Ölkədə hər gün o qədər narahatedici hadisələr baş verir ki, bəzən hər birinə ayrıca münasibət bildirməyə belə imkan qalmır. Ancaq son baş verən və ictimai maraq doğuran hadisələrə biganə qalmaq da mümkün deyil.
Bir tərəfdən, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunur. Digər tərəfdən, BDU-nun müəllimi Nəriman Süleymanov (Nəriman Qocatürk) barəsində qız tələbələrə qarşı cinsi qısnama iddialarını əks etdirən media materialı yenidən gündəmə gəlir və ardınca müəllimin intihar etdiyi xəbəri yayılır.
Üç hadisənin eyni gündə baş verməsi istər-istəməz suallar yaradır. Təbii ki, onların arasında birbaşa əlaqənin olduğunu təsdiqləyən fakt olmadan hər hansı nəticəyə gəlmək doğru deyil. Ancaq bu qədər ciddi hadisənin eyni vaxta təsadüf etməsi ictimaiyyətin cavab gözləməsinə əsas verir.
Məleykə Abbaszadənin DİM rəhbərliyindən getməsi cəmiyyətdə ayrıca narahatlıq doğurur. Uzun illərdir belə bir qorxu var ki, DİM-də rəhbərlik dəyişikliyi qəbul prosesində şəffaflığın zəifləməsinə, əvvəlki illərin rüşvət və korrupsiya mühitinin geri qayıtmasına səbəb ola bilər. Çünki aztəminatlı ailələrin övladları üçün bilik və imtahan nəticəsi ilə ali təhsil almaq imkanı mühüm sosial təminata çevrilib. İndi əsas sual DİM-in yeni rəhbərinin kim olacağı və formalaşmış şəffaflığın qorunub-qorunmayacacağıdır.
Digər məsələ isə BDU müəllimi Nəriman Qocatürklə bağlı yayılan iddialardır. Bildirilir ki, oxşar məzmunlu şikayət ötən il də mediada gündəmə gətirilib. Əgər məsələ hüquq-mühafizə orqanlarına və ya məhkəməyə qədər gedib çıxmışdısa, niyə ictimaiyyətə aydın və əsaslandırılmış nəticə təqdim olunmayıb? İddialar araşdırılıbmı? Araşdırılıbsa, nəticəsi nə olub? Araşdırılmayıbsa, buna kim məsuliyyət daşıyır?
Burada medianın da peşə məsuliyyəti məsələsi ortaya çıxır. Cinsi qısnama iddiaları nə görməzdən gəlinməli, nə də sübut olunmamış ittihamlar qəti hökm kimi təqdim edilməlidir. Şikayətçinin səsini ictimailəşdirmək nə qədər vacibdirsə, qarşı tərəfin mövqeyini öyrənmək, faktları yoxlamaq və hüquqi qiymətləndirməni gözləmək də bir o qədər əhəmiyyətlidir. Jurnalistikanın əsas prinsipi ittihamı hökmə çevirmək deyil, həqiqəti üzə çıxarmaqdır.
Əlbəttə, müxtəlif dövlət və özəl müəssisələrdə, təhsil ocaqlarında cinsi qısnama hallarının mövcudluğunu inkar etmək olmaz. Bir çox insan işini, nüfuzunu və şəxsi təhlükəsizliyini itirmək qorxusu ilə susur. Buna görə də şikayətçilərin səsi eşidilməli, iddialar obyektiv araşdırılmalıdır. Lakin haqqında ittiham irəli sürülən şəxsin də hüquqları, şərəf və ləyaqəti qorunmalıdır. Hər kəsin təqsirsizlik prezumpsiyası var.
Məsələnin daha düşündürücü tərəfi isə akademik Nizami Cəfərovun Nərman Qocatürkün müdafiəsi üçün Prezident İlham Əliyevə müraciət etməsi barədə yayılan məlumatdır. Bildirilir ki, akademik bu müraciəti müəllimin ölümündən əvvəl ünvanlayıb, məktub isə ölümündən sonra ictimailəşib. Bəs universitetin digər professor-müəllim heyəti, illərlə bir yerdə çalışdığı həmkarları və aidiyyəti şəxslər niyə bu məsələyə vaxtında münasibət bildirməyiblər? Niyə iddiaların obyektiv araşdırılması, müəllimin mövqeyinin dinlənilməsi və tərəflərin hüquqlarının qorunması üçün daha əvvəl təsirli addımlar atılmayıb? Yaxud cinsi qısnamaya məruz qalan tələblərin çoxsaylı şikayətləri əsasında çoxdan lazımı tədbirlər görülməyib?
Digər tərəfdən, müəllimin də barəsindəki ittihamları rədd etdiyi və araşdırma tələb etdiyi bildirilir. Bu müraciətlərin və iddiaların hamısı müstəqil şəkildə yoxlanılmalı, həqiqət hər iki tərəfin mövqeyi nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Müəllimin intiharını yalnız mediada yayımlanan materialla əlaqələndirmək üçün təsdiqlənmiş əsas yoxdur. Ancaq bu faciə universitet mühitində insan hüquqlarının, müəllim və tələbə münasibətlərinin, şikayətlərin araşdırılması mexanizmlərinin nə dərəcədə işlək olduğu barədə ciddi suallar yaradır.
Belə bir mənzərənin fonunda BDU-da rektor dəyişikliyinin baş verməsi də diqqətdən kənarda qalmır. Əvvəlki rektorun fəaliyyətinə görə nazirlik tərəfindən təşəkkür edilməsi, eyni zamanda universitetdə baş verən bu hadisələrin ictimai müzakirəyə çıxması əlavə suallar doğurur.
Bütün bunlar təsadüfdürmü? Bəlkə. Ancaq hadisələrin eyni gündə baş verməsi onların arasında sübuta yetirilməmiş əlaqə qurmağa əsas verməsə də, hər birinin şəffaf araşdırılmasını tələb edir.
Kim və ya kimlər məsuliyyət daşıyır? Şikayətlər niyə vaxtında araşdırılmayıb? Universitetdə müəllim və tələbələrin hüquqlarını qoruyan mexanizmlər niyə suallar doğurur? DİM-də rəhbərlik dəyişikliyindən sonra qəbul şəffaflığı necə qorunacaq?
Jurnalistikanın vəzifəsi kimisə əvvəlcədən günahkar elan etmək deyil, cavabsız suallara cavab axtarmaqdır. Cəmiyyətə sensasiya yox, həqiqət lazımdır. Həqiqət isə yalnız müstəqil, qərəzsiz və hərtərəfli araşdırma ilə üzə çıxa bilər.
Bəlkə də bu hadisələrdən çıxarılmalı ən böyük nəticə budur: İnsanların səsi ölümündən sonra deyil, sağlığında eşidilməli, şikayətlər faciəyə çevrilməzdən əvvəl araşdırılmalıdır!
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri