Müasir dövrdə qəfil ölümlərin artması: səbəblər, gizli təhlükələr və cəmiyyət olaraq çıxış yolları
Son illərdə cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də gənc yaşlarda baş verən qəfil ölüm hallarının müzakirə mövzusuna çevrilməsidir. Xüsusilə tələbələr, məktəblilər, gənc müəllimlər, müxtəlif sahələrdə çalışan mütəxəssislər və fiziki cəhətdən aktiv həyat tərzi keçirməli olan insanların vaxtından əvvəl və gözlənilməz vəfat etməsi ictimai narahatlığı artırır.
İnsanları düşündürən suallar çoxdur: Niyə əvvəllər daha çox yaşlı insanlarla əlaqələndirilən ürək-damar problemləri indi gənclərin də həyatına son qoya bilir? Niyə zahirən sağlam görünən, işləyən, oxuyan, idman edən insanlar qəfil dünyasını dəyişirlər? Qidalanma, süni və emal olunmuş ərzaqlar, hərəkətsizlik, stress, sosial-iqtisadi çətinliklər, pandemiyanın fəsadları və COVID-19 əleyhinə vaksinlər bu prosesdə hansı rolu oynayır?
Bu məsələyə emosional yanaşmaqdan daha çox, elmi faktlara, tibbi statistikaya və ictimai sağlamlıq prinsiplərinə əsaslanan kompleks yanaşma lazımdır. Çünki qəfil ölüm təkcə tibbin deyil, eyni zamanda qidalanma mədəniyyətinin, təhsil sisteminin, əmək münasibətlərinin, sosial rifahın və ümumi həyat tərzinin də müzakirəsini tələb edən ciddi problemdir.
Qəfil ölüm nədir və niyə təhlükəlidir?
Qəfil ölüm insanın gözlənilmədən, çox vaxt əvvəlcədən aşkar edilmiş ciddi xəstəlik əlamətləri olmadan həyatını itirməsidir. Bu anlayışın ən çox rast gəlinən formalarından biri qəfil ürək ölümüdür. Belə halların əhəmiyyətli hissəsi ürəyin elektrik fəaliyyətinin pozulması, təhlükəli ritm dəyişiklikləri və nəticədə qan dövranının dayanması ilə əlaqədardır.
Lakin hər qəfil ölüm ürək xəstəliyi demək deyil. Beyin damarlarının tutulması və ya partlaması, ağciyər arteriyasının tromboemboliyası, anadangəlmə xəstəliklər, bəzi irsi ritm pozuntuları, epilepsiya ilə əlaqəli hallar və digər səbəblər də qəfil ölümə gətirib çıxara bilər.
Ən ciddi təhlükələrdən biri isə xəstəliklərin uzun müddət gizli qalmasıdır. İnsan özünü sağlam hiss edə, gündəlik fəaliyyətini normal davam etdirə, lakin orqanizmində təhlükəli bir proses inkişaf edə bilər.
Buna görə də zahiri sağlamlıq həmişə daxili sağlamlığın göstəricisi deyil.
Azərbaycanda vəziyyət: narahatlıq var, amma statistik mənzərəni dəqiq oxumaq lazımdır
Azərbaycanda da ürək-damar xəstəlikləri ölümün əsas səbəbləri sırasında yer alır. Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il üzrə məlumatlarında ölkədə ölümün aparıcı səbəbi kimi işemik ürək xəstəliyi göstərilir. Bununla belə, ÜST həmin məlumatların statistik keyfiyyət məhdudiyyətləri səbəbindən ehtiyatla şərh edilməli olduğunu da qeyd edir.
Dövlət Statistika Komitəsinin 2026-cı ildə dərc edilmiş «Azərbaycan gəncləri» məcmuəsində 15–29 yaşlı əhali üzrə göstəricilərə nəzər yetirəndə məlum olur ki, 2025-ci ildə 15–29 yaşlı kişilər arasında bütün səbəblərdən ölüm göstəricisi hər 100 min nəfərə 77,1 olub. 2020-ci ildə bu göstərici 276,5 idi. Qadınlarda müvafiq göstərici 2025-ci ildə 34,6, 2020-ci ildə isə 41,2 olub. Qan dövranı sistemi xəstəliklərindən ölüm göstəricisi 2025-ci ildə gənc kişilərdə 9,1, qadınlarda 5,3 olub.
Azərbaycanda ölüm statistikasına nəzər yetirəndə 2021- ci ildə baş verən ümumi 76 min 878 ölüm faktından 41 min 708 -i qan dövranı xəstəliklərinin payına düşür. 2022-ci və 2023-cü illərdə ümumi ölüm sayı 60 mindən çox qan dövranı xəstəliklərindən də ölənlərin sayı 33-34 mindən çox nəfər olub. 2024-cü ildə isə qeydə alınan 58 909 nəfər ümumi ölüm faktından 33 min 289 nəfəri qan dövranı xəstəliklərinin payına düşür. 2025-ci ildə isə eyni xəstəlik səbəbindən vəfat edən kişilərin ümumi sayı 16 min 276 nəfər, qadınların isə ümumi sayı 16 279 nəfər olub. Bu da cəm şəkildə 33 min 500-dən çox olub.
Bu rəqəmlər mühüm bir məqamı göstərir: ayrı-ayrı qəfil ölüm hadisələrinin ictimaiyyətin diqqətini daha çox cəlb etməsi ümumi ölüm göstəricisinin də artması demək deyil. Üstəlik, 2020-ci ilin pandemiya dövrü olması müqayisəyə təsir göstərir.
Deməli, Azərbaycanda gənclər arasında qəfil ölümlərin son illərdə artdığını qəti şəkildə söyləmək üçün ayrıca statistik araşdırma aparılmalıdır. Bunun üçün yaş, cins, ölüm səbəbi, hadisənin başvermə şəraiti və əvvəlki illərlə müqayisə nəzərə alınmalıdır.
Burada vacib olan başqa bir məsələ də var: hər qəfil ölüm ürək tutması deyil və hər ürək tutması da eyni səbəbdən baş vermir.
Qəfil ölümlərin mümkün səbəbləri
1. Qidalanma rejiminin pozulması və market məhsullarının təsiri
Müasir qidalanma vərdişləri sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə gənclər arasında sürətli hazırlanmış yeməklər, yüksək kalorili qəlyanaltılar, şəkərli içkilər, enerji içkiləri, duzlu və çox emal olunmuş məhsulların istifadəsi geniş yayılıb.
Belə qidaların uzunmüddətli və həddindən artıq istehlakı insanlarda piylənməyə, qanda şəkərin yüksəlməsinə və insulin müqavimətinə, xolesterin səviyyəsinin pozulmasına, yüksək arterial təzyiqə, damarların aterosklerozuna səbəb ola bilər. Bunlar ürək-damar xəstəliklərinin əsas risk faktorlarıdır.
Burada diqqət yetirilməli məqam yalnız qidanın süni və ya təbii olması deyil, onun qida dəyəri, tərkibi, emal dərəcəsi və istehlak miqdarıdır. Hər qablaşdırılmış məhsulu zərərli, hər təbii məhsulu isə avtomatik olaraq sağlam hesab etmək düzgün deyil.
Xüsusilə enerji içkilərinin həddindən artıq qəbulu, kofeinlə digər stimullaşdırıcı maddələrin birləşdirilməsi ürək döyüntüsünə və ritminə mənfi təsir göstərə bilər. Ürəyində gizli ritm pozuntusu olan şəxslər üçün bu, əlavə təhlükə yarada bilər.
2. Hərəkətsizlik və idmansız həyat tərzi
İnsan orqanizmi hərəkət üçün yaradılıb. Lakin müasir həyat tərzi insanları uzun saatlar oturmağa məcbur edir.
Şagird dərsdə, tələbə auditoriyada və kitabxanada, müəllim sinifdə, mütəxəssis isə kompüter qarşısında saatlarla vaxt keçirir. Buna yuxusuzluq, nəqliyyatda uzun müddət vaxt itirmək və istirahətin düzgün təşkil edilməməsi də əlavə olunur.
Fiziki hərəkətsizlik ürək əzələsinin funksional imkanlarının zəifləməsinə, artıq çəkiyə, təzyiq və şəkər problemlərinə, damar sağlamlığının pisləşməsinə şərait yaradır.
Lakin burada bir mühüm nüans var: idman da tibbi nəzarət və fərdi imkanlar nəzərə alınmaqla edilməlidir. Gizli ürək xəstəliyi olan şəxsin qəfil və həddindən artıq ağır məşqlərə başlaması təhlükəli ola bilər.
3. Stress, psixoloji gərginlik və daimi narahatlıq
Müasir cəmiyyətin ən ciddi problemlərindən biri xroniki stressdir.
Tələbələr imtahan, qiymət, təqaüd və gələcək işlə bağlı narahatlıq keçirirlər. Müəllimlər və digər mütəxəssislər isə əməkhaqqı, iş yükü, məsuliyyət, ailə büdcəsi və sosial təminat problemləri ilə üzləşirlər.
Daimi psixoloji gərginlik zamanı orqanizmdə stress hormonlarının səviyyəsi yüksələ bilər. Bu vəziyyət arterial təzyiqin artmasına, ürək döyüntüsünün sürətlənməsinə, yuxu pozuntularına, qan şəkərinin tənzimlənməsinin pisləşməsinə, mövcud ürək ritmi problemlərinin ağırlaşmasına səbəb ola bilər. Kəskin emosional sarsıntı bəzi həssas insanlarda ürək ritminin təhlükəli pozulmasını tətikləyə bilər.
Ancaq stressi bütün qəfil ölümlərin əsas səbəbi kimi göstərmək düzgün deyil. Sağlam insanda adi psixoloji gərginlik avtomatik olaraq ürəyin dayanması demək deyil. Çox vaxt stress digər risk faktorlarını gücləndirən amil rolunu oynayır.
4. Sosial-iqtisadi problemlər və sağlamlığa çıxış imkanları
Qəfil ölüm probleminə yalnız tibbi müstəvidə yanaşmaq kifayət deyil.
Ailənin maddi vəziyyəti, keyfiyyətli qidaya çıxışı, iş şəraiti, istirahət imkanları və tibbi xidmətlərdən istifadə imkanları insan sağlamlığına birbaşa və dolayı təsir göstərir.
Maddi çətinlik yaşayan insan sağlamlığını yoxlatdırmağı təxirə sala bilər. İşini itirmək qorxusu ilə xəstə halda işləyə bilər. Gənc müəllim və ya mütəxəssis bir neçə işdə çalışaraq istirahətə vaxt ayırmaya bilər.
Belə şəraitdə sağlamlıq ikinci plana keçir.
Ona görə də qəfil ölümlərin profilaktikası sosial rifah, əmək hüquqları və tibbi xidmətlərin əlçatanlığı ilə də əlaqəlidir.
5. Gizli ürək xəstəlikləri və irsi faktorlar
Gənclər arasında qəfil ürək ölümünün ən mühüm səbəblərindən biri əvvəldən aşkar edilməmiş ürək xəstəlikləridir.
Bunlara hipertrofik kardiomiopatiya, aritmogen kardiomiopatiya, anadangəlmə ürək və koronar damar anomaliyaları, uzun QT sindromu, brugada sindromu, miokardit, digər irsi ritm pozuntuları.
Bu xəstəliklərin bəziləri uzun müddət heç bir əlamət verməyə bilər.
