Bir gün insan əlindəki balta ilə ağaca yaxınlaşdı və onu kəsmək istədi. Elə həmin anda ağacın ruhu dilə gələrək insana dedi:
— Ey insan övladı, məni kəsmə. Mənim də ruhum və hissim var. Allah səni necə canlı yaradıbsa, məni də elə yaradıb. Mənim qollarımı doğrayaraq kəsmə. Nə olsun ki, mənim sənin kimi dilim, ağzım, qulağım və burnum yoxdur? Mən eşidirəm, duyuram və hiss edirəm. Mən də sənin kimi canlıyam. Yalnız görünüşümüz fərqlidir.
İnsan əlindəki baltanı saxlayaraq bir anlıq düşündü və dedi:
— Mən səni kəsməsəm, evimdə odun yanmaz. Mən səni satmasam, pul qazana bilmərəm. Mən səni kəsməsəm, məni bu işə məcbur edənlər məni cəzalandıra bilərlər.
Ağac yenə dilləndi:
— Ey insan övladı, bir anlıq özünü mənim yerimə qoy və düşün. Mən sənə kömək edirəm: zəhərli havanı uduram, təmiz hava verirəm. Suyun bol olmasına səbəb oluram, günün istisindən qoruyuram. Əgər məni kəssən, hava daha çox çirklənər, su qıtlığı artar və insanlar gələcəkdə çətinlik çəkərlər. Seçim sənindir: ya vicdanının səsini dinlə, ya da məni doğrayaraq qəlbimi incit. Ya məni qoruyaraq ömrümü uzat. Bir anlıq özünü mənim yerimə qoy. Əgər doğrudan da insan adını daşıyırsan, təbiəti qoru.
İnsan başını aşağı salaraq əlindəki baltaya baxdı. Lakin vicdanının səsini eşitmək istəmədi və birdən-birə ağacı amansızcasına doğradı. O anda ağacın kökü sanki dilə gəldi və dedi:
— Bu gün mənim qollarımı kəsdin. Sabah isə bəlkə də sənin əllərini kəsəcəklər. O zaman mənim çəkdiyim ağrının acısını anlayacaqsan.
Aynurə Ulduz “Atatv.az” saytının direktorun birinci müavini.