Müasir dünyada övladına bir neçə xarici dil öyrətmək arzusu hər bir valideyn üçün təbiidir. Lakin son illərdə Azərbaycan cəmiyyətində narahatlıq doğuran bir təmayül müşahidə olunur: uşaqların ibtidai təhsildən etibarən ana dili əvəzinə xarici dilli bölmələrə (xüsusən rus və ya ingilis) üstünlük verilərək yönəldilməsi. Zahirən "prestijli" və geniş perspektivli görünən bu seçim, əslində uşağın zehni, psixoloji və milli inkişafında dərin çatların yaranmasına səbəb olur.
Elmi tədqiqatlar göstərir ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, insanın düşünmə mexanizmidir. Uşaq dünyanı, riyazi məntiqi, mənəvi dəyərləri ilk növbədə, ana dilində dərk edir. Bünövrəsi sağlam olmayan, öz ana dilində tam formalaşmayan təfəkkürün üzərində qurulan xarici dil biliyi uşağı dərin analitik düşüncədən uzaqlaşdırıb səthi əzbərçiliyə yönəldir. Uşaq doğma dilində hisslərini, fikirlərini tam ifadə edə bilməyəndə, öz daxili dünyası ilə ətraf mühit arasında psixoloji ziddiyyət yaradır.
Ümummilli Lider Heydər Əliyev ana dilinin dövlətçilik və milli varlıq üçün nə dərəcədə müqəddəs olduğunu bu sözlərlə bəyan etmişdi: “Millətin milliliyini saxlayan onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”. Ulu Öndərin də vurğuladığı kimi, təhsilin ana dilində olması təkcə bir dərs prosesi deyil, milli kimliyin, azərbaycançılıq məfkurəsinin gələcək nəsillərə ötürülməsi məsələsidir. Öz dilində oxuyub-yazmayan, öz ədəbiyyatını, tarixini doğma dildə hisslərindən keçirməyən övladın gələcəkdə öz köklərinə bağlı bir vətəndaş kimi yetişməsi çətinləşir.
Məsələnin digər tərəfi isə xarici dil öyrənməyin metodikası ilə bağlıdır. Xarici dili öyrənmək zəruridir, lakin bu, ana dilinin hesabına baş verməməlidir. Prezident İlham Əliyev də dəfələrlə bu məsələnin strateji əhəmiyyətini qeyd edərək bildirmişdir: “Çox dil bilmək yaxşıdır, mən də bunun tərəfdarıyam. Amma biz öz dilimizi qorumalıyıq. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”. Dövlət başçısının bu xəbərdarlığı hər bir valideyn və pedaqoq üçün bələdçi olmalıdır. Uşaq öz ana dilini akademik səviyyədə, təmiz və səlis mənimsədikdən sonra ikinci və ya üçüncü dili çox daha rahat və keyfiyyətli şəkildə öyrənə bilir.
Nəticə etibarilə, uşağı orta məktəbdə ana dilində oxutmaq onu dünyadan təcrid etmək deyil, əksinə, ona dünyanı dərk etmək üçün sağlam bir kök, möhkəm bir özül verməkdir. Kökü öz torpağında və dilində olan ağac hər cür küləyə davam gətirdiyi kimi, ana dilində mükəmməl təhsil alan uşaq da gələcəkdə hansı xarici dili öyrənirsə öyrənsin, öz milli mənliyini korlamadan beynəlxalq aləmdə uğur qazana biləcəkdir.
Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,, ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA tv.az Xəbər Portalı baş direktorunun l müavini