2023-cü ildə Journal of the American College of Cardiology jurnalında dərc olunmuş, Böyük Britaniyada yeniyetmələr arasında qəfil ürək ölümünü araşdıran tədqiqatda 756 yeniyetmənin ölüm halları təhlil edilib. Halların 63 faizində ürəyin strukturunda ciddi dəyişiklik aşkar edilməyib və qəfil aritmik ölüm ehtimalı nəzərə alınıb, 22 faizində isə ürək əzələsi xəstəlikləri müəyyən edilib. Bu nəticələr gənclərdə qəfil ölümün səbəblərinin nə qədər müxtəlif və bəzən gizli olduğunu göstərir.
6. Pandemiyanın və COVID-19 infeksiyasının uzunmüddətli fəsadları
Pandemiyanın insan sağlamlığına təsiri yalnız xəstəliyin kəskin mərhələsi ilə məhdudlaşmır.
COVID-19 bəzi insanlarda ürək əzələsinin iltihabına, damar sisteminin zədələnməsinə, tromboz riskinin artmasına və digər ürək-damar ağırlaşmalarına səbəb ola bilər.
Xüsusilə infeksiyanı ağır keçirən, ürək-damar xəstəlikləri olan və ya xəstəlikdən sonra uzunmüddətli simptomlar yaşayan şəxslərin vəziyyətinə diqqət yetirilməlidir.
Pandemiyadan sonra bəzi insanlarda fiziki dözümlülüyün azalması, yorğunluq, ürəkdöyünmə, təngnəfəslik və digər şikayətlər də müşahidə edilir. Belə əlamətləri sadəcə stress və ya yorğunluqla əlaqələndirmək olmaz.
7. Vaksinlər qəfil ölümlərə səbəb olurmu?
Bu məsələ cəmiyyətdə ən çox mübahisə doğuran mövzulardan biridir. Burada nə bütün narahatlıqları əsassız saymaq, nə də elmi sübut olmadan vaksinləri kütləvi ölümlərin səbəbi elan etmək düzgündür.
Elmi araşdırmalar göstərir ki, bəzi COVID-19 mRNA vaksinlərindən sonra, xüsusilə gənc kişilərdə və ikinci dozadan sonrakı günlərdə miokardit (ürək əzələsinin iltihabı) və perikardit (ürək qişasının iltihabı) çox nadir hallarda baş verə bilər. Bu, ÜST və digər beynəlxalq səhiyyə qurumları tərəfindən tanınan mümkün əlavə təsirdir.
Lakin burada iki məsələni fərqləndirmək lazımdır:
Birincisi, vaksinasiya ilə zaman baxımından üst-üstə düşən ölüm hadisəsi avtomatik olaraq vaksinin səbəb olduğu ölüm hesab edilə bilməz.
İkincisi, vaksinlərdən sonra miokardit riskinin mövcudluğu bütün qəfil ölümlərin vaksinlə əlaqəli olması demək deyil.
2026-cı ildə Kanadanın Ontario əyalətində aparılmış, 12–50 yaşlı şəxsləri əhatə edən geniş əhali əsaslı tədqiqatda COVID-19 vaksinasiyasının gənc və zahirən sağlam insanlarda qəfil ölüm riskini artırdığına dair sübut əldə edilməyib. Tədqiqatda 6,3 milyondan çox insanın məlumatları təhlil olunub. Bununla belə, müəlliflər araşdırmanın müəyyən metodoloji məhdudiyyətlərini də qeyd ediblər.
Deməli, elmi yanaşma belə olmalıdır: mümkün nadir əlavə təsirlər araşdırılmalı, vaksinasiya tarixçəsi və ölüm halları elmi metodlarla təhlil edilməli, lakin səbəb-nəticə əlaqəsi sübut olunmadan ümumiləşdirmə aparılmamalıdır.
Qəfil ölümlərin qarşısını almaq üçün nə etməliyik?
