
Kəndlər ölkənin tarixi yaddaşı, milli-mənəvi dəyərləri, ənənəvi təsərrüfatı və torpaqla bağlılığının əsas ünvanıdır. Ancaq bu gün ölkənin bir çox kəndində həyat əvvəlki canlılığını itirir. Bəzi kəndlərdə evlər boş qalır, həyətlərdə ocaq yanmır, torpaqlar əkilmir, mal-qara əvvəlki kimi saxlanılmır. Xüsusilə ucqar və dağ kəndlərində əhalinin azalması, gənclərin doğma yurdlarından uzaqlaşması ciddi sosial-iqtisadi problemə çevrilir.
Kəndlərin boşalması yalnız demoqrafik dəyişiklik deyil. Bu, həm də kənd insanının dolanışıq, təhsil, mədəniyyət və gələcək imkanlarının daralmasının göstəricisidir.
Ölkədə neçə kənd var, kənd əhalisi nə qədərdir?
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 4 244 kənd yaşayış məntəqəsi mövcuddur. 2025-ci ilin əvvəlinə kənd yerlərində yaşayan əhalinin sayı 4 milyon 662 min nəfər, 2026-cı ilin əvvəlinə isə 4 milyon 688,2 min nəfər olub.
Rəsmi statistikaya əsasən, kənd əhalisinin sayı son on ildə ümumi şəkildə azalmayıb. 2015-ci ilin əvvəlinə kənd yerlərində 4 milyon 494,7 min nəfər, 2020-ci ildə 4 milyon 497,2 min nəfər, 2025-ci ildə isə 4 milyon 662 min nəfər yaşayırdı.

Lakin bu rəqəmlər kəndlərin hamısında əhalinin artdığı anlamına gəlmir. Ölkə üzrə ümumi kənd əhalisi ilə ayrı-ayrı kəndlərin demoqrafik vəziyyəti fərqli göstəricilərdir. Bir kənd böyüyə, digəri isə sakinlərini itirərək boşala bilər. Həmçinin yaşayış məntəqələrinin inzibati təsnifatında dəyişikliklər şəhər və kənd statistikası arasında fərqlərə təsir göstərir.
Əsas sual da budur: Kənd əhalisinin ümumi sayı milyonlarla olduğu halda, niyə bir çox kənddə həyat zəifləyir, evlər boşalır, gənclər geri qayıtmaq istəmir?
Kənddə yaşamaq niyə çətinləşib?
Kənd insanı üçün torpaq, əkinçilik və heyvandarlıq əsas dolanışıq mənbələridir. Ancaq bu sahələr də əvvəlki kimi asan qazanc gətirmir. Əkin üçün texnika, toxum, gübrə, suvarma, yanacaq və digər xərclər tələb olunur. Heyvandarlıqda baha yem, baytarlıq xidməti, otlaq sahələrinin azalması və məhsulun bazara çıxarılması problemləri kəndlinin qazancını azaldır.
Bir çox kənd sakini torpağını əkib-becərsə də, əldə etdiyi məhsul ailəsinin bütün ehtiyaclarını qarşılamağa kifayət etmir. Bəzən məhsulun maya dəyəri satış qiymətindən yüksək olur. Əməyi ilə dolanmağa çalışan kəndli bazar, nəqliyyat və istehsal xərcləri qarşısında çətin vəziyyətə düşür.
Belə şəraitdə kənddə yaşayan insanın qarşısında iki seçim qalır: ya az gəlirlə yaşamağa davam etmək, ya da daha yaxşı qazanc ümidi ilə doğma yurdunu tərk etmək.
Kənddən Bakıya, kənddən xaricə...
Bu gün kəndlərdən şəhərlərə, xüsusilə Bakıya, eləcə də xarici ölkələrə əmək miqrasiyası geniş yayılmış sosial reallıqdır. Kənddə daimi iş yeri olmayan insanlar fəhləlik, tikinti, xidmət və digər sahələrdə işləmək üçün uzaqlara üz tuturlar.
Ailəsini dolandırmaq üçün kənddən ayrılan insanın qərarı çox vaxt könüllü seçimdən daha çox iqtisadi zərurətdir. O, doğulduğu evi, ailəsini, torpağını geridə qoyur, lakin başqa yerdə qazandığı pulla kənddə qalan yaxınlarının ehtiyaclarını ödəməyə çalışır.
Bununla belə, kənddən gedən hər bir insanın geri qayıtmaq imkanı olmur. Şəhərdə iş, yaşayış və sosial mühit qurduqdan sonra doğma kəndə dönüş daha da çətinləşir. Nəticədə kənddə əsasən yaşlı insanlar qalır, gənclərin sayı azalır, ailə təsərrüfatları zəifləyir.
Kənddə təhsil, mədəniyyət və şəxsi inkişaf imkanları niyə məhduddur?
Kəndin boşalmasının səbəbləri yalnız işsizlik və gəlir azlığı ilə bitmir. İnsan yaşadığı yerdə həm də inkişaf etmək, öyrənmək, istirahət etmək, mədəni həyatın bir parçası olmaq istəyir.
Bir çox kənddə teatr, kino, kitabxana, yaradıcılıq mərkəzi, idman və digər mədəni-ictimai imkanlar ya yoxdur, ya da əlçatmazdır. Gənclərin dünyagörüşünü genişləndirəcək, istedadını üzə çıxaracaq mühitin olmaması onların kənd həyatına marağını azaldır.
Təhsil imkanları da mühüm məsələdir. Uşaqların keyfiyyətli təhsil alması, əlavə hazırlıq və inkişaf proqramlarına qoşulması, müasir texnologiyalardan yararlanması üçün şərait yaradılmalıdır. Kənddə yaşayan gənc öz gələcəyini yalnız şəhərdə görürsə, bu, kəndin inkişafı üçün ciddi xəbərdarlıqdır.
Dağ kəndləri – çətin coğrafiya, ağır həyat
Xüsusilə dağlıq və ucqar kəndlərdə yaşayan insanların gündəlik həyatı daha mürəkkəbdir. Yol, nəqliyyat, internet, səhiyyə, məktəb və digər xidmətlərə çıxış çətinliyi bu kəndlərin inkişafını ləngidir.
Qış aylarında yolların bağlanması, nəqliyyatın məhdudlaşması, tibbi xidmətə gec çatmaq, keyfiyyətli təhsilə çatımsızlıq, məhsulu bazara çıxarmaqda çətinlik çəkmək kənd sakinlərinin həyatını ağırlaşdırır. Belə şəraitdə gənc ailələrin kənddə qalması, uşaqların gələcəyini burada qurması asan deyil.
Dağ kəndinin boşalması yalnız həmin kəndin problemi sayılmamalıdır. Bu, ölkənin ərazi bütövlüyü, regional inkişafı, kənd təsərrüfatı və milli mədəni irsi baxımından da əhəmiyyətli məsələdir.
Kəndlərin boşalmasının qarşısını necə almaq olar?
Kəndi yaşatmaq üçün yalnız kənd təsərrüfatını inkişaf etdirmək kifayət deyil. Kənd insanı həm qazanc, həm də normal həyat şəraiti ilə təmin olunmalıdır.
Bunun üçün ilk növbədə kənd təsərrüfatında istehsal xərcləri azaldılmalı, fermer və ailə təsərrüfatlarına real dəstək verilməlidir. Həmçinin məhsulun satışına, emalına və bazara çıxarılmasına şərait yaradılmalıdır. Regionlarda sənaye, xidmət, turizm və digər sahələr üzrə yeni iş yerləri açılmalıdır. Ucqar kəndlərdə yol, internet,qaz, səhiyyə və təhsil xidmətləri yaxşılaşdırılmasıdır. Gənclər üçün peşə təhsili, sahibkarlıq və şəxsi inkişaf imkanları genişləndirilməlidir. Kəndlərdə mədəniyyət evləri, kitabxanalar, idman və yaradıcılıq məkanları formal deyil, real fəaliyyət göstərməlidir.
Dağ və ucqar kəndlər üçün xüsusi regional inkişaf proqramları hazırlanmalıdır.
Kəndə ayrılan vəsait yalnız yol çəkilişi və infrastruktur layihələri ilə məhdudlaşmamalıdır. Əsas məqsəd kənddə yaşayan insanın öz əməyindən gəlir əldə etməsi, ailəsini dolandırması və gələcəyini doğma yurdunda qurması olmalıdır.
Kənd boşalanda yalnız evlər boş qalmır...
Kənd boşalanda yalnız evlər, həyətlərə, bağlı qapılar və küçələr səssizləşmir. Bir məktəbin şagirdləri azalır, bir təsərrüfat fəaliyyətini dayandırır, bir ailənin ənənəsi qırılır, bir kəndin yaddaşı zəifləyir.
Kənd insanı torpağa bağlılığı, zəhməti və dözümlülüyü ilə ölkənin əsas dayaqlarından biridir. Onun həyatını çətinləşdirən problemlərə biganə qalmaq isə gələcəkdə daha böyük sosial və iqtisadi nəticələr doğura bilər.
Kəndlərdə həyatın dayanması təbii proses kimi qəbul edilməməlidir. İnsan doğulduğu yerdə yaşamaq, işləmək, qazanmaq və inkişaf etmək imkanına malik olmalıdır.
Kəndi yaşatmaq – kənd insanını yaşatmaqdır. Kənd insanını yaşatmaq isə ölkənin gələcəyinə sahib çıxmaq, şəffaf sosial-iqtisadi proqramlar həyata keçirmək deməkdir.
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri