
İki gündür ki, ali təhsil ocaqlarına qəbul nəticələri açıqlandı. Maşallah ki, bir xeyli məzun tələbə adına layiq görüldü. 150 ballıq məzun da. 700 ballıq məzun da. Özüm də iş başında bu xəbəri alanda lap doğmalar qədər sevindim. Bütün valideyn və məzunlar kimi, hər halda böyük uğurdur. Sevincək notlarla dizayner övladının qəbul xəbərini göz yaşları içində bizə çatdıranda bir daha şahdi oldum ki, ötən 11 illik tam orta təhsil həyatı heç də asan və rahat başa gəlmir. Məktəb xərcləri bir tərəfə, bir də bunun illərlə sürən od bahasına repetitor xərcləri. Valideyn də, məzun da həm də buna görə sevincəkdir. Di gəl sevinməsin, sanki bank borclarından xilas olursan. Ümumilikdə ölkə üzrə 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul oldu ki, bir də bu rəqəmlərin mənəvi tərəfləri ilə yanaşı, illərdir çəkilən maddi xərclərini də hesabla. Maddi tərəfini qoyaq bir tərəfə, hələ mənəvi tərəfindən yazaq. Sevinərək ağlayan kim, qeyri məqbul nəticədən kədərlənib özünə ölüm arzulayan kim, valideyn hədəsindən bezdiyini etiraf edən kim. Müxtəlif sosial şəbəkə platformalarında, xüsusilə “tiktok” platformasında o anı lentə alan gənclərin hansı hiss və həyəcanları keçirdiklərini biz də şahid olduq, sanki öz övladımız kimi sevindik. Tirtək əllərdə “7727” nömrəsinə gələcək məlumat anı kövrək gözlərdə, həyəcanlı anlarda əbədi an olaraq qalır, qalacaq da . Di gəl, 3-4 ildən sonra məzun buna baxıb ya sevinə, ya da kədərlənə. Əlbəttə ki, 17 yaşlı yeni məzun olan bir gənci ancaq təhsil, gələcək həyat planları düşündürür. İnam və ümüdlə, valideyn dəstəyi ilə bu çətin, məsuliyyətli və şərəfli yola çıxır. İstəyir ki, oxuyub ali təhsilli mütəxəssis olsun və gələcək həyatında və cəmiyyətə yararlı vətəndaş kimi yetişsin. Di gəl ,qarşıda onu hansı çətinliklər və maneələr gözləyir çox vaxt bundan xəbərsizdir. Bu çətinliklərə keçməzdən əvvəl qəbulla bağlı bəzi statsitik məlumatlara keçid alaq.
Builki müsabiqə nəticəsinə əsasən ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri, o cümlədən 4 215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. Subbakalavr isə hazırlıqsız, rahatlıqla ali təhsil alması da bir ayrı ciddi problemdir.
Qəbul olunanlardan 28 108 nəfər, o cümlədən 1 145 subbakalavr dövlət sifarişi əsasında, 317 nəfər, o cümlədən 58 subbakalavr dövlət hesabına, 30 522 nəfər, o cümlədən 3 012 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ödənişli əsaslarla qəbul olunanların sayı daha çoxdur. Ödənişlər də nə az-nə çox 2000- 6500 manat arası dəyişir. Gəl, bu xərci qarşıla. Ciddən orta statistik azərbaycanlı üçün təhsill haqqı ödənişləri olduqca əndazəni ötüb keçir. Ötən illə müqayisə etsək, 57236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Ötən illə müqayisədə bütün rəqəmlərdə bu il artım var.
Onu da qeyd edim ki, avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.
Ortalama son ildə yarım milyondan çox ölkə ali təhsil ocaqları tələbə yetişdirir. Ancaq ölkənin iş bazarı, işlə təminat məsələsi ciddi problem olaraq qalmaqdadır.
Dövlət statistika Komitəsinin bu ilin yanvarın birinə paylaşdığı rəqəmlərə inansaq 239 800 şəxs işsiz kimi Dövlət Məşğulluq Agentliyinə qeydiyyata alınıb. Hələ nə qədər diplomlunun ümüdsizlikdən və qurumun bir işə yaramadığını bilərək qeydiyyatdan keçməməsini də nəzərə alsaq. Onu da qeyd edim ki, 2025-ci illə müqayisədə işsiz şəxslərin sayı 22 600 nəfər artıb. İl ərzində keçirilən məşğullu xətti kurslarında nə qədər orta ixtisas və ali təhsilli şəxslərin işsiz olmasının da şahidi oluruq. İllərdir ki, bazarda yetərli iş imkanlarının olmaması, mövcud ixtissaslara uyğun vakansiya yetərsizliyi və digər haqsızlıqlar səbəbindən diplomlu işsizlərin sayı da durmadan artır. Aidiyyəti qurumlar bunu bilsə də sanki heç vecinə deyil və oxumaqla özlərinin məsuliyyətdən kənardan qaldığını düşünürlər. Əksinə onlar düşünür ki, tələbə məzun özü özünə iş eri açmalı, özməşğullunu təmin etməlidir. Ancaq necə və nə cür çox çətin həll olunan ciddi problemdir. Gerçəkdən ya ölkədə iş bazarı tələbə sayına uyğunlaşdırılmalı, ya da vakansiya sayına uyğun qəbul həyata keçirilməlidir ki, gələcəkdə 150-200 ballıq məzun 500-600 ballıq məzunun haqqına girməsin. Niyə? Axı bura Azərbaycandır. İllərdir ki, bazarda tanışlıq, tayfabazlıq, qohumbazlıq və rüşvət kimi nəsnələr işə savad və bilikdən daha ötkəmdir.
Qəbul olmayan məzunlar isə bundan pərişan olmasın. Ya yaxşı hazırlaşaraq növbəti ilə qəbul olmaq hüquqlarından yararlansınlar, ya da acımasız kapitalist həqiqətlərinə xidmət edərək qazanclı peşə öyrənsinlər. Valideynlər də onları başa düşsün ki, biliyi az övladını ali təhsil ocağına deyil, peşəyə yönəltsə daha yaxşı olar. Onsuz da indi bazarlarda, salonlarda, fəhlə işində və daha, daha çox yerdə diplomlu işsizləri görmək adidir. Ölkədə dövlət işi yetərsiz, hamının bəxti də, şansı da, savad və bacarıq imkanları da eyni deyil. İndi ali təhsil alan tələbələr mütləq ki, sabah pis vəziyyətdə qalmasın deyə peşə öyrənir...Əgər 4-5 ildən sonra peşə öyrənəcəksənsə, elə indidən illərini itirmədən peşənə odaklan, əziz məzun!
Günel Sabirqızı