Bəzən ölüm bir ömrün sonu deyil, mübarizənin əbədiyyətə qovuşduğu an olur. Əvəz Zeynallı bu dünyadan bir insan kimi köçmədi; o, ədalət, azad söz və bükülməz iradə simvolu kimi tarixin yaddaşına həkk olundu. Onu tanıyanların, birgə yol yürüyənlərin qəlbində o, sadəcə bir jurnalist deyil, canını millətinə və Vətəninə fəda etmiş həqiqi bir cəsarət mücəssəməsi, əsl qələm sahibi idi. O qələm ki ilıq söhbətlərdə də, kəskin tənqidlərdə də heç vaxt öz impulsunu dəyişməmişdi; indi isə sahibi ilə birlikdə sükuta qərq oldu. Elə onunla bugünkü vida mərasimi də təkcə bir insanın bu dünyadan köçməsinin deyil, həm də barışmaz bir qələmin sükuta qərq olmasının yanğısı idi.

Bizim tanışlığımız illər öncəyə — gənclik və tələbəlik dövrünə təsadüf edir. Hələ Türkiyədə təhsil aldığı o illərdə belə, onun baxışlarındakı qığılcım, qəlbindəki Vətən sevgisi fərqlənirdi. Bizi ümumi ideyalar, böyük arzular birləşdirirdi. Yadımdadır, orada "Böyük gələcək" adlı qəzet nəşr etdirirdi. Əvəz hələ o vaxtdan gələcəyin böyük söz sahibinin xəbərçisi idi. O zaman bizlərdən aldığı müsahibələr, yazdığı məqalələr sadəcə mətbuat səhifəsinə köçürülən cümlələr deyil, gələcəyə, azad sözə atılan inamlı addımlar idi.
Əvəz Zeynallı Azərbaycanı sadəcə sevmirdi, o, Azərbaycanla nəfəs alırdı. Bu sevgi onun hər yazısında, hər kəskin tənqidində, hər prinsipial duruşunda özünü büruzə verirdi. O, vicdanının səsini heç bir təzyiqə, heç bir mənfəətə satmadı. Əqidə dönməzliyi onun alın yazısı idi. Məhz buna görə də o, mənim gözümdə sıradan bir qələm sahibi deyil, öz cəbhəsində, sözün və həqiqətin uğrunda canını fəda edən şəhid jurnalistdir.
Həyatın ağır sınaqları, haqsızlıqlar və ən nəhayət, amansız xəstəlik də onun iradəsini sarsıda bilmədi. O, xəstəliklə də eynilə həyatdakı kimi — böyük bir inamla, məğrurcasına mübarizə apardı. Sona qədər təslim olmadı, sönmədi, sadəcə mübarizəsini başqa bir aləmə daşıdı.
Bu böyük itkinin kədəri hər birimizin qəlbini yandırsa da, ən ağır yük şübhəsiz ki, onun ən yaxın sirdaşlarının çiyinlərinə düşür. Bu çətin günlərdə onunla eyni amala xidmət edən, hər fırtınada yanında məğrur dayanan mərd və cəsarətli həyat yoldaşı Məlahət Qüsuriyə, eləcə də gözünün nuru olan qızlarına dərin hüznlə mətanət və sonsuz səbir diləyirəm.
Haqq və ədalət uğrunda döyünən o böyük qəlb əbədi bir hüzura qovuşdu. Ruhu şad, məkanı cənnət olsun.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti,
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA TV-nin direktoru