Vətən sevgisi insana sonradan öyrədilən sadə bir anlayış deyil. Bu sevgi ilk növbədə ailədə formalaşır, valideynin sözündə, davranışında, övladına verdiyi tərbiyədə özünü göstərir. Uşaq Vətəni sevməyi ilk olaraq kitabdan deyil, ailəsindən, böyüklərin Vətənə münasibətindən öyrənir.
Bir uşağın qarşısında Vətənin adını hörmətlə çəkən ata-ana varsa, həmin uşaq üçün Vətən anlayışı zaman keçdikcə daha böyük məna daşımağa başlayır. Bayrağa hörmət, dövlətə bağlılıq, xalqına sədaqət, milli dəyərlərə ehtiram məhz ailədə atılan ilk addımlardan başlayır.
Vətən sevgisi yalnız yüksək səslə “Vətəni sevirəm” demək deyil. Vətəni sevmək onun dilinə, tarixinə, mədəniyyətinə, torpağına, insanına hörmət etməkdir. Vətəni sevmək küçədə gördüyünə biganə qalmamaq, cəmiyyət qarşısında məsuliyyət hiss etmək, dövlət əmlakına sahib çıxmaq, qanunlara hörmət etmək, öz əməyinlə ölkənin inkişafına töhfə verməkdir.
Bu gün övladlarımızın Vətən anlayışını necə qəbul etməsi sabah cəmiyyətimizin necə formalaşacağını müəyyənləşdirəcək. Ona görə də Vətən sevgisinin təbliği yalnız məktəbin və ya dövlət qurumlarının vəzifəsi kimi qəbul edilməməlidir. Bu böyük məsuliyyətin ilk ünvanı ailədir.
Valideyn övladına Vətəni sevməyi öyrədərkən ona yalnız qəhrəmanlıq tarixindən danışmamalıdır. Eyni zamanda dürüst olmağı, zəhmətə hörmət etməyi, insanlara yaxşılıq etməyi, haqqı müdafiə etməyi və yaşadığı cəmiyyətə faydalı olmağı da aşılamalıdır. Çünki Vətən sevgisi həm də yaxşı insan olmaqdan başlayır.
Vətənə bağlı nəsil yetişdirmək üçün ilk növbədə Vətənə bağlı ailə, sağlam düşüncə və sağlam mənəvi mühit formalaşdırmaq lazımdır.
Bu baxımdan ailə, məktəb və cəmiyyət arasında mənəvi bir körpünün qurulması olduqca vacibdir. Uşağa deyilən hər söz, göstərilən hər davranış onun gələcək dünyagörüşündə iz buraxır. Əgər biz gələcəyin vətənpərvər, savadlı, məsuliyyətli və dövlətinə bağlı vətəndaşlarını görmək istəyiriksə, bu gün onların tərbiyəsinə daha ciddi yanaşmalıyıq.
Vətən sevgisi nümayiş üçün deyil, həyat tərzi üçün olmalıdır.
Vətən sevgisi yalnız çətin günlərdə xatırlanan bir hiss deyil. O, hər gün yaşadığımız, qoruduğumuz və gələcək nəsillərə ötürdüyümüz mənəvi dəyərdir.
Unutmayaq: Vətən sevgisi ailədə başlayır, təhsillə möhkəmlənir, cəmiyyətlə böyüyür və əməl ilə sübut olunur.
Gələcəyimizi sevən, Vətəninə bağlı, milli dəyərlərinə hörmət edən bir nəsil yetişdirmək hər birimizin borcudur.
Vətən bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Ona sevgi isə hər birimizin mənəvi məsuliyyətidir.
RASAFİL BAYRAMOV “Atatv.az” saytının təsisçi və baş direktoru