Bu problemin həlli yalnız insanlara sağlam qidalanmağı və idman etməyi tövsiyə etməklə mümkün deyil. Həm fərdi, həm ailə, həm təhsil müəssisəsi, həm işəgötürən, həm də dövlət səviyyəsində sistemli tədbirlər görülməlidir.Gənclər arasında ürək müayinələri genişləndirilməlidir
Burada məqsəd hər bir sağlam gəncə çoxsaylı və bahalı müayinələr təyin etmək deyil. Məqsəd risk qrupunda olan şəxsləri vaxtında müəyyənləşdirməkdir. İkincisi təhsil müəssisələrində stressin azaldılmalıdır.
Universitetlərdə tələbələrin psixoloji vəziyyətinə daha çox diqqət yetirilməlidir.
İmtahanların ardıcıl və həddindən artıq sıx keçirilməsi, yuxusuzluq, uzunmüddətli dərs yükü və daimi qiymətləndirmə təzyiqi yenidən nəzərdən keçirilməlidir.
Məktəblərdə və universitetlərdə psixoloq xidmətləri formal xarakter daşımamalı, real dəstək mexanizminə çevrilməlidir.
Gənc müəllimlərin və digər mütəxəssislərin də iş yükü, əməkhaqqı, istirahət və psixoloji sağlamlıq məsələləri diqqətdə saxlanılmalıdır. Digəri sağlam qidalanma dövlət siyasətinin prioritetinə çevrilməlidir
Məktəb bufetlərində, universitet yeməkxanalarında və ictimai iaşə müəssisələrində sağlam qidalanma standartları gücləndirilməlidir.
Məhsulların tərkibi və qida dəyəri barədə məlumatlar aydın göstərilməlidir. Şəkər, duz və trans yağların yüksək olduğu məhsulların istehlakının azaldılması təşviq edilməlidir.Uşaqlar və yeniyetmələr üçün enerji içkilərinin əlçatanlığına məhdudiyyətlər tətbiq edilməlidir.
Keyfiyyətsiz və saxtalaşdırılmış ərzaq məhsullarına qarşı nəzarət gücləndirilməlidir.
Sağlam qidalanma ilə bağlı maarifləndirmə məktəblərdən başlamalıdır.
Sağlam qida yalnız yüksək gəlirli insanların əldə edə biləcəyi məhsula çevrilməməlidir.
İdman və fiziki aktivlik gündəlik həyatın tərkib hissəsi olmalıdır
Hər bir məktəbdə, universitetdə və böyük müəssisədə fiziki aktivlik üçün imkanlar yaradılmalıdır.
Gənclər üçün idman zalları, açıq idman meydançaları, velosiped yolları və piyada zonaları genişləndirilməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, böyüklərin həftədə 150–300 dəqiqə orta intensivlikli fiziki aktivliklə məşğul olması hədəflənməlidir.
Ancaq idman zamanı ürək nahiyəsində ağrı, huşun itirilməsi, qeyri-adi təngnəfəslik və ya güclü ürəkdöyünmə yaranarsa, məşqi dayandırmaq və tibbi müayinədən keçmək lazımdır.
Pandemiya və vaksinasiya ilə bağlı elmi araşdırmalar aparılmalıdır
Cəmiyyətdəki şübhələri aradan qaldırmağın ən düzgün yolu məlumatları gizlətmək və ya insanları suallarına görə qınamaq deyil, şəffaf araşdırma aparmaqdır.
Təcili tibbi yardım və ilk yardım imkanları gücləndirilməlidir
Qəfil ürək dayanması zamanı ilk dəqiqələr həyati əhəmiyyət daşıyır.
Məktəblərdə, universitetlərdə, idman komplekslərində, ticarət mərkəzlərində və digər insanların sıx toplaşdığı yerlərdə avtomatik xarici defibrilyatorların (AED) yerləşdirilməsi vacibdir.
Müəllimlər, məşqçilər, mühafizəçilər və digər əməkdaşlar ürək-ağciyər reanimasiyası üzrə ilkin təlim keçməlidirlər.
