JEK-lərin əsas vəzifəsi yaşayış binalarının ümumi istifadədə olan sahələrinin saxlanılması, həyətlərin təmizliyi, zirzəmilərin və dam örtüklərinin vəziyyətinə nəzarət, eləcə də binadaxili kommunal problemlərin aradan qaldırılmasına kömək göstərməkdir. Ancaq sakinlər bəzən girişlərin təmizlənməməsindən, həyətlərin lazımi səviyyədə saxlanılmamasından, köhnəlmiş kommunikasiya xətlərinin yaratdığı problemlərdən şikayətlənirlər.
Əlbəttə, bütün problemləri yalnız JEK-lərin üzərinə qoymaq düzgün olmazdı. Maliyyə çatışmazlığı, köhnəlmiş binaların istismarı, texniki imkanların məhdudluğu və idarəetmədəki nöqsanlar da xidmətlərin keyfiyyətinə təsir göstərə bilər. Lakin bu amillər vətəndaş qarşısında məsuliyyəti arxa plana keçirməməlidir. JEK-lər üzərinə düşən vəzifələri mümkün qədər məsuliyyətlə yerinə yrtirməlidir. Təəssüf ki, çox zaman bunun əksi ilə qarşılaşırıq. Sakinlərin müraciətləri cavabsız qalır, lazımi məsələlərə köməklik göstərilmir. Belə rayonlardan biri də Nəsimi rayonudur. Bu rayonjn sakinləri JEK-in xidmətindən narazılıq edir, müraciətlərə vaxtında baxılmadığından şikayətlənirlər.
Nəsimi rayonunda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, ilk növbədə, mövcud problemlər araşdırılmalı, məsul qurumların fəaliyyəti qiymətləndirilməli və sakinlərin müraciətlərinə operativ münasibət göstərilməlidir. Hər bir binanın, hər bir həyətin vəziyyətinə diqqət yetirilməsi, görülən işlərə nəzarətin gücləndirilməsi vacibdir.
Unutmaq olmaz ki, kommunal xidmət sadəcə vəzifə deyil, həm də insanlara göstərilən xidmətdir. Sakinlər yaşadıqları binanın və həyətin təmiz, təhlükəsiz və abad olmasını istəməkdə haqlıdırlar. Nəsimi rayonunda JEK-lərin fəaliyyətinin yaxşılaşdırılması isə yalnız vədlərlə deyil, konkret işlər və real nəticələrlə ölçülməlidir.
Rasafil Bayramov
ATA TV və İXA-nın təsisçi-baş direktoru