Bir bağ evində baş verən hadisə, əslində, ölkə mediasının peşəkar simasına tutulan güzgüdür.
Bu gün jurnalist, aparıcı və ali təhsil müəssisəsində mətbuat katibi kimi çalışan Fira Cəlilovanın anasına məxsus bağ evində baş verən hadisə, onun ilkin açıqlamalarındakı ziddiyyətlər və sonradan Baku TV başda olmaqla bir sıra media qurumlarının hadisəni təqdimetmə tərzi Azərbaycan jurnalistikasının düşdüyü vəziyyəti bir daha ortaya qoydu.
Hadisə göstərdi ki, peşəkar jurnalistika bəzi hallarda öz mahiyyətindən uzaqlaşdırılaraq ədavətə, qeybətə, şəxsi münasibətlərin hesablaşmasına, namus və qeyrət üzərindən mühakiməyə, hətta intiqam vasitəsinə çevrilir. Halbuki jurnalistikanın işi kiminsə şəxsi həyatını qeybət etmək, ailə münasibətlərini tamaşaçının müzakirəsinə çıxarmaq deyil, hadisənin mahiyyətini araşdırmaq və cəmiyyətə doğru, dəqiq, obyektiv informasiya təqdim etməkdir.
Hadisənin ilkin təqdimatında bağ evinə daxil olan şəxslər oğru kimi xarakterizə edilirdi. Halbuki görüntülərdə onların əllərində soyuq silah olduğu, hasardan aşaraq həyətə daxil olduqları bildirilirdi. Sonradan DİM-in açıqlamasına əsasən, həmin evdə saxlanılan, ev sahibi tərəfindən dəfələrlə məhkum olunduğu deyilən bir şəxsin olduğu və hadisəyə müdaxilə edənlərin həmin şəxsi oradan çıxardıqları məlum oldu. Beləliklə, ilkin təqdimatla sonrakı məlumatlar arasında ciddi fərq yarandı.
Aparıcının ilk videosunda 30 min manat dəyərində boyunbağı və sırğanın oğurlandığı da bildirilmişdi. Lakin sonrakı açıqlamada bu zərgərlik əşyaları barədə əvvəlki vurğuya rast gəlinmədi, əvəzində məhkumun qonşunun yardımçı tikilisindən tapılmasından danışıldı.
Burada jurnalistikanın ən vacib prinsiplərindən biri yada düşür: hadisə barədə ilkin məlumat son həqiqət deyil. Jurnalist və ictimaiyyət qarşısında çıxış edən şəxs emosional vəziyyətdə açıqlama verə bilər. Ancaq media həmin açıqlamanı araşdırmadan, qarşı tərəfin mövqeyini öyrənmədən və rəsmi məlumatları dəqiqləşdirmədən hökmə çevirməməlidir.
Məni daha çox narahat edən isə hadisənin sonradan şəxsi həyatın nümayişinə çevrilməsi oldu.
Baku TV-nin kişi əməkdaşının bağ evinə gedərək aparıcının anasının şəxsi həyatı, ailə münasibətləri və evin keçmişi ilə bağlı məlumatları geniş şəkildə təqdim etməsi jurnalistikanın sərhədləri barədə ciddi suallar doğurur. Evin vaxtilə məhkumluq həyatı yaşamış şəxsin mülkiyyətində olduğu, sonradan zavod direktoru kimi çalışdığı deyilən həmin şəxsin evi Firanın anasının adına keçirdiyi, onun aparıcının atalığı olduğu, özü isə evli və üç övlad atası kimi təqdim edilməsi nə dərəcədə hadisənin ictimai mahiyyətinə xidmət edirdi?
Bu məlumatların hər biri niyə xüsusi vurğulanırdı? Hadisənin araşdırılmasına görəmi, yoxsa tamaşaçıda müəyyən fikir yaratmaq, şəxsi münasibətləri qabartmaq və kimisə ictimai mühakiməyə çıxarmaq üçünmü?
Üstəlik, bu təqdimatın kişi müxbir tərəfindən aparılması da diqqətimi çəkdi. Sanki məqsəd hadisənin faktlarını aydınlaşdırmaqdan daha çox, 63 yaşlı bir qadının şəxsi həyatını açıb-tökmək, onu və ailəsini ictimaiyyət qarşısında izah verməyə məcbur etmək idi. Video sonradan silinsə də, onun yayılması ilə yaranan mənəvi zərər, şəxsi həyatın toxunulmazlığına müdaxilə və ictimai müzakirənin yaratdığı təzyiq bir düymə ilə aradan qalxmır.
Jurnalistikanın peşə etikası məhz belə məqamlarda sınağa çəkilir.
