Cəmiyyətdə etimad və inamın bünövrəsi verilən sözə sadaqətdir. Xüsusilə bu söz dövlət adından çıxış edən, müəyyən səlahiyyət sahibi olan şəxsin — icra başçısının dilindən səslənirsə, onun çəkisi birə-beş artır. Lakin təəssüf ki, bəzi yerli icra hakimiyyəti rəhbərlərinin vətəndaşlarla görüşlərdə, qəbullarda böyük pafosla verdiyi şirin vədlərin sonradan kağız üzərində, ya da elə havadaca qalması adi hala çevrilməkdədir.
Verilən sözün dalında durmamaq təkcə fərdi məsuliyyətsizlik deyil; bu, insan psixologiyasına, idarəetmə zəncirinə və hüquqi qaydalara vurulan ciddi zərbədir.
Sadə insanlara və tabeçilikdə olanlara vəd verib tutmamağın fəsadları
İcra başçısının bir sözü sadə vətəndaş üçün bəzən aylarla, illərlə gözlənilən bir ümid işığıdır. Yolun çəkilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sosial yardımın təşkili və ya haqsızlığın aradan qaldırılması kimi gündəlik problemlərlə bağlı rəhbər şəxsin yanına gələn insan oradan "həll edəcəyik" vədi ilə ayrıldıqda, böyük bir inamla evinə dönür.
İnamın və sosial etimadın sarsılması hər bir vəzifə sahibi üçün vicdan məsələsi olmalıdır. İcra başçısı vədini yerinə yetirmədikdə, sadə vətəndaş təkcə konkret bir məmurdan deyil, ümumilikdə yerli idarəetmə institutundan soyuyur. Bu, cəmiyyətdə pessimizmə, sosial laqeydliyə və dövlət qurumlarına qarşı inamsızlığa gətirib çıxarır.
Aşağı pillə məmurlarının çətin vəziyyətdə qalır. İcra başçısının tabeçiliyində olan kiçik səlahiyyət sahibləri, yəni: nümayəndələr, bələdiyyə üzvləri, şöbə müdirləri və s. vətəndaşla birbaşa ünsiyyətdə olan tərəfdir. Rəhbərliyin verdiyi vədlər yerinə yetirilmədikdə, vətəndaşın narazılıq dalğası birbaşa həmin aşağı pillə əməkdaşlarının üzərinə tökülür. Bu da idarəetmədə xaos, tabelik münasibətlərində motivasiya düşkünlüyü və daxili narazılıq yaradır.
Digər tərəfdən bu vəziyyət mənəvi və psixoloji gərginliyə səbəb olur. Yerində sayan problemlər vətəndaşın gündəlik həyat keyfiyyətini aşağı salır, onu aidiyyəti qurumların qapısında çarəsiz duruma düşürür.
Bütün bu deyilənlər hər bir İcra Hakimiyyəti nümayəsindən məsuliyyət tələb edir, onları öz vəzifə borcuna qarşı vicdanlı olmağa səsləyir.
Rasafil Bayramov
ATA TV və İXA-nın təsisçi-baş direktoru