I Yazı
İnsan üçün doğma dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil insanın yaddaşı, mənəvi dünyası, ailədən aldığı ilk dəyərlər və özünü hansı xalqa aid hiss etməsinin əsas göstəricilərindən biridir. İnsan dünyanın hansı ölkəsində yaşamasından, hansı dildə təhsil almasından və hansı peşəyə yiyələnməsindən asılı olmayaraq, ana dilini qoruyub saxlamaqla öz milli kimliyinin mühüm bir hissəsini yaşadır.
Bu məsələ xaricdə yaşayan azərbaycanlılar, xüsusilə də gənc nəsil üçün daha böyük əhəmiyyət daşıyır. Çünki xarici mühitdə böyüyən Azərbaycan gənci gündəlik həyatında yaşadığı ölkənin dilindən istifadə edir. Məktəb, universitet, dost çevrəsi, sosial şəbəkələr və iş həyatı onun dil seçiminə ciddi təsir göstərir. Əgər ailədə və icmada Azərbaycan dilinə kifayət qədər diqqət ayrılmırsa, zaman keçdikcə gəncin ana dilində danışmaq və yazmaq bacarığı zəifləyə bilər.
Bu proses ilk baxışda adi görünə bilər. Lakin dilin gündəlik həyatdan çəkilməsi təkcə söz ehtiyatının azalması demək deyil. Dil zəiflədikcə həmin dilin daşıdığı mədəni yaddaşla əlaqə də zəifləyə bilər. Azərbaycan nağılları, dastanları, poeziyası, musiqisi, tarixi hadisələri və milli düşüncə tərzi gələcək nəslə ən təbii şəkildə məhz dil vasitəsilə ötürülür. Deməli, xaricdə yaşayan gəncin Azərbaycan dilini öyrənməsi həm fərdi, həm də milli məsələdir.
Azərbaycan dilinin xaricdə yaşayan soydaşlar arasında tədrisinin vacibliyi dövlət səviyyəsində də xüsusi vurğulanır. Prezident İlham Əliyev müxtəlif çıxışlarında xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dili ilə bağlarının möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb. 2026-cı ilin əvvəlində verdiyi müsahibədə o, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini yalnız məişət səviyyəsində deyil, mükəmməl bilmələrinin vacibliyini qeyd edib və Azərbaycan məktəblərinin olmadığı ölkələrdə onlayn məktəblərin yaradılmasının əhəmiyyətinə diqqət çəkib.
Bu fikir əslində problemin miqyasını aydın göstərir. Xaricdə yaşayan azərbaycanlı ailələrin övladları üçün Azərbaycan dili yalnız valideynlərlə danışmaq dili kimi qalmamalıdır. Gənc nəsil Azərbaycan dilində kitab oxuya, fikrini yazılı şəkildə ifadə edə, tariximizi və ədəbiyyatımızı orijinal dildə öyrənə bilməlidir. Əks halda dil ailə daxilində bir neçə sadə ifadə ilə məhdudlaşa və növbəti nəsildə tamamilə unudula bilər.
Yeganə Qəhrəmanova*
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru.
ATXQ İctimai Birliyinin həmsədri,
ATA TV-nin direktoru