Şəxsi həyatın toxunulmazlığı jurnalistin marağına görə pozula biləcək hüquq deyil. İctimai əhəmiyyət daşıyan hadisə varsa, onun araşdırılması vacibdir. Lakin araşdırma ilə şəxsi həyatın nümayişi arasında fərq qoyulmalıdır. Ailə münasibətləri, yaş, övladlar, evin kimə məxsus olması və keçmiş şəxsi əlaqələr yalnız hadisənin mahiyyətini anlamaq üçün zəruri olduqda, hüquqi və etik çərçivədə təqdim edilə bilər. Bu məlumatlar sadəcə tamaşaçı marağını artırmaq, kimisə alçaltmaq və ya qınaq obyektinə çevirmək üçün yayımlanmamalıdır.
Jurnalist heç kimin namusunu, ailəsini, keçmişini və şəxsi münasibətlərini reytinq vasitəsinə çevirməməlidir. Media nümayəndəsi faktları yoxlamalı, tərəflərin mövqeyini dinləməli, ittihamı hökm kimi təqdim etməməli, insanın ləyaqətini qorumağı öz peşə borcu bilməlidir.
Mənim bu hadisə ilə bağlı başqa bir müşahidəm də var.
Yay aylarında həmin bağda Fira Cəlilovanın anası ilə birlikdə uşaqlara tut çırpdığı bir görüntüyə rast gəlmişdim. O zaman çox xoşbəxt görünürdülər. Fira bağda gördüyü işlərdən, gündəlik həyatından danışırdı. Səmimi, ailəvi, qayğısız bir mənzərə idi.
Son illərdə Fira efir fəaliyyəti ilə yanaşı, biznes və QHT fəaliyyəti ilə məşğul olur, müxtəlif layihələrdə iştirak edir, xarici səfərlərə gedir, eyni zamanda MDU-da mətbuat katibi kimi çalışırdı. Sosial şəbəkələrdə anası ilə paylaşdığı görüntülər, bağ həyatı, layihələr və əldə etdiyi imkanlar bəlkə də bəzi insanlarda suallar yaradırdı: bu qədər dəstək haradan gəlir, bu qədər etimadın səbəbi nədir?
Bəlkə də elə bu sualların özü hadisəyə münasibətdə bəzi insanların marağını daha da artırdı. Ancaq şəxsi müşahidə və ehtimallar faktın yerini tuta bilməz. Jurnalistikanın vəzifəsi də məhz ehtimalları faktlardan ayırmaqdır.
Bu hadisənin gedişində mənə elə gəldi ki, polis araşdırmasından daha çox, başqa bir ictimai hesablaşmanın şahidi oluruq. Əlbəttə, bu, şəxsi müşahidəmdir. Amma hadisənin təqdimatında yaranan suallar, ziddiyyətlər və şəxsi həyatın həddindən artıq qabardılması bu təəssüratı gücləndirdi.
Bir məqam da var: Fira Cəlilova, bu gün onu ictimai müzakirənin mərkəzinə gətirən Baku TV-nin əvvəlki əməkdaşlarından olub. Əgər belədirsə, bu vəziyyət medianın öz daxilindəki münasibətlər, rəqabət və peşə prinsipləri barədə daha ciddi suallar yaradır.
Jurnalistika şəxsi incikliklərin, keçmiş münasibətlərin və ya peşəkar rəqabətin qisas meydanı olmamalıdır. Media kiminsə həyatını dağıtmaq, onu ictimaiyyət qarşısında alçaltmaq və ya ailəsini hədəfə çevirmək üçün deyil, cəmiyyətin məlumatlanması və hüquqların qorunması üçün fəaliyyət göstərməlidir.
Bu gün bir daha gördük ki, özləri qeybətə, şəxsi həyatın ifşasına və emosional mühakiməyə yol açanlar, bir gün həmin mexanizmin özlərinə qarşı işlədiyini də görə bilərlər. Medianın qurduğu tələyə media əməkdaşlarının özləri də düşə bilər.
Və ən acınacaqlısı budur: hadisənin mərkəzində 30 min manatlıq zərgərlik əşyası iddiası, bağ evinə daxil olan şəxslər və hüquqi araşdırma dayanmalı olduğu halda, diqqət 63 yaşlı bir ananın, nənənin şəxsi həyatına yönəldi.
Jurnalistika hadisəni araşdırmalıdır, insanı rüsvay etməməlidir. Faktı üzə çıxarmalıdır, şəxsi həyatı tamaşaya çevirməməlidir. Cəmiyyətə həqiqəti göstərməlidir, qisasın və qeybətin dili ilə danışmamalıdır.
Əks halda, jurnalistika cəmiyyətin güzgüsü olmaqdan çıxar, öz əksini belə tanımayan bir mənzərəyə çevrilər.
Biabırçılıq isə yalnız bir ailənin şəxsi həyatının ictimai müzakirəyə çıxarılması deyil. Əsl biabırçılıq peşə etikasının, insan ləyaqətinin və jurnalist məsuliyyətinin bu qədər asanlıqla unudulmasıdır.
Günel Sabirqızı
Atatv.az,Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri