Rəsmi statistikaya görə, Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu qadınlar təşkil edir. Ölkədə ümumilikdə təxminən 130 min nəfərlik müəllim heyəti fəaliyyət göstərir.
Qadın müəllimlərimizin əməyini, zəhmətini və təhsildəki böyük rolunu heç kim inkar edə bilməz. Amma başqa bir məsələ də var:
MƏKTƏBLƏRDƏ KİŞİ MÜƏLLİMLƏR NİYƏ BU QƏDƏR AZDIR?
Oğlan uşağının formalaşmasında ailə ilə yanaşı məktəbin də böyük rolu var. Uşaq illərlə müəllimlərinin yanında olur, onların davranışını, ünsiyyətini, məsuliyyətini və həyata münasibətini müşahidə edir.
Xüsusilə oğlan uşaqları üçün məktəbdə kişi müəllimlərin və sağlam kişi rol modellərinin olması onların sosial davranışlarının və məsuliyyət hissinin formalaşmasına müəyyən təsir göstərə bilər.
Burada söhbət qadın müəllimlərin əvəzinə kişi müəllimlər gəlsin deməkdən getmir. Söhbət məktəb mühitində balansın qorunmasından gedir.
Çünki gələcəyin oğlan uşaqları sabah ailə quracaq, ata olacaq, cəmiyyət qarşısında məsuliyyət daşıyacaq.
Bəs onların qarşısında məktəb illərində kifayət qədər kişi nümunəsi varmı?
Bu sual üzərində düşünməyə dəyər.
Məktəb təkcə dərs öyrədilən yer deyil. Məktəb həm də gələcək nəslin formalaşdığı mühitdir.
Ona görə də məktəblərdə kişi müəllimlərin sayının artırılması məsələsi yalnız müəllim çatışmazlığı kimi deyil, təhsilin və gələcək nəslin formalaşması baxımından da müzakirə edilməlidir.
Müzakirə edilməlidir və tədbir görülməlidir. Çünki uşaqlar bizim gələcəyimizdir.#
Gələcəyimizi parlaq görmək istəyiriksə, bu gün uşaqlarımızın necə yetişdiyinə diqqət etməliyik. Xüsusilə oğlan uşaqlarının məsuliyyətli, mərd, savadlı, ailəsinə və Vətəninə bağlı bir şəxsiyyət kimi formalaşması cəmiyyət üçün mühüm məsələdir.
Oğlan bu gün uşaqdır, sabah ata olacaq. Bu gün şagirddir, sabah Vətənin yükünü daşıyan insan olacaq.
Onun qarşısında gördüyü hər sağlam nümunə gələcəyinə qoyulan bir işıqdır.
Gələcəyimizi bu gündən düşünək. Uşaqlarımızı yalnız böyütməyək — onları düzgün formalaşdıraq.
Aynurə Ulduz
AtaTv.az saytının baş redaktorun birinci müavini