İnsan huşunu itiribsə və normal nəfəs almırsa, dərhal 103 və ya 112-yə zəng edilməli, ürək-ağciyər reanimasiyasına başlanmalı və varsa defibrilyatordan istifadə edilməlidir.
Hansı əlamətləri diqqətdən kənarda qoymaq olmaz?
Bəzən insan həyati təhlükə yarada biləcək simptomları adi yorğunluq hesab edir.
Fiziki fəaliyyət zamanı və ya istirahətdə sinə ağrısını, səbəbsiz huş itirmə və ya huş itirməyə yaxın vəziyyətləri, təkrarlanan və izah olunmayan ürəkdöyünməyə, fiziki yükə uyğun olmayan təngnəfəslik, başgicəllənmə və qəfil zəifliyə diqqət etmək lazımdır.
Sinədə yeni başlayan və davam edən ağrı, kəskin nəfəs darlığı və ya huşun itirilməsi təcili tibbi yardım tələb edir. Belə hallarda öz-özünə keçməsini gözləmək olmaz.
Nəticə: Sağlam cəmiyyət üçün yeni yanaşmaya ehtiyac var
Qəfil ölümlər məsələsi ayrı-ayrı insanların şəxsi faciəsi kimi qiymətləndirilməklə məhdudlaşmamalıdır. Bu hadisələr cəmiyyətin sağlamlıq sisteminə, qidalanma mədəniyyətinə, təhsil mühitinə, əmək münasibətlərinə və sosial rifahına yenidən nəzər salmağı tələb edir.
Bu gün gənc insanın qarşısında çoxsaylı problemlər dayanır: işsizlik, maddi çətinlik, mənzil problemi, təhsil yükü, gələcəklə bağlı qeyri-müəyyənlik, informasiya bolluğu, yuxusuzluq və psixoloji gərginlik. Bunların hər biri ayrılıqda və ya birlikdə sağlamlığa mənfi təsir göstərə bilər.
Digər tərəfdən, gizli ürək xəstəlikləri, irsi patologiyalar və vaxtında aşkar edilməyən sağlamlıq problemləri də unudulmamalıdır.
Ən təhlükəli yanaşma bütün hadisələri bir səbəblə izah etməkdir. Qəfil ölümləri yalnız stresslə, yalnız süni qidalarla, yalnız pandemiya ilə və ya yalnız vaksinlərlə əlaqələndirmək elmi baxımdan doğru deyil. Problemin köklərini müəyyən etmək üçün etibarlı statistika, tibbi ekspertiza və uzunmüddətli elmi araşdırmalar lazımdır.
Azərbaycan üçün təklif etdiyim mühüm təşəbbüslərdən biri də «Gənclərin ürək sağlamlığı və qəfil ölüm hallarının profilaktikası üzrə Milli Proqram»ın hazırlanmasıdır.
Bu proqram çərçivəsində məktəblilər, tələbələr, gənc müəllimlər və digər risk qrupları üzrə profilaktik müayinələr aparıla, ürək xəstəliklərinin erkən aşkarlanması sistemi qurula, sağlam qidalanma və fiziki aktivlik təşviq edilə, qəfil ölüm hallarının vahid statistik bazası yaradıla bilər.
Eyni zamanda, ölüm hallarının səbəbləri barədə ictimaiyyətə müntəzəm və şəffaf məlumat verilməlidir.
Çünki bir tələbənin, bir müəllimin, bir gənc mütəxəssisin vaxtsız ölümü yalnız bir ailənin itkisi deyil. Bu, cəmiyyətin gələcəyindən, intellektual potensialından və insan kapitalından itkisidir.
Biz xəstələnəndən sonra müalicə olunmağı deyil, xəstələnməzdən əvvəl sağlamlığımızı qorumağı öyrənməliyik. Gənclərin sağlamlığının qorunması isə ailənin deyil, bütün cəmiyyətin və dövlətin məsuliyyətidir.
Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsui müxbiri