli iradəsi, dövlətçilik ənənələri, Vətən sevgisi və sarsılmaz birliyi sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətçiliyimiz daim yaşayacaq və Azərbaycanımız gələcək nəsillər üçün azadlığın, milli qürurun və suverenliyin rəmzi olaraq qalacaqdır!
Bu əbədiyyətin mühüm təminatlarından biri də Azərbaycan xalqının türk dünyası ilə ortaq tarixi, milli-mənəvi dəyərlər və qardaşlıq bağları əsasında daha da möhkəmlənən münasibətləridir. Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq, eləcə də türk dövlətləri və xalqları arasında əməkdaşlığın genişlənməsi müstəqilliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına və gələcək nəsillərin daha təhlükəsiz, firavan şəraitdə yaşamasına xidmət edən mühüm amillərdəndir.
İnanırıq ki, gələcəkdə Azərbaycan-Türk dünyası qardaşlığı daha da genişlənəcək, əməkdaşlığımız yüksələn xətlə inkişaf edəcək, ortaq hədəflərimiz və həmrəyliyimiz daha böyük gücə çevriləcəkdir. Türk dünyasının birliyi, qarşılıqlı dəstəyi və strateji əməkdaşlığı müstəqil Azərbaycanımızın gələcəyinə inamı gücləndirən, dövlət suverenliyimizin qorunmasına və müstəqilliyimizin davamlılığına töhfə verən mühüm dayaqlardan biri olacaqdır.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi olaraq arzumuz budur ki, müstəqil Azərbaycanımız daim yüksəlsin, üçrəngli bayrağımız əbədi dalğalansın, Vətənimizin üzərindən sülh və əmin-amanlıq əskik olmasın, xalqımızın birliyi, dövlətimizin qüdrəti və türk dünyası ilə qardaşlıq əlaqələrimiz ildən-ilə daha da möhkəmlənsin!
Bu əlamətdar gündə bir daha bəyan edirik ki, müstəqilliyimizin əbədiliyi milli birliyimizdən, dövlətçiliyimizə sədaqətimizdən və türk dünyası ilə qardaşlıq münasibətlərimizin davamlı inkişafından güc alır. Bu dəyərləri qorumaq və daha da möhkəmləndirmək gələcəyimizə, milli varlığımıza və azadlığımıza sahib çıxmaq deməkdir.
Əziz həmvətənlərimiz, Dövlət Müstəqilliyimizin Bərpası Günü hər birimizə qürur, sevinc və gələcəyə inam bəxş etsin! Qoy Azərbaycanımızın müstəqillik yolu daim açıq, inkişaf yolu uğurlu, türk dünyası ilə qardaşlıq körpülərimiz isə əbədi və sarsılmaz olsun!
Müstəqilliyimiz əbədi olsun!
Dövlətçiliyimiz sarsılmaz olsun!
Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!
Azərbaycan-Türk xalqları qardaşlığı əbədi, türk dünyasının birliyi daim möhkəm olsun!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan-Türk xalqları qardaşlığı!
Dərin hörmətlə,
Azərbaycan-Türk xalqları qardaşlığı İctimai Birliyinin hımsədrləri:
F.ü.f.d., dos.Səkinə Bayramova,
F.ü.f.d.,dos.Yeganə Qəhrəmanova