Xəzan yarpaqları tökülür yenə,
Ömrün sənsiz keçən günləri kimi.
Arzum ilmə-ilmə sökülür yenə,
Ömrün sənsiz keçən günləri kimi.Məşhur "Günləri kimi" şeirinin müəllifi uzun illərin jurnalist fəaliyyəti ilə mətbuatda öz imzasını tanıtdıran, şeirlərində həssas düşüncəsi ilə seçilən və poeziyada "nəğməkar şair" kimi tanınan Abil İslamdır.
O, 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Mehriban Şövkət ananın və zəhmətkeş Yolçu atanın tərbiyəsi, qayğısı ilə böyüyən şair onların əməyini gələcək uğurları və parlaq istedadı ilə doğrultmağı bacarıb. 1976-cı ildə Qasım Həsrətov adına tam orta məktəbi bitirdikdən sonra paytaxt Bakıya gələrək əmək fəaliyyətinə başlayıb.
Əmək fəaliyyəti onun təhsil arzularını yarımçıq qoymayıb. İşləməsinə baxmayaraq, Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq üçün Ukraynanın Xarkov şəhərinə yollanıb və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib.
Mətbuatdan keçən şərəfli yol
Abil İslamın hələ orta məktəb illərindən mətbuata olan marağı, müxtəlif mövzularda yazı bacarığı, poeziyaya və publisistikaya sevgisi onu jurnalistika sahəsinə gətirib. O, "İnşaatçı" qəzetində müxbir, fotomüxbir və poeziya şöbəsinin müdiri, həmçinin "Bioloji Təbabət" Klinikasında mətbuat katibi kimi uzun müddət fəaliyyət göstərib. Bununla yanaşı, Bakı Sənaye-Pedaqoji Kollecində "Ədəbi dram dərnəyi"nin rəhbəri vəzifəsində çalışıb. Zəngin əmək təcrübəsi və qələm peşəkarlığı onun yaradıcılıq potensialını daha da cilalayıb.
Poeziyada qazanılan parlaq uğurlar
Abil İslamın oxucularla ilk kitab görüşü 2001-ci ildə baş tutub; "Çıraq" nəşriyyatında 204 səhifəlik "Bir bəlalı ömür olub taleyim" adlı şeirlər toplusu işıq üzü görüb. 2005-ci ildə şairin sayca ikinci – "Tələsmə hələ", 2023-cü ildə isə üçüncü – "Çox sevdiyim birisi var" kitabları nəşr olunub. Hər bir kitabda müəllifin dərin məzmunlu, düşündürücü və lirik şeirləri toplanıb.
Müxtəlif bəstəkarlar tərəfindən şairin sözlərinə 240-dan çox mahnı bəstələnib. Bu əsərlər İslam Rzayev, Cavan Zeynallı, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Əli Mirəliyev, Zümrüd Məmmədova və Nüşabə Ələsgərli kimi tanınmış sənətkarların repertuarında yer alıb. Sözügedən mahnıların əksəriyyəti Azərbaycan Dövlət Radiosunun "Qızıl Fondu"nda qorunub saxlanılır.
Xalq artisti Zümrüd Məmmədovanın ifasında, musiqisi bəstəkar Elşən Nicata məxsus "Tələsmə hələ" mahnısı dinləyicilərə təqdim olunan son uğurlu bəstələrdəndir.
İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş "Adın mübarək, şəhid" şeirinə bəstəkar Arif Səlimov musiqi bəstələyib və əsər müğənni Vüqar Muradov tərəfindən ifa edilib. Şairin vətənpərvərlik, el-obaya bağlılıq, şəhid və qazilərimizin qəhrəmanlığına həsr etdiyi əxlaqi-didaktik şeirləri oxucuların xüsusi rəğbətini qazanıb. Həm heca, həm də sərbəst vəzndə qələmə aldığı əsərlərlə o, şeir və sənətsevərlərin daim diqqət mərkəzindədir.
Hazırda təqaüddə olan Abil İslam ictimai fəaliyyətini və ədəbi yaradıcılığını fəal şəkildə davam etdirir. O, Bakının Nizami rayonu Müharibə və Əmək Veteranları Təşkilatının, eləcə də "Azərbaycan–Türk Xalqları Qardaşlıq İctimai Birliyi"nin sədr müavinidir. Hər gün yazıb-yaradan, kövrək duyğularını və yeri gəldikdə kəskin ictimai mövqeyini misralara köçürən şair həm də "Göyçay Yazarlar Qrupu"nun yaradıcısıdır.
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Abil İslam mətbuat və ədəbiyyat sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi diplomuna və "Qızıl Qələm" mükafatına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Mən — "Atatv.az", "Azadtv.az" saytlarının, Milli Azərbaycan Televiziyasının və İctimai Xəbər Agentliyinin təsisçisi və baş redaktoru, "Azərbaycan–Türk Xalqları Qardaşlıq İctimai Birliyi"nin mətbuat xidmətinin rəhbəri olaraq öz adımdan və rəhbərlik etdiyim redaksiya heyəti adından dəyərli şairimizi, peşəkar jurnalistimizi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!
[b]Rəsafil Bayramov
Atatv.az, Azadtv.az saytlarının, Milli Azərbaycan Televiziyasının və İctimai Xəbər Agentliyinin təsisçisi və baş redaktoru, "Azərbaycan–Türk Xalqları Qardaşlıq İctimai Birliyi"nin mətbuat xidmətinin rəhbəri