Azərbaycan tarixində elə qadınlar var ki, onların qəhrəmanlığı illərin yaddaşından silinmir. Gültəkin Məlik qızı Əsgərova da belə unudulmaz şəxsiyyətlərdəndir.
O, 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həkim kimi fəaliyyətə başlayıb, lakin Qarabağda müharibə alovlananda yalnız ağ xalatına deyil, Vətən sevgisinə də sadiq qalıb.
1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə yollanıb. Turşsu və Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndində yerləşən hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Özü ilə beş tibb bacısını da götürərək yaralı döyüşçülərə yardım edib.
O, öz körpəsini anasına əmanət edərək Vətənin müdafiəsinə gedən ana idi. Şuşanın müdafiəsində, Laçın və Qubadlı istiqamətlərində göstərdiyi xidmətlər onun fədakarlığının nümunəsidir.
1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Ondan Əminə adlı bir qız övladı yadigar qalıb.
20 noyabr 1993-cü ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gültəkin Əsgərova yalnız bir həkim deyildi. O, ana idi, qadın idi, Vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan qızı idi.
Bu gün onun doğum günüdür. Özü aramızda olmasa da, qəhrəmanlığı, fədakarlığı və Vətənə sədaqəti xalqımızın yaddaşında yaşayır.
Ruhun şad olsun, qəhrəman Azərbaycan qızı!
AYNURƏ ULDUZ TEYMUROVA
AZAD- TVaz, ATA-TV az baş redaktorun birinci müavini