Arıçılıq kənd təsərrüfatının həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli sahələrindən biridir. Bal və digər arıçılıq məhsulları insanların sağlam qidalanmasında mühüm yer tutur. Lakin bu sahədə çalışan fermerlərin qarşılaşdıqları problemlər, istehsalın hava şəraitindən asılılığı və məhsulun satışında yaşanan çətinliklər arıçılığın inkişafına mane olur.
Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan yüzlərlə, minlərlə təsərrüfat var. Dağlıq və meşəlik ərazilərdə istehsal edilən təbii bal ölkənin aqrar potensialının mühüm hissəsidir. Bununla belə, son illərin statistikası göstərir ki, bal istehsalında sabitlik qorunmur, arı ailələrinin sayı azalır, xəstəliklər artır və sahənin inkişafı üçün daha sistemli dəstəyə ehtiyac yaranır.
Bal istehsalında son üç ilin mənzərəsinə nəzər yetirəndə məlum olur ki, ildən-ilə istehsalda və arı ailələrində azalma baş verir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda bal istehsalı son illərdə əvvəlcə ciddi azalıb, daha sonra artıb, 2025-ci ildə isə yenidən geriləyib.
2023 - cü ildə 597 min arı ailəsindən 4 550 ton bal istehsal olunub. 2024 - cü ildə isə 579 min arı ailəsindən 5 166,3 ton, ötən il isə 545 min arı ailəsindən 4 757 ton əldə edilib
2023-cü ildə bal istehsalı 2022-ci illə müqayisədə 38,9 faiz azalmışdı. Dövlət Statistika Komitəsi həmin dövrdə istehsalın azalmasını əlverişsiz hava şəraiti ilə əlaqələndirmişdi.
2024-cü ildə isə istehsal 13,5 faiz artaraq 5 166,3 tona çatdı. Lakin bu artım arı ailələrinin sayının azalması fonunda baş verdi.
2025-ci ildə vəziyyət yenidən dəyişdi. Bal istehsalı əvvəlki illə müqayisədə 7,9 faiz azalaraq 4 757 tona düşdü. Arı ailələrinin sayı da 545,1 minə qədər gerilədi. Həmin il arıçılıqla məşğul olan təsərrüfatların sayı 29 456 olub.
Bu rəqəmlər göstərir ki, arıçılıq sahəsində istehsal hələ də hava şəraiti, arı xəstəlikləri və təsərrüfatların davamlılığı kimi amillərdən ciddi şəkildə asılıdır.
Qeyd edək ki, 2026-cı ilin yekun bal istehsalı üzrə rəsmi statistik məlumat hələ açıqlanmayıb. Ancaq arıçılar bu ildə istehsaldan narazıdır.
Arıçıların əsas problemləri nələrdir?
Arıçılıq zahirən təbiətlə iç-içə olan, sakit və gəlirli təsərrüfat sahəsi kimi görünsə də, bu işlə məşğul olanların gündəlik həyatı heç də asan deyil. Arıçı yalnız bal toplamaqla kifayətlənmir. O, arı ailələrinin sağlamlığını qorumaq, mövsümi dəyişikliklərə uyğunlaşmaq, yem təminatını təşkil etmək və məhsulun keyfiyyətini saxlamaq məcburiyyətindədir.
Arıçıların qarşılaşdığı əsas problemlərdən biri hava şəraitinin qeyri-sabitliyidir. Yaz aylarında yağıntıların çoxluğu, temperaturun kəskin dəyişməsi, çiçəklənmə dövrünün qısalması və quraqlıq bal məhsuldarlığına birbaşa təsir göstərir. Arılar çiçəklərdən nektar toplaya bilmədikdə məhsul azalır, bəzi hallarda isə arı ailələrinin qışlaması üçün əlavə yem tələb olunur.
Digər ciddi problem arı xəstəlikləri və zərərvericilərdir. Arı ailələrinin zəifləməsi və tələf olması təsərrüfat sahibinə ciddi maddi ziyan vurur. Xüsusilə kiçik arıçılıq təsərrüfatları üçün bu itkiləri kompensasiya etmək çətindir.
Arıçıların üzləşdiyi digər çətinliklərə isə arıçılıq avadanlıqlarının, yeşiklərin və qablaşdırma materiallarının bahalaşmasını, dərman preparatları və yem xərclərinin artmasını, balın saxlanması və daşınması üçün uyğun şəraitin çatışmazlığını, məhsulun bazara çıxarılması və daimi alıcı tapılması problemini, saxta və keyfiyyətsiz balın bazarda yaratdığı rəqabəti, istehsalçı ilə istehlakçı arasında vasitəçilərin çoxluğunu, kiçik təsərrüfatların maliyyə və güzəştli kredit imkanlarının məhdudluğunu göstərmək olar.
