Bakı şəhərinin 8-ci mikrorayon ərazisində yerləşən “Qızıl Qaya” restoranında baş verdiyi bildirilən kütləvi qida zəhərlənməsi hadisəsi ictimai diqqətə səbəb olub.
Məlumatlara görə, restoranda keçirilən tədbir zamanı iştirakçılardan bir neçəsinin səhhətində qəfil narahatlıq yaranıb. Hadisə ilə əlaqədar 14 nəfərin qida zəhərlənməsi şübhəsi ilə tibbi yardıma müraciət etdiyi bildirilir.
İlkin məlumatlarda restoranda sanitar-gigiyenik vəziyyət, qida məhsullarının saxlanılması və hazırlanması ilə bağlı nöqsanların aşkarlandığı qeyd olunur.
Hadisə ilə bağlı bir sıra mühüm suallar açıq qalır: İstifadə olunan qida məhsullarının keyfiyyətinə kim nəzarət edib? Ət məhsullarının saxlanma şəraiti hansı vəziyyətdə olub? Qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi zəhərlənməyə səbəb ola bilərmi?
Xüsusilə laborator müayinələrin nəticələri ictimaiyyət üçün maraq doğurur. Zəhərlənmənin konkret səbəbi yalnız müvafiq ekspertiza və laborator araşdırmalardan sonra müəyyən edilə bilər.
Aidiyyəti qurumları, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini hadisə ilə bağlı ətraflı məlumat verməyə, yoxlamanın nəticələrini və görülən tədbirləri ictimaiyyətə açıqlamağa çağırırıq.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
AYNURƏ ULDUZ TEYMUROVA
“Atatv.az” və “Azadtv.az” saytlarının baş redaktorun birinci müavini.