Arıçılar üçün ən vacib məsələlərdən biri də məhsulun maya dəyəri ilə satış qiyməti arasındakı fərqdir. Bir kiloqram balın istehsalına sərf olunan xərc artdıqca fermer məhsulunu daha baha satmağa çalışır. Lakin bazarda alıcının ödəməyə hazır olduğu qiymət hər zaman arıçının gözləntisinə uyğun gəlmir.
Bal yarmarkaları arıçıya nə verir?
Azərbaycanda ənənəvi bal yarmarkalarının keçirilməsi yerli arıçılar üçün mühüm satış imkanlarından biridir. Bu tədbirlər istehsalçı ilə istehlakçını birbaşa əlaqələndirir, arıçının məhsulunu vasitəçisiz təqdim etməsinə şərait yaradır.
Yarmarkaların əsas üstünlükləri isə yerli balın tanıdılması, arıçının məhsulunu birbaşa alıcıya satması, müxtəlif bölgələrin bal növlərinin təqdim olunması, məhsulun keyfiyyətinə nəzarət, arıçılıq məhsullarına marağın artırılması, kiçik təsərrüfatların bazara çıxışının genişləndirilməsidir.
Bununla belə, yarmarkalar bütün arıçıların satış problemini həll etmir. İştirakçı sayı məhdud olur, hər fermerin satışa çıxara biləcəyi məhsulun miqdarı müəyyən edilir. Yarmarka bitdikdən sonra isə arıçı yenidən öz məhsulunu satmaq üçün alıcı axtarmalı olur.
Yarmarkaların daha səmərəli olması üçün yalnız paytaxtda deyil, regionlarda da mütəmadi satış tədbirlərinin keçirilməsi, onlayn satış imkanlarının genişləndirilməsi və yerli balın marketlərdə daha əlçatan olması vacibdir.
2026-cı ilin bal yarmarkası başlayıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2026-cı ildə Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçirilir.
Yarmarka noyabrın 27-də başlayıb və dekabrın 11-dək davam edəcək.
Rəsmi məlumata əsasən, builki yarmarkada ölkənin 52 regionundan 270 arıçı-fermer iştirak edir. Satışa 100 tondan çox bal və 18 növ arıçılıq məhsulunun çıxarılıb.
Yarmarkada iştirak arıçılar üçün ödənişsizdir. Hər fermer maksimum 450 kiloqram bal və 30 ədəd arı şanı satışa çıxara bilər. Məhsulların keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laborator müayinədən keçirilir.
İşğaldan azad edilmiş ərazilərdən də arıçılar iştirak edir. Rəsmi açıqlamaya görə, həmin ərazilərdən 26 fermerin təxminən 10 ton məhsulu satışa təqdim olunub.
Bu il yarmarkanın iştirakçı sayının və məhsul çeşidinin genişliyi diqqət çəkir. Lakin satışa çıxarılan məhsulun ümumi həcmi ilə yarmarka müddətində faktiki satılan məhsulun miqdarı fərqləndirilməlidir. Hazırda 100 tondan çox balın satışa çıxarılması planlaşdırılır; yarmarkanın yekun satış nəticələri isə tədbir başa çatdıqdan sonra məlum olacaq.
Yarmarkalar inkişaf üçün kifayətdirmi?
Ekspertlər hesab edir ki, bal yarmarkaları arıçılar üçün faydalı təşəbbüsdür. Ancaq arıçılığın inkişafı yalnız ildə bir dəfə keçirilən sərgi-satış tədbiri ilə məhdudlaşmamalıdır.
Bu sahədə daha davamlı nəticə əldə etmək üçün arıçıların xəstəliklərlə mübarizəsinə dəstək verilməli, arı ailələrinin qorunması üçün profilaktik tədbirlər gücləndirilməli, istehsalçılara güzəştli maliyyə imkanları yaradılmalıdır.
Hazırda balın satış qiyməti fərqlidir. Süzmə balın kiloqramı 20–40 manat, dağ və çiçək balının isə 30–40 manat, şan balının isə bir kiloqramı isə təxminən 50 manatdır.
Eyni zamanda, yerli balın keyfiyyətinə və mənşəyinə dair etibarlı məlumatların istehlakçıya təqdim edilməsi, saxta məhsullara qarşı nəzarətin artırılması vacibdir.
Arıçılıq yalnız bal istehsalı deyil. Arılar bitkilərin tozlanmasında, kənd təsərrüfatının məhsuldarlığında və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bu səbəbdən arıçının əməyinə verilən dəstək həm fermerin gəlirinə, həm də ölkənin aqrar və ekoloji inkişafına xidmət edir.
Bal yarmarkaları arıçıya satış qapısı açır. Amma bu qapının arxasında davamlı bazar, real dövlət dəstəyi və istehsalçının əməyinə layiq gəlir dayanmalıdır.
Günel Sabirqızı
Atatv.az Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri